"KADEX-2018": Qazaxıstanda kəskin fırtına və gələcəyin əsgəri – NƏTİCƏLƏR

2018/05/234_1527489684.jpg
Oxunub: 3464     14:37     28 May 2018    
Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi və "Kazspetsexport" Respublika Dövlət Müəssisəsi may ayının 23-dən 26-na qədər "KADEX-2018" (KAZAKHSTAN DEFENCE EXPO) 5-ci Beynəlxalq Silahlar və Hərbi Avadanlıqlar sərgisini təşkil etdi.

Astana hava limanının hərbi bölməsində keçirilən sərginin eksponatları 16.000 kv.m ümumi sahəyə malik 10 pavilyonda və açıq ərazidə yerləşdirildi. İlk günlər qeyri-sabit iqlim şəraiti, müəyyən qədər sərgi təşkilatçılarının işinə mənfi təsir göstərsə də sonradan vəziyyət nisbətən sabitləşdi.

Dünyanın hərbi texnika istehsal edən 300-dən çox şirkəti "KADEX-2018" sərgisində öz məhsullarını təqdim etdi. Sərgi bu gün üçün Mərkəzi Asiya regionunda baş tutan əsas tədbirlərdən biri oldu.

"KADEX-2018" sərgisinə isə bu il 80 ölkədən təxminən 100 rəsmi nümayəndə heyəti qatıldı.


Qazaxıstan Respublikasının Müdafiə və Aerokosmik Sənaye Nazirliyi bu il ilk dəfə "KADEX" sərgisinə təşkilatçılıq etdi. Sərgidə çox sayda yerli və dünya istehsalçılarınınsilah və hərbi texnikaları təqdim edildi. "KADEX-2018" ziyarətçiləri hərbi-sənaye kompleksinin son nailiyyətləri və gələcək inkişafı ilə tanış oldular. Qazaxıstan Respublikası Müdafiə və Aerokosmik Sənayesi Nazirliyi, Astananın 20 illiyinə həsr olunan yubiley sərgisini yenilənən formatda keçirdi. "KADEX-2018"də ilk dəfə yerli və dünya kosmonavtika nailiyyətlərinə həsr olunan ayrıca böyük bir pavilyon təqdim olundu. Dünyada ilk dəfə kosmonavtika məhsulları "KADEX-2018" sərgisində nümayiş olunaraq dünya ilkinə imza atdı. "Qazaxıstanda Kosmos Günləri" illik beynəlxalq forumu da sərgi çərçivəsində uğurla baş tutdu.

"KADEX-2018" sərgisinin tematik bölmələri aşağıdakılardan ibarət oldu:
- Aviasiya avadanlıqları;
- Kosmik texnologiyalar;
- Ordu və Donanmanın silah, texnikası;
- Hava Hücumundan Müdafiə Sistemləri və vasitələri;
- Qoşunların texniki təminat dəstəyi;
- İT texnologiyaları, sistemləri və rabitə vasitələri;
- PUA və hərbi sahədə robot texnikası;
- Hərbi sahədə alternativ enerji mənbələri.


Sərginin açılış mərasimini həyata keçirən ölkə prezidenti Nursultan Nazarbayev tədbirdə çıxış etdi. "Kazkosmos"un 25 illiyinə həsr olunan poçt markası, "KADEX-2018" emblemli zərfin üzərində təqdim edildi. Hər kəs bir xatirə markası və bir ədəd poçt möhürlü zərf əldə etdi.

Əvvəlki illərlə müqayisədə bu sərgi həm iştirak edən şirkətlərin, həm də ziyarətçilərin sayına görə əvvəlki sərgilərdən daha zəngin oldu. Sərginin miqyası həm ziyarətçiləri, həm də müdafiə sənayesi müəssisələrinin nümayəndələrini təəccübləndirə bildi. 28 yaxın və uzaq xarici ölkədən 300-dən artıq şirkət tərəfindən hərbi təyinatlı məhsullar nümayiş etdirildi. Sərgidə Türkiyə, ABŞ, Belçika, Belarus, Bolqarıstan, Braziliya, Almaniya, İsrail, Hindistan, İspaniya, İtaliya, Çin, Rusiya və s. kimi ölkələr daha geniş təmsil olunurdu.

Təqdim edilən müasir tanklar, son nəsil zirehli personal daşıyıcıları, çoxməqsədli helikopterlər, kosmik avadanlıqlar, HHM vasitələri, RƏM qurğuları, mühafizə vasitələri, ağıllı raketlər, artilleriya sistemləri, atıcı silahlar, peyk rabitə sistemləıri və s. peşəkarları belə heyrətləndirdi. Sərgidə ümumilikdə pavilyon sayı 10-a qədər artırıldı. Bu il ənənəvi eksponatlara informasiya kibertəhlükəsizliyi və kosmik sənaye nailiyyətlərindən ibarət son nümunələri də əlavə edildi. Tək kosmik fəaliyyət sahəsində əməkdaşlığı gücləndirmək üçün təxminən 50 memorandum və müqavilə imzalandı.

Əsas diqqət sərginin biznes hissəsinə yönəldi. Burada çoxsayda plenar iclas və sessiyalar, konfranslar, "dəyirmi masa" keçirildi ki, bu da müasir mərhələdə bütün ölkə mütəxəssislərinin cari müdafiə və təhlükəsizlik məsələləri üzrə, dünya kosmik sahəsinin inkişafına dair fikir mübadiləsi aparmaq, eləcə də kiber təhlükəsizlik problemlərini müzakirə etmək üçün geniş şərait yaratdı.


"Kiber and Digital Security" və "Advanced Def Tech" konfransları müxtəlif ölkələrin mütəxəssisləri və ekspertlərinin hərbi texniki əməkdaşlıq, kosmik fəaliyyət, informasiya təhlükəsizliyi və müdafiə sənayesinin aktual məsələlərini müzakirə edəcək əsas dialoq platformalarından biri oldu. Sərginin ilk iki günü peşəkarlar üçün nəzərdə tutuldu, ictimaiyyət isə "KADEX-2018" sərgisini 25-26 may tarixlərində ziyarət edəbildilər.

Qazaxıstan Silahlı Qüvvələrinin inkişafını iqtisadiyyatın, xüsusilə də hərbi-sənaye kompleksinin inkişafı olmadan təsəvvür etmək mümkün deyil. Qazaxıstan hərbi-sənaye kompleksi hazırda ən sürətlə inkişaf edən sahələrdən biri kimi nəzərdən keçirilir.

Qazaxıstan ilə Türkiyə ikitərəfli əməkdaşlıq kontekstində bu günə qədər hərbi kommunikasiya sistemləri, görüntüləmə sistemləri, silahlar, döyüş sursatı, atəşi idarəetmə sistemləri və zirehli avtomobil layihələri həyata keçirməkdədir. Hazırkı əməkdaşlığın hava platformaları və hərbi təhsil infrastrukturları kimi istiqamətlərdə inkişaf etməsi də gözlənilir. Bundan əlavə, 2011-ci ildə Qazaxıstan Mühəndislik Şirkəti, ASELSAN və SSM şirkətinin iştirakı ilə yaradılan KAE (Qazaxıstan ASELSAN Engineering) şirkəti silah modulları, hərbi görüntü sistemləri və digər silah sistemləri sahəsində fəaliyyətini uğurla davam etdirir.

Hazırda Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin "Kazspetsexport" Respublika Dövlət Müəssisəsinin tərkibinə daxil olan təşkilat və müəssisələr, eləcə də əməkdaşlıq edən özəl şirkətlər aşağıdakı istehsal layihələrini uğurla həyata keçirir:

- Reaktiv yaylım atəşi sistemləri;
- Özüyeriyən minaatanlar;
- Təkərli zirehli nəqliyyat vasitələri;
- 12.7 mm və 30 mm 2A42 döyüş modulları;
- Radiolokasiya stansiyaları;
- "KamAZ" yük maşınları;
- Kiçik atıcı silahlar və onlar üçün sursatlar;
- Yüksək dəqiqlikli raketlər;
- Müxtəlif çaplı artilleriya mərmiləri;
- KB və VHF diapazonlu taktiki səviyyəli radiostansiyalar;
- Robot texnikası;
- "Gələcəyin əsgərləri" avadanlıqları, ekzoskelet, zərbə əleyhinə geyimlər;
- Optik cihazlar;
- Şlemlərin və şəxsi mühafizə avadanlıqlarının hazırlanması;
- Aviasiya avadanlığı və PUA-lar, kvadrokopterlər;
- Zirehli nəqliyyat vasitələri üçün mühərriklərin yığılması.


Adları çəkilən kateqoriyalara daxil olan Qazaxıstan məhsullarının sərginin əsasını təşkil etməsi əslində gözlənilən idi. Sərgiyə ev sahibliyi edən Qazaxıstan hərbi təyinatlı məhsulları barədə bir az ərtaflı məlumat vermək istəyirəm.

Sərgidə təqdim edilən Qazaxıstan istehsalı olan müxtəlif təyinatlı zirehli avtomobillərin hazırlanması tam sürəti ilə davam edir. İstehsal edilən maşınlar bir sıra digər ölkələrin arsenalında da yer alır. Zavodun işə salınması müdafiə sənayesi kompleksinin potensialını yüksəltmək və hərbi-texniki təhlükəsizliyin səviyyəsini artırmaq istiqamətində Qazaxıstanın atdığı ciddi addımlardan bir hesab olunur. Birgə müəssisənin yaratdığı zirehli avtomobillər öz sinfində ən yaxşılardan biridir, çox yüksək xüsusiyyətlərə malikdir və mina təhlükəsizliyi mövcud olan son standartlara uyğundur. Dünyada silahların hazırlanmasında mövcud tendensiyaları nəzərə alarsaq, bu cür avadanlıqların istehsalı müstəqil Qazaxıstanın müdafiə-sənaye kompleksinin formalaşması prosesində yeni bir mərhələdir. 2018-ci ildə zavodun planlaşdırılan zirehli avtomobil istehsal gücü ildə 120 ədəd olsa da, zəruri hallarda bu 300 ədədə qədər artırıla bilər.

Sərgidə böyük marağa səbəb olan "Arlan" zirehli vasitələrinin 60 ədədi Qazaxıstan təhlükəsizlik qüvvələrində artıq ikinci ildir ki, fəal şəkildə istismar edilir və ümumilikdə çox yaxşı nəticələr göstərir. Ən azından Müdafiə Nazirliyinin mütəxəssisləri bu barədə müsbət rəy bildirirlər. Bu il ərzində əlavə 30 ədəd "Arlan" Quru Qoşunlarına təhvil veriləcək. "Arlan"nın silahlanmasında 12.7 mm iri çaplı pulemyotla yanaşı, 7.62 mm PKT tank pulemyotu da yer alır. Maşının çəkisi 16 ton, daşıdığı heyət isə 10 nəfərdir. 100 km/saat maksimum sürətə malik olan ZPD -50⁰ С dən +50⁰ С- yə qədər temperatur diapazonunda istismar edilə bilər.

Qazaxıstan Mühəndislik Şirkəti və Cənubi Afrikanın "Paramount Group"un birgə layihəsi olan "Kazakhstan Paramount Engineering" lisenziyalı müəssisəsi zirehli təkərli nəqliyyat vasitələrinin yeni modelini hazırlayıb. İlk dəfə bu maşının prototipi 2016-cı ildə "KADEX" silah və hərbi texnika sərgisində təqdim edilib. Sərgi iştirakçılarının diqqətini cəlb edən yeni 6х6 təkərli formalı "Barıs" zirehli vasitəsi artıq qış sınaqlarından keçib və ordudakı köhnə Sovet istehsalı olan zirehli vasitələri əvəz etməyə başlayıb.


"Barıs" ZPD-nin silah modulu "Qazaxıstan Aselsan Engineering" tərəfindən hazırlanır. Artıq bir ildir ki, yeni "Barıs" 8x8 də sınaqdan keçirilir. Əvvəlki sərgidən fərqli olaraq, vasitə başqa bir silah modulu ilə təqdim ediləcək. Zirehli vasitə hazırda tamamilə yenidən təchiz edilib. Rusiyanın "Uralvagonzavod" zavodunun istehsalı olan 57 mm avtomatik top yerli istehsal olan 30-mm 2A42 ilə əvəz edilib. Ümumiyyətlə, yeni platformada Qazaxıstan hərbçilərinin bütün istəkləri nəzərə alınıb. Kompleksdə quraşdırılan lazer məsafəölçəni, termal və optik kameralar bəzi yüngül sığınacaqlarda olsa belə düşməni, ondan daha əvvəl aşkar etməyə imkan verir.

Digər təqdim olunan yerli istehsal vasitəsi 2019-cu ildə Quru Qoşunlarının silahlandmasına qəbul ediləcək dörd təkərli "Alan" ("Sand Kat" kimi tanıdığımız) zirehli personal daşıyıcısıdır. Vasitənin bu il Qazaxıstan Dövlət Mühafizə Xidməti tərəfindən silahlanmaya qəbul ediləcəyi dəqiqləşib.

Təqdim ediləm yeni 122 mm "Altar" özüyeriyən minaatanı 1500- 8000 metr məsafədə atəş açaraq hədəflərə zərbə endirə bilir, mərmilərin minaatana yerləşdirilməsi avtomatik doldurucu mexanizmlə həyata keçirilir, avtonom rejimdə idarə olunur, atəş açmaq üçün ballistik məlumatlar interfeys vasitəsilə məsafədən daxil edilir.

Diqqət çəkən pavilyonlardan biri "Gələcəyin Əsgəri" pavilyonu və orada nümayiş etdirilən eksponatlar idi. Mühafizə geyim dəstləri, monokulyar gecəgörmə vasitələri, termal görüntü cihazları, yeni nəsil nişangahlar, görüntülü rabitə vasitələri, xüsusi fərdi planşetlər, GPS naviqatorlar, kameralı dəbilqələr və s. artıq gələcək əsgərlərin standart təminatına daxil edilməyə başlanıb.


Digər bir yenilik KAE tərəfindən istehsal edilən, bizə yaxşı tanış olan, Qazaxıstanda geniş istifadə edilən universal "Saar-72" döyüş moduludur. "Arlan"nın silahlanmasında istifadə edilən bu modulda 12.7 mm iri çaplı pulemyot və 7.62 mm PKT tank pulemyotu ilə yanaşı, gecə-gündüz rejimində fəaliyyət göstərən nişangah, termal kamera və lazer məsafəölçəni də quraşdırılıb. Belə bir döyüş modulu istənilən zirehli texnikanın döyüş imkanlarını artırmağa qadirdir.

Elektron optik cihazlar arasında məsafədən idarə olunan, 20 km məsafədə müşahidə aparan, məlumatları ötürən, gecə-gündüz rejimində fəaliyyət göstərən, lazer tipli hədəf göstərən və məsafəölçənə malik olan sabit "Falkanay" və daşınan "Çolpanay" modelləri də təqdim edildi.

Daha maraqlı layihələrdən biri də gələcəkdə döyüş meydanında silahlı əsgəri əvəz edəcək "Qarakurt" kəşfiyyat döyüş robotu idi. Robot avtomatik rejimdə silahlı insanı düşmən kimi tanıyır və dərhal onu hədəfə alır. Yeni kəşfiyyat atəş kompleksinin özünün hədəfləri aşkar etməsi və onların məhv edilməsinə dair müstəqil qərar qəbul etməsi artıq süni intellekt mövzusuna aiddir. Bu sistemi özüm də şəxsən qavrmaqda çətinlik çəkirəm.

Digər diqqət çəkən yenilik isə Qazaxıstanın Almaniyadan alınan metal xammaldan optik nişangahlarda, termal kameralarda, lazer nişangahlarda və digər cihazlarda istifadə edilən 47 % istilik buraxma qabiliyyətinə malik keyfiyyətli linzaların emal, pardaxlama və xüsusi materiallarla örtülməsindən ibarət istehsal prosesini tam mənimsəməsi idi.

Qazaxıstan zirehli texnikalarının elektrooptikasını modernləşdirmək məqsədilə sərgi çərçivəsində İsrailin "Opgal" şirkəti ilə "Semey Engeenering" şirkəti ilə müqavilə imzalanıb. Müqavilə çərçivəsində Qazaxıstan ordusunun tank, BMP və BTR markalı köhnə zirehli texnikalarının optik elektron vasitələri modernləşdiriləcək.


Bir az da sərgidə geniş heyətlə təmsil olunan Türkiyə və Rusiyanın təqdim etdiyi hərbi məmulatlara nəzər salaq.

Keçirilən sərgiyə Türkiyə 22 şirkət və təşkilat ilə qatılıb. Onların arasında müdafiə və aviasiya sənayesi üstünlük təşkil edirdi.

"Türk Havacılık ve Uzay Sanayi AŞ" (TUSAŞ/TAI) şirkəti də məhsullarını "KADEX-2018"də üçüncü dəfə nümayiş etdirirdi. Sərgidə "Anka" PUA-sı, T-129 hücum və taktiki kəşfiyyat helokopteri, "Hürkuş" yeni nəsil əsas təlim təyyarəsi, yeni qıqrıcı layihəsi və T625 çoxməqsədli helikopter modelləri nümayiş etdirildi.

"Otokar" şirkəti Müdafiə Sənayesi Müşavirliyinin tərkibində Türkiyəni COBRA II, ARMA 8 × 8 və URAL təkərli, zirehli vasitələrlə təmsil edirdi.

Bu gün "Otokar" şirkətinin istehsal etdiyi 30000-dən çox hərbi nəqliyyat vasitəsi Qazaxıstan ordusu da daxil olmaqla, 5 qitədə 50-dən çox ölkənin silahlanmasında yer alır. Sərgi çərçivəsində müəyyən müqavilələrin bağlanmasını ehtimal edirik.

Rusiya isə bu ilki sərgidə "Rosoboronexport"AC tərəfindən 300-dən çox silah və texnika nümunələri ilə təmsil olunub. 11 holdinq və 18 müəssisə Rusiya ekspozisiyasının tərkib hissəsini təşkil edirdi. Bu dəfə Rusiya istehsalçıları sərginin quru qoşunları bölməsində "BT- 3F" ZPD, "Tiqr-M" xüsusi təyinatlı avtmobilini, BMPT "Terminator" tankların döyüş dəstəyi maşınını, "Ural-4320" və "Ural-432009" markalı avtomobillərini təqdim etdi.


HHQ pavilyonunda Su-30 SM, MiQ- 35 qırıcıları, Yak-130, Yak- 152 döyüş təlim təyyarəsi, İl-112, İl- 114, İl-76MD-90AE hərbi nəqliyyat təyyarəsi, Mi-28NE, Mi-35M, Mi-38T və Mi-171Ş hərbi nəqliyyat helikopteri, həmçinin Ka-226T helikopteri təqdim edildi. İl-76MD-90AE hərbi nəqliyyat təyyarəsi ictimaiyyətə ilk dəfə sərgi çərçivəsində təqdim edildi. Bundan əlavə, sərgidə Rusiyanın "Orlan-10E" və yeni "Orion-E" PUA-ları da marağa səbəb oldu.

HDQ sahəsində təqdim edilən yeniliklər arasında 22800E layihəli "Karakurt-E" və 21635.1 layihəli "Sarsar" kiçik raket gəmilərin maketləri də yer alırdı.


HHM və REM sistemlərin pavilyonunda "Rezonans-NE" uzun mənzilli aşkaretmə RLS-i, zenit-raket kompleksləri "Buk-M2E", "Tor-M2E" və "Pantsir-C1" ZRK təqdim olundu. "Almaz- Antey" konserni sərgidə S-400 "Triumf", S-300BM "Antey-2500" və S-300PMU2 "Favorit" ZRK və "Buk" və "Tor" ailəsinin son nümayəndələri ilə təmsil olunaraq diqqəti cəlb edirdi. "Buk-M3" böyük marağa səbəb olan silahlar arasında idi.

Qazaxıstan son aylarda Rusiyadan adı çəkilən "Buk-M2E" zenit raket kompleksinin bir ədəd divizion dəstini (tırrtıllı şassidə) alıb. Digər bir divizion dəstinin alınması da gözlənilir. Sərgi çərçivəsində 2020- ci ilə qədər 12 ədəd Su- 30 SM qırıcılarının Qazaxıstan HHQ- yə çatdırılması ilə bağlı Astana və Moskva müqavilə imzalayıblar. Ümumilikdə Qazaxıstan Müdafiə nazirliyi "Suxoy" və "Almaz- Antey" konserninin məhsullarına daim rəğbətlə yanaşır.

Sərgidə toplam 124 ədəd Quru Qoşunlara aid texnika və 18 adda aviasiya və PUA nümayiş etdirilib.

Daha öncə də məlumat verdiyimiz kimi, sərginin sonunda xüsusi təyinatlı bölmələrin, aviasiya və döyüş texnikalarının nümunəvi çıxışları gözlənilirdi. Lakin iqlim şərtləri bu dəfə təşkilatçıların planlarını nisbətən pozdu. Buna görə də dinamik aviaşoular sərginin sonuna planlaşdırıldı.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KADEX-2018   Qazaxıstan   Sərgi  


Bizi "telegram"da izləyin