1999-cu ilin martında Polşa NATO üzvlüyünə qəbul olunanda onun HHM qüvvələrinin silahlanmasında 200-ə yaxın buraxıcı qurğulara malik sovet istehsalı olan S-75M "Volxov", S-125M "Neva", 2K11 "Kruq" və S-200VE "Veqa-E" (NATO təsnifatında SA-2,SA-3,SA-4 və SA-5) zenit raket kompleksləri var idi. Quru qoşunlarının özünün ZRK sistemlərini bu yazıda nəzərə almayacağıq. Bütün bu komplekslər həmin dövr üçün artıq mənəvi cəhətdən köhnəlmiş sistemlər sayılırdı. Rusiyanın özündə onlar S-300P və S-300V komplekslərinin müxtəlif modifikasiyalarına dəyişilmişdi və ya dəyişilmək üzrə idi.
Sonrakı illərdə Polşa ordusunun sovet istehsallı kompleksləri həm mənəvi cəhətdən köhnəldiyinə görə, həm də texniki resurslarının sona çatması nəticəsində döyüş sıralarından silməyə başladılar. Belə ki, S-75M və "Kruq" kompleksləri silahlanmadan tam çıxarıldı. Yaxın mənzilli S-125 "Neva" komplekslərinin də bir hissəsi ehtiyata göndərildi, bir hissəsi isə modernizə olunaraq, S-125 "Neva-SC" ZRK-nə (Samobieżny Cyfrowy - özüyeriyən rəqəmsal edilmiş) çevrildi.
Bu modernizə, sistemin demək olar ki, bütün qovşaqlarını əhatə edərək, yalnız antena sisteminə və raketlərin özünə toxunmadı.
Bir çox analoq komponentləri rəqəmli cihazlarla və mirkoprossesorlarla əvəz olundu. Kompleks özüyeriyən kompleksə çevrildi. Dördyuvalı raket buraxıcı qurğusu Polşa istehsalı olan WZT-1 zirehli təmir-istismar tırtıllı maşının üzərində, antena postu isə Belorus istehsalı MAZ543P şassisi üzərində yerləşdirildi. Bu şassi əvvəllər P-300 "Skad" operativ-taktiki raketlərin 9P117 raketburaxıcı qurğusu kimi istismar olunurdu.
Bu əməliyyatdan sonra kompleksin döyüş effektivliyi və maneələrdən qorunma imkanı xeyli artsa da, köhnə raketlər və köhnə antena ilə onun döyüş qabiliyyətini kəskin yüksəltmək mümkün deyildi. Hal-hazırda Polşa ordusunda S-125SC sisteminin 17 atəş batareyası(68 buraxıcı qurğu) hələ də silahlanmadadır.
Bundan əlavə, silahlanmada uzaqmənzilli (240 km-ə qədər) S-200VE kompleksinin bir qoşa atəş kanalı saxlanılır. Lakin onun döyüş qabiliyyəti sual altındadır.
Əgər köhnəlmiş Polşa ZRK-ları müəyyən şərtlərlə, nisbətən aşağı intensivliyə malik hərbi hava hücumunun qarşısını ala bilərsə, qanadlı raketlərlə, əsasən də taktiki və operativ-taktiki raketlərlə mübarizə imkanları yoxdur.
Patriot və onun rəqibləri
Buna görə də HHM və raket hücumundan müdafiə qüvvələrinin təkmilləşdirilməsi Polşa silahlı qüvvələrinin ümumi modernizəsinin qabaqcıl vəzifəsinə çevrildi.
WISŁA adlı bir proqram qəbul olundu . Onun əsasında ilk olaraq orta mənzilli zenit-raket batareyalarının alınması nəzərdə tutulurdu ki, 100 kilometr məsafədən təyyarələrin, qanadlı raketlərin, PUA-ların və həmçinin taktiki ballistik raketlərin trayektioriyasının son fazasında vurula bilməsini təmin etsin.
2013-cü ilin iyununda Polşanın milli müdafiə naziri bu sahə ilə əlaqədar və maraqlı olan şirkətləri həmin proqram ətrafında texniki dialoqa dəvət etdi. Bu görüşdə ümumi olaraq 14 xarici və Polşa şirkəti iştirak edirdi ki, onlardan 2014-cü ilin yanvarınadək daha dərin götür-qoy üçün 4 təklif seçilərək qəbul olundu:
- Amerikanın "Raytheon" şirkətinin "Patriot" zenit raket sistemi;
- Avropanın Eurosam (Avropa silah korporasiyası MBDA nın Fransa şöbəsi və "Thales" fransız qrupunun müştərək müəssisəsi) konsorsiumunun SAMP/T Mamba layihəsi;
- Beynəlxalq birgə müəssisəsi MEADS İnternational İnc.(iştirakçıları ABŞ-ın Lockheed Martin şirkəti ilə MBDA Avropa konsorsiumunun İtaliya və Almaniya şöbələri) şirkətinin MEADS zenit-raket kompleksi;
- İsrail ixracat agentliyi SİBAT-ın təqdim etdiyi Stunner raketləri ilə silahlanmış "Kela David" (Davudun sapandı) zenit-raket kompleksi. Bu raketlər İsrailin "Rafael" və ABŞ-ın "Raytheon" sirkətlərinin birgə məhsuludur.
2014-cü il iyunun 30-a qədər danışıqların davam etdirilməsi üçün qısa siyahıda yalnız iki şirkətin adı qaldı: "Raytheon" və "Eurosam".
2015-ci il aprelin 21-nə qədər WISŁA proqramının icrası üçün amerikanın "Raytheon" sirkəti özünün "Patriot" zenit-raket kompleksi ilə müəyyənləşdi. 2015-ci ilin noyabrında hakimiyyətə gəlmiş yeni Polşa hökuməti bağlana biləcək bu sazişi yenidən təhlil və təftiş etməyə başladı.
Bundan sonra 2016-cı ilin sentyabrın 6-da Polşa müdafiə naziri Antoni Maçereviç ABŞ hökumətinə və "Raytheon" şirkətinə ünvanlanmış sənədə qol çəkdi. Bu sənəd Polşaya Patriot ZRK-nın 8 atəş batareyasının hazırlanması müraciəti idi. Birinci, iki batareya 2019-cu ildə, qalanları isə 2020-ci ildən sonra göndərilmək şərti ilə.
2017-ci il 6 iyulda ABŞ prezidenti Donald Tramp Polşaya rəsmi səfəri zamanı 2022-ci ildən başlayaraq Polşaya 8 batareyadan ibarət "Patriot" PAC-3 kompleksinin satılması haqqında memoranduma imza atıldı.
2014 cü ilin 14 noyabrında ABŞ müdafiə nazirliyinin Hərbi əməkdaşlıq agentliyi (Defense Security Cooperation Agency – DSCA) Konqresə bildiriş göndərərək, onu Polşaya dövlətlərarası hərbi satışlar "Foreign Military Sales" (FMS) çərçivəsində 4 "Patriot" zenit batareyasının satılacağı ehtimalı olması ilə xəbərdar etdi. Satış Dövlət Departamentinin sanksiyasını aldı. Noyabrın 15-də Pentaqon məlumat yaydı ki, 10,5 milyard dollar (37 milyard zlotıdan çox) həcmində razılaşma dövlət tərəfindən bəyənilib. Yalnız 7,5 milyard dollar ayırmağa hazır olan Polşa üçün bu yüksək qiymət tam gözlənilməz sürpriz oldu. Polşa müdafiə nazirliyi bəyənat verdi ki, belə baha qiyməti ödəməyə hazır deyil və danışıqlar yolu ilə kontraktın məbləğini azaltmağa çalışacaqlar. Nəticədə qiyməti iki dəfədən çox azaltmaq mümkün oldu. Və bundan sonra keçən ayın 28-də Varşava şəhərində yerləşən PİT-RADWAR hərbi sənaye müəssisəsinin ərazisində Polşanın Milli Müdafiə naziri Mariuş Blaşaçak və ABŞ-ın bu ölkədəki səfiri Pol Cons arasında müqavilə imzalandı.
Razılaşmanın son qiyməti $4,75 (16,1 milyard zlotı) milyarda düşdü ki, hətta bu məbləğdə olan müqavilə də Polşa tarixində ən böyük silah alışı müqaviləsidir.
Bu müqavilə çərçivəsində ABŞ hökuməti ilə 5 texnikanın idxalı kontraktı (texnikanın inşasının əsas kontraktı, döyüş heyətinin hazırlanması haqqında iki kontrakt, kriptoqrafiya avadanlığının idxalı haqqında kontrakt və "Link16" sisteminin idxalı haqqında kontrakt) və 5 Polşa daxili kontrakt bağlandı.
Bu daxili kontraktlar müqabilində ölkə ordusu JELCZ avtomobilləri, mobil kommunikasiya qovşaqları, raketləri daşıyan nəqliyyat avtomobilləri, F-OPS kabinaları, C-OPS və E-OPS kabinaları almalıdır.
Bununla da "Visla" proqramının birinci mərhələsinə start verildi.
Nə alındı? Sistemin konfiqurasiyası
Belə ki, Polşa bu sistemi Rusiyanın 2008-ci ilin 5 noyabrında elan etdiyi "İsgəndər" raketlərinin Kalininqrad eksklavında yerləşdirəcəyi faktını nəzərə alaraq, onlara qarşı mübarizə qabiliyyəti şərti ilə inşa etmək istədiyindən, birdəfəlik "Patriot" PAC-3+ konfiqurasiyasını PAC-3 MSE müasir raketvuran raketləri ilə (Patriot Advanced Capability-3 Missile Segment Enhancement) sifariş vermişdilər. Bu sitemin idarəsi yeni müasir HHM və RHM-nin inteqrallaşdırılmış döyüş idarəetmə sistemi ilə (Integrated Air and Missile Defense Battle Command System (IBCS)) həyata keçirilməli idi.
"Lockheed Martin" şirkətinin istehsalı olan PAC-3MSE tutucu raketi ilk növbədə taktik və operativ-taktiki ballistik raketlərə qarşı mübarizə üçün yaradılıb ki, onların döyüş başlıqlarına birbaşa zərbə endirmək vasitəsilə (hit-to-kill) məhv edilir. Aerodinamik hədəflərlə (təyyarə və qanadlı raketlər) mübarizə məqsədi üçün tutucu raket əlavə olaraq qəlpəli fuqas başlığı ilə də təhciz olunub ki, onun partlayış anını və istiqamətini raketin hədəfə rəğmən üçölçülü koordinat sistemində qarşılıqlı yerləşməsindən asılı olaraq idarə etmək olur.
Raketin portativ radiolokatorlu millimetrlik tezlik diapazonunda işləyən aktiv özünüidarəedən başlığı hədəfi yüksək dəqiqliklə tutaraq zərbə endirməyə, iki dəfə işə düşə bilən daha güclü bərkyanacaqlı raket mühərriki hədəfin daha yüksəkdə və daha uzaqda vurulmasını təmin edir. Əlbəttə, raketin daha dəqiq parametrləri gizli saxlanılır. Amma mətbuatda yayılan xəbərlərə görə, belə başa düşmək olar ki, PAC-3MSE raketi əvvəlki PAC-3 raketlərindən 1,5 dəfə böyük tutma radiusuna malikdir. Raketin daha iri aerodinamik müstəviləri, qazodinamik idarəetmə "kəməri" ilə birlikdə onu daha manevrli edir. Bir atəş-buraxıcı qurğusunda içində bir raket yerləşən 12 atəş-nəqliyyat konteyneri yerləşir.
"Northrop Grumman" şirkətinin istehsalı olan hava hücumundan və raket hücumundan müdafiənin inteqrallaşdırılmış idarəetmə sistemi - Integrated Air and Missile Defense Battle Command System (IBCS) qüvvələrin bir komanda məntəqəsindən idarə olunmasına imkan verir. Bu sistem böyük əraziyə dağıdılmış kompüter şəbəkəsidir ki, aşkaretmə vasitələri, qərərgahlar, komanda məntəqələri, HHM və RHM batareyalarının atəş mövqeləri onun ayrı-ayrı elementlərini, qovşaqlarını təşkil edir. Bu halda hava şəraiti haqqında döyüş məlumatını sistemin hər bir istifadəçisi qəbul edərək əyani müşahidə edə bilir ki, bu da raket batareyalarına birbaşa "görmədiyi" hədəflərə hücum etməyə də imkan verir. Polşa silahlı qüvvələri ABŞ-ın özündə yaxın perspektivdə silahlanmaya qəbulu planlaşdırılan bu sistemin ilk alıcısı olacaq.
Müqavilənin şərtlərinə görə Polşaya 4 ədəd AN/MPQ-65 radarı, 4 ədəd batareya idarəetmə məntəqəsi, M903 tipli 16 buraxıcı qurğu, 208 ədəd PAC-3MSE raketi, 11 təlim raketi PAC-3MSE, 6 ədəd şəbəkə komplekti (IBCS Engagement Operations Centers (EOC) avtomatik idarəetmə mərkəzinin komanda məntəqəsi, 12 Integrated Fire Control Network (IFCN) ICBS), EPP III tipli 4 səhra elektrik stansiyası və 5 çoxfunksiyalı informasiya terminalı (Multifunctional Information Distribution Systems/Low Volume Terminals (MIDS/LVT)), Link 16 məlumatın ötürücü avadanlığı ixrac olunacaq. Bundan əlavə ixrac olunan məhsulların içində başqa müvafiq məhsullar, texniki kömək və şəxsi heyətin hazırlanması xidmətləri də var. Bütün ləvazimat 2022-ci ilin sonunadək gətirilib quraşdırılmalı və ilkin döyüş hazırlığı səviyyəsinə 2023-2024 illərin kəsişməsində çıxmalıdır.
Tərəflərin öhdəlikləri
2018-ci ilin mart ayının 23-də, əsas müqavilənin bağlanmasından əvvəl, Polşanın Milli Müdafiə nazirliyində ABŞ-ın iki şirkəti ilə 10 il ərzində 280 milyon dollarlıq ofset öhdəliklər haqqında kontrakt bağlandı.
"Raytheon" şirkəti üzərinə 224 milyon polyak zlotısı müqabilində 31öhdəlik götürdü ki, bunlara idxal olunacaq kompleksin avtomatik idarəetmə sistemlərində istifadə olunan C4İSR texnologiyalarının (idarəetmə, nəzarət, rabitə, informasiyanın toplanıb emal edilməsi və nəzarət-kəşfiyyat) verilməsini, bu komanda məntəqələrinin Polşada istehsalı üçün komponentlərin texnologiyalarının verilməsini, zenit raket konpleksinin atəş-buraxıcı qurğularının və nəqliyyat-doldurucu avtomobillərinin istehsalı icazəsinin verilməsi, bu ölkədə "VisŁa" sisteminin və başqa NATO zenit raket sistemlərinin sertifikasiyalı komponentlər istehsal prosesinin təşkili, təmirini, köklənmə prosesini aparan milli mərkəzin yaradılması, 30 mm "Buşmaster" avtomatik topunun istehsal lisenziyasının Polşaya verilməsindən ibarətdir.
"Lockheed Martin" şirkətinin öz üzərinə götürdüyü 15 öhdəlik üzrə Polşa bu sistem üçün 725 milyon zlotı dəyərində PAC-3MSE raketlərinin atəş-buraxıcı qurğularınının qovşaqlarını istehsal edərək texniki xidmət göstərəcək, həmin raketlərin müxtəlif elementlərini istehsal edəcək, onlara texniki qulluq üçün Kontrol-Nəzarət Stansiyası inşa edəcək və Polşa ordusunun aldığı F-16 təyyarələrinin texniki qulluğunu həyata keçirəcək.
Ofset öhdəlikləri aşağıdakı Polşa müəssisələrində həyata keçiriləcək:
- Polska Grupa Zbrojeniowa S.A. (Baş idarəsi Radom şəhərində yerləşən, Polşanın bütün dövlət müdafiə sənayesi kompaniyalarını birləşdirən holdinq müəssisəsi)
- Wojskowe Zakłady Uzbrojenia (Qruzdenz şəhəri);
- Wojskowe Zakłady Elektroniczne (Zelenka şəhəri);
- Wojskowe Zakłady Łączności (Zeqje şəhəri);
- PIT-RADWAR (Varşava);
- Huta Stalowa Wola (Staleva-Volya şəhəri);
- Wojskowe Zakłady Lotnicze Nr 1 (Lodz şəhəri);
- Wojskowe Zakłady Lotnicze Nr 2 (Bıdqoş şəhəri);
- MESKO (Skarjisko-Kamenna şəhəri);
- Centrum Techniki Morskiej (Qdınya şəhəri)
"Patriot" kimi qoruyacaq?
WISŁA proqramının II fazası çərçivəsində 2024 cü ildən sonra Polşa əlavə altı ədəd "Patriot" zenit-raket batareyası əldə edəcək. Tutucu raket PAC-3MSE çox müasir olmasından əlavə, çox bahadır (bir ədədi 6 milyon dollardan bahadır). Həmin səbəbdən "Patriot" ZRK-larının raketlərini göstərilən mərhələdə daha ucuz (1 milyon dollar) "SKyCeptor" raketləri ilə əvəz etmək və ya müştərək istismara qəbul etmək istəyirlər ki, onların da həm ballistik və qanadlı raketləri, həm də təyyarələri effektiv məhv etmə ikmanları var.
"SkyCeptor" raketi amerika kompaniyası "Raytheon" tərəfindən artıq adı çəkilən "Stunner" Amerika-İsrail istehsalı raketi bazasında yaradılacaq və yeni mərhələ üçün inşa olunan "Patriot"ların arxitekturasında tətbiq ediləcək. Həmin komplekslər özünü sınamış AN/MPQ-53 döyüş radarından əlavə yeni hava şəraitinə dairəvi nəzarət radarı da almalıdırlar. Bu radar da həmçinin aktiv elementlərdən təşkil olunmuş faza ilə idarə olunan müstəvi formasında olacaq. Onun texniki parametrlərini və tələblərini ABŞ höküməti yeni LTAMDS (Lower Tier Air and Missile Defense Sensor) layihəsi çərçivəsində müəyyən etməlidir. Həmin layihənin iki komponentinin istehsalına Polşa müəssisəsi PIT-RADWAR qoşulacaq - yeni radiolokasiya stansiyası P-18PL və passiv hədəfi aşkarlama sistemi PET/PCL bu müəssisədə hazırlanacaq.
Beləliklə, Polşa, müqavilənin ikinci fazasında "Patriot" kompleksinin hələ mövcud olmayan variantını almağı planlaşdırır ki, bu da yeni sistemin köklənməsi və mənimsənilməsindən yaranan texniki problemləri öz üzərinə götürmək riskləri deməkdir. Bu riskli bir iş olsa da, müəyyən texniki bünövrəsi olan Polşa hərbi sənaye kompleksini və Polşa HHM qüvvələrinin zabit-texnik heyətinin səviyyəsini yeni mərhələyə qaldıracaq.
Bu komplekslərin atəş mövqelərinin Polşanın hansı ərazisində yerləşdiriləcəyi haqqında dəqiq məlumat yoxdur.
Amma 2017-ci ilin avqustunda Polşanın o vaxtkı xarici işlər naziri Vitold Vaşikovski “Kommersant" qəzetinə müsahibəsində bildirmişdi: “Əsas odur ki HHM sistemimiz üç əsas nöqtəni mühafizə edə bilsinlər. Əvvəla bu ölkədə hər hansı bir müqaviməti təşkil edə biləcək paytaxtı, ikincisi həyəcan dövründə NATO qoşunlarının Polşa ərazisinə köçürüləcək qüvvələrinin dislokasiya rayonunu, üçüncüsü – baş qərərgah. Və yaxud hərbiçilərimizin ən vacib saydıqları obyekt. Adətən hər bir vacib nöqtənin mühafizəsi üçün 3 batareya tələb olunur".
Deyilənləri rəhbər tutsaq, belə qərar çıxarmaq olar ki, ZRK-ları Varşava və Qdansk ətrafında yerləşdirəcəklər. Üçüncü qorunacaq ərazi, ya Redzikovo yaxınlığında tikilən qitələrarası raketləri vuran ABŞ antiraketlərinin atəş mövqeləri olacaq, ya da qərbi Polşa olacaq ki, burada Jaqan şəhəri yaxınlığında ABŞ-ın ağır mexanikləşdirilmiş briqada döyüş qrupu rotasiya prinsipi ilə dislokasiya olunur. Həmin rayonda da Polşanın yeganə zirehli-tank briqadası yerləşir.
Müxtəlif mənbələrdən götürdüyümüz bu faktlar toplumu ilə oxucunun fikrini iki vacib məsələyə cəlb etmək istədik:
1. ABŞ-ın Patriot sisteminin indiki və perspektiv imkanları ilə, arxitekturası ilə tanış etmək;
2. Başqa ölkələrin misalında silah alışı müqavilələrinin necə bağlanması haqqında daha geniş məlumat vermək və bu haqda təsəvvür yaratmaq.
Hərbi ekspert Vüqar Miraslanov
Ordu.az