Bəzi Rusiya KİV-lərində bu çərşənbə axşamı Xəzər dənizində ABŞ hərbi bazalarının görünməsi haqqında dəhşətli proqnozlar verildi. Tək Ulyanovsk xarırlanmadı. Ekspertlər, Qazaxıstanın "Aktau" və "Kurık" limanlarının Əfqanıstana xüsusi yüklərin tranziti üçün ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən istifadəsinə dair sazişin Senatda təsdiq edilməsini, o cümlədən bu limanların Pentaqon və onun müttəfiqlərinin bazasına çevirə biləcəyindən ehtiyatlanırlar.
Belə ki, onlar, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Senat tərəfindən ratifikasiya edilən sənədlərin imzalamasından sonra "Aktau" limanını, nə qədər "tranzit" qovşağı və ya mərkəzi olduğunu elan etsə də, avtomatik olaraq Pentaqonun və onun müttəfiqlərinin bazasına çevriləcəyini iddia edirlər.
KİV-lər Qazaxıstanın ABŞ tərəfə çevrilməsini Rusiya əleyhinə addım kimi dəyərləndirirlər. Xəzərdə ABŞ-ın hərbi və ya qeyri-hərbi yüklü hər hansı bir gəmisinin görünməsinin Rusiya üçün çox arzuolunmaz bir hadisə olduğunu vurğulamağa ehtiyac yoxdur. Bu marşrut əslində o qədər də məntiqli hesab olunmur. Rusiyanın bu sahədə narahatçılığı anlaşılandır, lakin təmkinli Qazaxıstan rəhbərliyinin də atdığı addımların razılaşdırılmadığını iddia etmək də doğru olmazdı. ABŞ Pakistan ilə münasibətlərində soyuqluq yarandıqdan sonra Əfqanıstan sərhədlərində özünə yeni bir liman və ya baza axtarırdı. Faktiki olaraq, bu dəfə Vaşinqton 1990-cı ildən idtisadi əməkdaşlıq etdiyi Qazaxıstana üstünlük verib.
Təbii ki, Rusiya-ABŞ, İran-ABŞ əlaqələrindəki gərginlik fonunda, Xəzər limanlarına heç bir aidiyyəti olmayan ABŞ-ın bölgəyə bu istiqamətdə sızması həm Moskvanı, həm də Tehranı narahat edir. Bütün bu narahatlıqların müqavilə şərtlərində dəqiq və konkret olaraq öz əksini tapması müzakirə mövzusu belə olmamalıdır. Ən azından Gürcüstan, Azərbaycan, Qazaxıstan və Özbəkistandan keçəcək tranzit xəttinə aid müqavilənin detalları illərdir müzakirə olunub. İlk dəfə "Aktau" limanının ABŞ tərəfindən istifadə ediləcəyi ilə bağlı məlumatların 2013-cü ildə "WikiLeaks" saytında dərcindən sonra məlum oldu və bu danışıqlar faktı Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təsdiq edildi.
Qazaxsıtanın Xarici İşlər naziri Kayrat Əbdurəhmanovun sözlərinin də bir az Rusiyanı qıcıqlandırdığı hiss olunur: "Nəzarət keçid məntəqələri siyahısına "Aktau "və" Kurık" limanları da əlavə edildi. Bu fəaliyyətlər qonşu Əfqanıstanda sülh və sabitliyi qorumaq üçün strateji tərəfdaşımız olan ABŞ-ın maraqları ilə üst üstə düşür".
Təəssuf ki, Rusiya ilə KTMT-də eyni təşkilatda təmsil olunaraq ABŞ-ı strateji tərəfdaş elan etməyin düzgün addım olmadığını etiraf etməliyik. Mən 5 il sürən danışıqlarda bu mövzuların Kreml ilə müzakirə olunmadığına ehtimal vermirəm. Lakin medianın bu məsələni lazım olduğundan artıq şişirtməsini və nazirin tələsik açıqlamasını da təsadüfi saymıram. Bu razılaşmanın regiondakı kövrək təhlükəsizlik strukturunu məhv edə biləcəyi barədə rusiyalı ekspertlərin fikirləri ilə də razı deyiləm.
Birincisi bu layihə kommersiya layihəsidir. İkincisi Rusiya özü də bu istiqamətdə vaxtında 1000 nəfərlik iş yeri və millyonlarla ABŞ dolları həcmindən imtina etməyib. Yuxarıda qeyd etdiyimiz kimi, bəzi rusiyalı ekspertlər ABŞ hərbi tranziti zamanı "Aktau" və "Kurık" limanlarından istifadənin Xəzərin kövrək təhlükəsizlik arxitekturasını məhv edə biləcəyini iddia edərək Xəzər dənizindəki Amerika varlığının həm Moskvanı, həm də Tehranı çox narahat etdiyini bildirirlər. Lakin nə Moskva, nə də Tehran rəsmən narahatlığını dilə gətirməyib.
Əfqanıstana xüsusi yüklərin tranziti ABŞ-ın təklifi ilə indi Gürcüstandan Azərbaycana, ordan isə Xəzər vasitəsilə Qazaxıstana, sonra isə dəmir yolu vasitəsilə Sarıaqaş- Kələs-Qaraqalpak marşrutu üzrə Özbəkistandan Əfqanıstana göndəriləcək.
Dövlət Dumasının MDB İşləri üzrə Komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin ekspertlərin qorxu və narahatçılıqlarının əsaslı olduğu ilə razılaşıb: "Qazaxıstan Moskva üçün çox əhəmiyyətli bir xarakter daşıyan məsələlərlə bağlı Birləşmiş Ştatlarla mövcud münasibətlərdən danışarkən, fəal şəkildə "strateji tərəfdaşlıq" sözlərindən istifadə edir. Eyni zamanda Astana neytral mövqe tutmaq üçün çalışır".
Millət vəkili qeyd edib ki, Qazaxıstanın bu razılaşmanın detallarını Rusiya rəhbərliyi ilə müzakirə etdiyi bəlli deyil.
"Biz Xəzərdə birgə fəaliyyət haqqında razılığa gəldik. Xəzəryanı dövlətlərdən başqa ölkələrin silahlı qüvvələrinin burada peyda olması bu müqavilənin ruhuna uyğun gəlmir. Xəzər dənizi - Rusiya və Qazaxıstan ilə yanaşı Amerika Birləşmiş Ştatlarının daim münasibətlərinin gərgin olduğu İranın da sərhədlərini yuyan bir dənizdir. İranın bu qərarı necə qəbul edəcəyi də sual altındadır", - deyə Zatulun bildirib.
Əslində Rusiyanın narahatçılığı başadüşüləndir. Çox böyük ehtimalla ABŞ HDQ Qazaxıstan ərazisində yalnız tranzit koridoru və nəzarət məntəqəsi ilə məhdudlaşmayaraq, əməliyyat bazası və ya digər bir hərbi struktur yaradıla bilər. Əslində belə bir qərarın Rusiya və digər Xəzəryanı dövlətlərlə müzakirə edilmədən qəbul edildiyi də inandırıcı görünmür. Nazarbayev ABŞ-a səfər etmədən öncə yəqin ki Rusiyalı həmkarı ilə müzakirələr aparıb. Nazarbayev dəfələrlə Əfqanıstandakı təhlükəsizlik məsələlərinin vacib olduğunu vurğulayıb. Əslində Rusiya üçün də Əfqanıstanda sabitlik böyük əhəmiyyət daşıyır.
Bu baxımdan masada ABŞ-Qazaxıstan və Rusiya arasında qismən razılaşdırılan bir layihə olduğunu ehtimal edə bilərik. Digər tərəfdən Rusiya rəsmilərinin bu məsələyə qarşı heç bir bəyanat səsləndirməməsi razılaşmanın mövcudluğunu daha inandırıcı edir. O cümlədən gələcəkdə Qazaxstan tərəfinin razılığı olmadan hərbi bazanın yerləşdirilməsi mümkün olmayacaq. Astana isə belə bir vəziyyətdə Moskva və Tehran ilə münasibətlərin münaqişəli vəziyyətə keçə biləcəyini gözəl anlayır.
ABŞ üçün Xəzər dənizi strateji maraqlar çərçivəsində olsa da, bu gün bu məsələ bir o qədər də prioritet deyil. Hazırda Xəzər dənizinə gəmilərin girişi yalnız ABŞ-ın münasibətlərinin kifayət qədər gərgin olduğu Rusiyanın Volqa çayı və Volqa-Don kanalı vasitəsilə mümkündür. Buna görə də Moskva bu razılaşmaya ciddi reaksiya vermir, çünki Qazaxıstanda ABŞ-nın hərbi dəniz baza yaratmaq ideyası, bu gün üçün nəzəri cəhətdən mümkün deyil.
2013-cü ilə qədər Əfqanıstana daşınan yüklərin tranziti Rusiyanın Ulyanovsk şəhərindəki aeroport ərazisindəki nəzarət məntəqəsindən daşınırdı. Sonradan isə ABŞ bu marşrutun bahalı olduğunu əsas gətirərək Pakistana üstünlük verdi. Bu yüklərin daşınmasında ABŞ Qırğızıstan, Özbəkistan, Azərbaycan, Rusiya, Pakistan və indi də Qazaxstan ərazilərindən istifadə edir. Bu ölkələrin heç birində ABŞ hərbi baza yaradılmayıb. Yəqin ki, Qazaxstanda da yaradılmayacaq. Rusiyanı əsas narahat edən məsələ yüklərin daşınması üçün limanlardan istifadə edilməsindən çox, bu layihə çərçivəsində ABŞ-ın Qazaxstan XİN tərəfindən strateji tərəfdaş adlandırmasıdır.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az