Sahibə Qafarova Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri ilə ikitərəfli əlaqələri müzakirə edib - FOTOLAR

2025/10/photo-1761750688.jpg
Oxunub: 347     18:47     29 Oktyabr 2025    
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının sədri Fayzali İdizoda ilə görüşüb.

Milli Məclisdən Ordu.az-a bildirilib ki, Fayzali İdizodanı Nümayəndələr Palatasının sədri seçilməsi münasibətilə təbrik edən spiker Sahibə Qafarova, Tacikistanın bu beynəlxalq konfransda yüksək səviyyədə iştirakına görə təşəkkür edib.

Görüşdə hər iki xalqı ortaq mədəni və mənəvi dəyərlərin birləşdirdiyi qeyd olunaraq, bu əlaqələrin daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Söhbət zamanı, Azərbaycan–Tacikistan arasında münasibətlərin qarşılıqlı anlaşma şəraitində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunaraq, bu münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında dövlət başçılarımızın xüsusi rolu vurğulanıb.

Qeyd olunub ki, ölkə başçılarının dövlətlərin və xalqların rifahı naminə həyata keçirdikləri uğurlu siyasət, eləcə də xalqlarımızın tam dəstəyi nəticəsində Azərbaycan–Tacikistan əlaqələri bu gün uğurla inkişaf edir.

Tərəflər parlamentlər arasında da əlaqələrin mövcud səviyyəsindən məmnunluqlarını ifadə ediblər.

Görüşdə Fayzali İdizoda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması münasibətilə təbriklərini çatdırıb. Milli Məclisin sədri Sahibə Qafarova Vaşinqtonda aparılan danışıqların və ümumilikdə normallaşma prosesinin region üçün əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Tacikistan   Azərbaycan  


Bizi "telegram"da izləyin