Putin-Tramp görüşünün nəticələri: Top kimdədir?

2018/07/37249602_1745736142211664_8230366063192178688_n_1531813256.png
Oxunub: 4205     15:59     17 İyul 2018    
ABŞ və Rusiya prezidentlərinin son tammiqyaslı görüşündən 10 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Finlandiyanın paytaxtı Helsinkidə təşkil edilən görüşün dünya siyasi səhnəsində bəzi məsələlərə aydınlıq gətirəcəyinə az da olsa ümid var idi.

Əvvəlcə qeyd etmək lazımdır ki, hər iki lideri Finlandiya ictimaiyyəti 13 müxtəlif etiraz aksiyası ilə qarşılayıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində, görüşün keçirilməsilə əlaqədar Helsinki şəhərinin mərkəzi yollarında ilk dəfə kanalizasiya quyularının qapaqlarının qaynaq edildiyinin şahidi olduq. Təbii ki, bu gürüşdə prezidentlər bəlli bir razılaşmalar əldə edə bilərdilər. Rusiya tərəfinin qəbul etdiyi öhdəliklərin, yanlış olsa belə yerinə yetirilməsində adətən heç bir zaman problem yaranmır. ABŞ prezidentinin qəbul etdiyi qərarlar isə mütləq Konqresdə təsdiqini tapmalıdır, biz isə tez-tez bunun əksi ilə qarşılaşırıq.

ABŞ və Rusiya prezidentlərinin yalnız tərcüməçilərin iştirakı ilə təkbətək görüşünə paralel olaraq, Xarici İşlər naziri Lavrov və Dövlət katibi Pompeo arasında ilk dəfə baş tutan görüş də başladı. Bu görüşdə Rusiyanın Vaşinqtondakı şəfiri Anatoli Antonov və ABŞ-ın Moskvadakı diplomatik nümayəndəliyinin rəhbəri Con Xantsman da iştirak etdi.

Prezidentlərin görüş keçirəcəyi zalda amerikalı məsləhətçi Con Boltonun görünməsi də maraq doğurdu.

Göüşdən az əvvəl Türkiyə prezidenti R.T.Ərdoğan ABŞ prezidenti ilə baş tutan danışıqda, Helsinki görüşünün vacibliyini qeyd edərək onlara müvəffəqiyyətlər arzu edib. Hər iki prezident Suriyadakı vəziyyəti və Münbicdə tətbiq ediləcək yol xəritəsini müzakirə edərək, gələcəkdə də əməkdaşlığı davam etdirməyi qərara alıblar. Deməli, Trampın görüşdə Suriya məsələsində Türkiyənin də mövqeyini nəzərə alacağı dəqiqləşdi.

Yüksək səviyyəli görüşün əvvəlində Tramp Putini futbol üzrə 2018-ci il Dünya Çempionatını uğurla keçirdiklərinə görə təbrik etdi. Putin isə müzakirə ediləcək mövzular arasında ticari, hərbi və nüvə məsələlərinin, həmçinin Çin ilə münasibətlərin yer alacağının anonsunu verdi.

1 saat yarım planlaşdırılan görüş iki saatdan çox çəkdi. Sonradan görüşə nümayəndə heyətlərinin digər üzvləri də qatıldı. Formal diplomatik qaydalara əsasən ev sahibinin kim olduğu bəlli olmayan görüş səhər yeməyi formatında keçirildiyi üçün jurnalistlər üçün də qapalı oldu. Görüşün sonunda gözlənilən birgə bəyanat imzalanmadı.

Təbii ki, heç kim, hətta görüşən ölkə rəhbərləri də bu görüşdən ciddi nəticələr gözləmirdilər. Çünki, Rusiya və ABŞ liderlərinin son tammiqyaslı görüşü 9 il əvvəl, yəni 2009-cu ilin yayında baş verib. ABŞ prezidenti Barak Obama Kremldə Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən qəbul edilib.

Putin isə Obama ilə yalnız beynəlxalq tədbirlərdə görüşüb. 2005-ci ildə ABŞ prezidenti Corc Buş ilə Putin arasında tammiqyaslı görüş keçirilib. 2008-ci ildə daha bir görüş keçirilib, lakin onu tammiqyaslı adlandırmaq olmazdı. Çünki hər iki prezidentin səlahiyyət müddəti başa çatırdı. Bu 9 il ərzində iki ölkə arasında yaranan gərgin münasibətlərini bir görüşlə aradan qaldırmaq qeyri-mümkündür. Lakin müəyyən dialoq kanallarının açıq saxlanılması və konstruktiv əməkdaşlıq əlaqələrinin bərpası istiqamətində addımlar gözlənilən idi.

Bərbad olan münasibətlərin yaxşılaşdırılması üçün çoxlarının gözlədiyi bu görüşdən sonra Putin və Tramp hər hansı bir öhdəlik qəbul etmədilər, konkret sənəd imzalamadılar, birgə bəyanat belə vermədilər. ABŞ prezidenti ilə münasibətlərin daha dramatik, əslində müharibə vəziyyətində olduğu Şimali Koreya prezidenti arasında ilk görüşdə belə birgə bəyanat imzalandı.

Burda isə nə şifahi, nə də yazılı heç bir sənəd razılaşdırılmadı. Mətbuat konfransında verilən suallara əllərində tutduqları vərəqdən oxuyaraq verdikləri cavablar da çox az adamı qane etdi. Trampın çıxışını və verdiyi cavabları ABŞ-da dərhal məğlubiyyət və biabırçılıq kimi dəyərləndirdilər. Onsuz da həm NATO, həm Aİ, həm Almaniya, həm Çin, həm də Rusiya ilə münasibətləri eyni zamanda korlamağa nail olan Tramp istənilən halda yaxın perspektivdə həm daxildə, həm də xaricdə tənqid atəşindən çətin ki, qurtula bilsin.

Tərəflər arasında yalnız Suriya məsələsində müəyyən razılıq əldə edildiyini, Trampın dili ilə desək, “hərbçilərin siyasətçilərdən daha yaxşı anlaşdıqlarını” deyə bilərik. Putin isə jurnalistlərin Suriya ilə bağlı müzakirələrdə topun Rusiyada olub-olmadığına dair verilən suallarına cavab olaraq DÇ-2018-in rəsmi topunu həmkarı Trampa verərək “indi də top ABŞ-dadır” cavabını verdi.

Hər iki prezident, ABŞ-ın prezident seçkilərində aralarında “razılaşma” olması ilə bağlı iddiaları, o zaman bir-birilərini tanımadıqları ilə əsaslandıraraq təkzib etdilər.

Yekun olaraq demək olar ki, Rusiyanın Ukrayna məsələsində, ABŞ-ın isə sanksiya məsələsində geri addım atmayacağı gözlənilirdi və belə də oldu. İran və Əfqanıstan problemlərində də irəliləyiş hiss edilmədi. Çin məsələsi isə onsuz da burda həll ediləsi məsələ deyil.

Əvvəli qarşılıqlı təriflərlə bol olan görüşdə Putinin jurnalistlərə ünvanladığı “Niyə siz hesab edirsiniz ki, biz bir-birimizə etibar edirik” sualı bu toplantının abu-havasını çox sayda analizdən daha yaxşı ifadə etdi. Doğrudan da dünya nüvə potensialının 90%-nə sahib dünya nəhənglərinin liderləri bir-birinə etibar etmirsə, deməli həqiqətən də vəziyyət ürəkaçan deyil. Dövlət maraqları rəqib olmağı tələb edə bilər. Lakin etibar yoxdursa, o dünya, o gələcək, o həyat heç kimə lazım deyil. Keçmiş ABŞ prezidentliyinə namizəd, senator Con Makkeyn isə Trampa Putin tərəfindən hədiyyə edilən DÇ-2018 topunu Ağ Evə gətirməməyi məsləhət gördü.

Kimsə bu etibarsız dünyadan çıxış yolunu soruşsa, yalnız bir variant qalır - gedin İqor Aşurbəylinin “Asqardiya” kosmik dövlətinə müraciət edin. Hələlik oralar daha təhlükəsiz görünür.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: ABŞ   Rusiya   Helsinki-Sammiti  

Putin-Tramp görüşünün nəticələri: Top kimdədir?

2018/07/37249602_1745736142211664_8230366063192178688_n_1531813256.png
Oxunub: 4206     15:59     17 İyul 2018    