Dost-Düşmən Tanıma Sistemi: IFF Nədir?

2023/10/555-8488100615.jpg
Oxunub: 24334     15:38     19 Oktyabr 2023    
“Identification friend or foe” sözlərinin baş hərfləri ilə ifadə olunan IFF “dost və düşmən tanıma” deməkdir. IFF sistemi obyektin və ya varlığın dost, yoxsa düşmən olduğunu müəyyən etmək üçün istifadə olunan sistemdir.

Dost atəşi insidentlərinin qarşısının alınması və dost qüvvələrə təsadüfi hücum riskinin azaldılması hərbi əməliyyatların həlledici problemidir. IFF-in əsas prinsipi sorğulama sistemləri ilə potensial hədəflərə siqnal göndərərək, bu hədəflərin şəxsiyyətlərini, hündürlüklərini, GPS məkanlarını göstərən kod və ya siqnalla cavab verməsini təmin etməkdir.

Dost atəşi hadisələrinin qarşısını almaqla yanaşı, IFF sistemləri həm də komandirlərə və operatorlara mürəkkəb mühitlərdə çoxsaylı hədəfləri izləməyə və fərqləndirməyə imkan verən situasiya məlumatlılığını təkmilləşdirir.


IFF sistemləri zamanla təkamül keçib və tanıma üçün müxtəlif texnologiyalardan, o cümlədən radar, axtarıcılar, kriptoqrafik alqoritmlər və təhlükəsiz rabitə protokollarından istifadə edə bilir. Onlar təyyarələr, dəniz platformaları, quru platformaları və hətta fərdi hərbi qulluqçular də daxil olmaqla müxtəlif platformalara inteqrasiya oluna bilər.

Mülki sərnişin təyyarələrində yalnız transponderlər (cavablayıcı) var. Döyüş təyyarələrinin radarlarında əlavə olaraq “interrogator” (sorğulayıcı) da var və bu, davamlı olaraq “Sən kimsən? Sən kimsən?” şəklində sorğulama icra edir. O, hədəf təyyarənin radar əks-sədasını və transponderdən etdiyi yayımı götürərək qarşılaşdırır və tanıma yerinə yetirərək, monitorda göstərir. Hərbi IFF hər sorğuya cavab vermir. Sorğu müvafiq şəkildə (şifrələnmiş) soruşulmalıdır.

Xatırlamaq vacibdir ki, IFF sistemləri yüksək effektiv olsa da, onlar qüsursuz deyil və çətinliklərlə qarşılaşa bilər. Bunlar siqnalın qəsdən saxtalaşdırılması və ya manipulyasiyası, köhnəlmiş tanıma kodları, yaxud sistemin aparat və ya proqram təminatında nasazlıqlar ola bilər. Buna görə də operatorlar ehtiyatlı olmalı və əlavə tanıma və yoxlama üsullarından istifadə etməlidirlər. Çünki sorğulamaya uyğun olmayan cavabın alınması və ya cavab verilməməsi hədəfin işləyən axtarıcıya sahib olmaması ilə əlaqədar ola bilər. Bu, hədəfin düşmən olduğu anlamına gəlmir.


IFF sisteminin işləməsi əsasən dörd mərhələdən ibarətdir:

1) Sorğulama: Sorğulama siqnalı radar və ya radio dalğaları kimi elektromaqnit dalğaları şəklində göndərilir. Bu siqnal müəyyən tanıma kodlarını ehtiva edir.

2) Cavab: Əgər hədəf obyekt IFF sistemi ilə təchiz olunubsa, sorğu siqnalını alır və cavab siqnalı yaradır. Cavab siqnalı varlığın kimliyi və statusu haqqında məlumatları ehtiva edir.

3) Tanıma: Cavab siqnalını qəbul edən IFF sistemi içindəki məlumatları təhlil edir. Sistemin alqoritmləri qəbul edilən kodu və ya parametrləri verilənlər bazasında saxlanılan məlum tanıma kodları ilə müqayisə edir. Bu müqayisə əsasında sistem hədəfin dost, neytral və ya potensial düşmən olduğunu müəyyən edir.

4) Görüntüləmə: Tanıma prosesinin nəticəsi operatora monitorda göstərilir və ya komanda-nəzarət sistemləri kimi digər sistemlərlə inteqrasiya olunur.


IFF rejimləri

5 fərqli IFF rejimi var.

Rejim 1: Yalnız hərbi istifadə; təyyarənin tipini və missiyasını müəyyən edir.

Rejim 2: Yalnız hərbi istifadə; bort nömrəsini və ya vahid kodunu müəyyən edir.

Rejim 3/A/C/S: Mülki və hərbi istifadə; hava nəqliyyatı nəzarətçisi tərəfindən təyyarəyə verilən kimlik kodu. Şifrəsizdir.

Rejim 4: Yalnız hərbi; dost və düşməni aşkar etmək üçün istifadə edilən təhlükəsiz və şifrəli rejimdir.

Rejim 5: Yalnız hərbi; GPS yerini və şifrələnmiş bir neçə digər məlumatı müəyyən edir.

Rejim 4 və 5 NATO qüvvələrinin istifadəsi üçün nəzərdə tutulub. Mövcud olan ən müasir və təkmil IFF sistemi “Mark” XIIA-dır və “Rejim 5” onun ən yeni tətbiqidir.



Şəkildə F-16 “Fighting Falcon” təyyarəsinin IFF antenaları qırmızı qutu ilə göstərilib. F-16 “Blok 70”də daha müasir “BAE Systems” AN/APX-126 IFF Sisteminin istifadə olunmasına keçid edilib.

Türkiyə və yerli IFF

Türkiyədə yerli IFF sisteminin inkişaf etdirilməsi ilə bağlı araşdırmalar ASELSAN tərəfindən həyata keçirilir. Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) ilə ASELSAN arasında 2018-ci ildə imzalanan Dost-Düşmən Tanıma-Tanıtma Sistemi “Rejim 5” (IFF) Tədarük və Layihə Müqaviləsi çərçivəsində ölkənin Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının inventarında olan F-16 “Blok 30TM” təyyarələrinə ASELSAN istehsalı olan IFF Rejim 5 cihazlarının inteqrasiya fəaliyyətlərinə başlanılıb.

Eyni zamanda, ASELSAN tərəfindən hazırlanan IFF Rejim 5/S Dəniz Platformalarının İnteqrasiyası Layihəsi çərçivəsində inteqrasiya və qəbul fəaliyyətləri davam edir. Bu çərçivədə “Yavuz” sinfinə məxsus freqatlar, “Kılıç-II” sinfinə məxsus hücum katerləri və “Tuzla” sinfinə məxsus patrul gəmilərində liman və dəniz qəbul sınaqları uğurla tamamlanıb.

IFF Rejim 5/S əvvəlki rejimlərə görə daha uzun mənzildən sorğulama, dinləmə, qarışdırma və aldatmaya qarşı artırılmış müqavimət, yüksək tanıma qabiliyyəti və milli kripto cihazından istifadə kimi xüsusiyyətlərlə üstünlüklər təmin edir.

Şəhər əfsanəsi: Dost hesab edilən təyyarə vurula bilərmi?

Bəli. İstənilən halda dost hesab edilən döyüş təyyarələri də vurula bilər. İstənilən təyyarədən hər bir təyyarəyə atəş açıla, raket atıla bilər.


Yanlış tanıma qurbanları: sərnişin təyyarələri

2020-ci yanvarın 8-də İranda İnqilab Keşikçiləri Korpusu tərəfindən paytaxt Tehranda 2 raketlə vurulan Ukrayna sərnişin təyyarəsində 176 nəfər həyatını itirib. Təyyarə havaya qalxdıqdan 3 dəqiqə sonra raketlə vurulub. O, 24 saniyədən sonra yenidən ikinci raketlə vurulub. İran Ukrayna təyyarəsinin səhvən vurulduğunu etiraf edib.

2020-ci il yanvarın 3-də ABŞ İraqın paytaxtı Bağdadda İranın xarici əməliyyatlara cavabdeh hərbi qolu olan Qüds Qüvvələrinin komandanı general Qasım Süleymanini qətlə yetirib.

İran buna cavab olaraq, Süleymaninin öldürüldüyü vaxt, yanvarın 8-nə keçən gecə ABŞ-nin İraqdakı Ayn əl-Əsəd aviabazasını onlarla ballistik raketlə vurub. İran hücumda ən azı 80 ABŞ hərbi qulluqçusunun öldüyünü iddia edib. ABŞ bu iddianı təkzib edib və hərbi qulluqçularından heç birinin xəsarət almadığını açıqlayıb.

İran ordusu ABŞ-nin mümkün hücumlarına qarşı hazır vəziyyətə keçdi. Lakin hava məkanını mülki təyyarələr üçün bağlamadı.

2014-cü ildə daha bir oxşar vurulma hadisəsi baş verib...

2014-cü il iyulun 7-də Amsterdam Şiphol Hava Limanından Kuala-Lumpur Beynəlxalq Hava Limanına gedən, “Malaysia Airlines”a məxsus olan 9M-MRD bort nömrəli “Boeing 777-200ER” təyyarəsinin Rusiya sərhədindən 60 kilometr məsafədə yerləşən Ukraynanın Donetsk vilayətinə düşməsi nəticəsində 298 nəfər həyatını itirib.

Rusiyanın “Interfax” xəbər agentliyi təyyarənin Ukrayna hava məkanında 10.000 metr (33.000 fut) yüksəklikdə olarkən BUK tipli “yer-hava” raketi ilə vurulduğunu açıqlayıb. Daha sonra 2015-ci ilin oktyabrında Niderland Uçuş Təhlükəsizliyi Təşkilatı təyyarənin BUK raketi ilə vurulduğunu təsdiqləyib. Niderlandda aparılan işdə məhkəmə təyyarənin vurulmasına görə 2 rus və 1 ukraynalıya ömürlük həbs cəzası verib.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin