İkiseriyalı qucaqlaşma: Koreyalararası zirvə sammitindən nə gözləmək olar?

2018/04/1_1524839421.jpg
Oxunub: 3310     23:01     27 Aprel 2018    
2000 və 2007-ci illərdə Koreyalararası iqtisadi əlaqələrin inkişafına və nüvə məsələsini müzakirə etmək məqsədi daşıyan görüşlər əvvəlki dövlət rəhbərləri tərəfindən də keçirilib. 2000-ci ildə baş tutan görüş, Cənubi Koreya Respublikasının Prezidenti Kim De-Çjuna sülh təşəbbüsünə görə Nobel Sülh Mükafatı qazandırıb.

Həmin görüşlər bəzi faydalar da gətirdi - məsələn, tərəflər ailələrin birləşməsinə və Quezon bölgəsində ortaq iqtisadi zonanın yaradılması haqqında razılığa gəlməyi bacardı. Lakin nüvə silahlarından yarımadanın təmizlənməsi məsələsi həll olunmadı, sonra isə iki Koreya arasında əlaqələr Şimali Koreyanın nüvə sınaqlarından ibarət təxribatları və Seulun yeni hakimiyyətinin daha sərt mövqeyi səbəbindən yenidən gərginləşdi.


Şimali və Cənubi Koreya dövlərləri arasında yaxınlaşma bu il Qış Olimpiya oyunları zamanı başlayıb.

Pxenyan bir həftə əvvəl isə heç kimin gözləmədiyi halda nüvə və qitələrarası ballistik raketlərin buraxılması sınaqlarının dayandırılması və ölkənin şimalında nüvə poliqonun bağlanmasını açıqladı. Kim Çen In ölkənin nüvə silahlarının yaradılmasını tamamladığı üçün KXDR-də bu cür sınaqlara ehtiyac olmadığını söylədi. Onun sözlərinə görə, Koreya yarımadasında iqtisadi artım və sülhün təmin olunması üçün sınaqlar dondurulur. Dünya təəccüb içində qaldı...

Bu gün isə bütün mütərəqqi ictimaiyyətin çoxdan gözlədiyi, Koreya Respublikasının Prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In arasında tarixi adlandırılan yüksək səviyyəli görüş keçirildi. Şimali və Cənubi Koreyanın liderləri bu gün birgə bəyannamə imzaladılar və qucaqlaşdılar. Sənəd bu il Şimali və Cənubi Koreya arasında sülh müqaviləsinin bağlanmasını nəzərdə tutur. İki ölkənin liderləri Koreya yarımadasını tamamilə nüvəsizləşdirilməsi üçün birgə işləməyə razılaşıb.

"Cənub və Şimali Koreya, Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməsinə nail olmaq üçün ortaq hədəflərini təsdiqlədi", - deyə "Yonhap" agentliyi sənəddən bir sitat gətirir.

KXDR və Cənubi Koreya Respublikası 1953-cü ildə sülh sazişini əvəz edəcək yeni sülh müqaviləsi bağlamaq niyyətini də açıqlayıblar. Gərgin vəziyyətin başa çatması və davamlı sülh rejiminin qurulması hər iki ölkənin rəhbərlərinin tarixi bir vəzifəsidir. Uzun müddət bu iki dövlətin münasibətlərini izləyən biri kimi deyə bilərəm ki, bu iki qardaş ölkə heç vaxt sülhə bu qədər yaxın olmayıblar. Rəhbərlər bəyannamədə göstərilən niyyətlərini real olaraq sülh müqaviləsinə çevirməli və yerinə yetirilməsi üçün beynəlxalq təşkilatların köməyindən də yararlanmalıdırlar. ABŞ və Çin isə bu iki dövlətin birləşməsinə yardım edə bilməyəcəklərsə, heç olmasa mane olmasınlar. 4 və ya Yaponiyanın da iştirakı ilə 5 tərəfli formatda görüşlərin keçirilməsi istisna deyil və hətta faydalı ola bilər.


On ildən artıq bi müddət idi ki, Koreya yarımadasının bölünən dövlətləri arasında oxşar danışıqlar qeydə alınmırdı. Görüş bir neçə ay əvvəl başlayan Seul və Pxenyan arasında əlaqələrin tədricən istiləşmə prosesinin kulminasiya nöqtəsi oldu. Bu görüşün ABŞ və Şimali Koreya liderləri arasında baş tutacaq qarşıdakı danışıqlar üçün zəmin hazırlayacağı gözlənilir.

Seul görüşdən bir neçə həftə əvvəl Şimali Koreya ilə sərhədi boyunca təbliğat verilişlərinin yayımı dayandırdı.

Niyə Kim Çen In birdən nüvə sınaqları dayandırmaq qərarına gəldi? İki Koreyanın zirvə sammitindən nə gözləmək olar? Bu suallara cavab tapmağa çalışaq.

Şimal-Cənub sammitinin əsas mövzuları yarımadanın nüvə silahlarından təmizlənməsi və sülhün təmin edilməsindən ibarət olacağı əvvəldən bəlli idi. Bəzi müşahidəçilər uğursuzluq perspektivlərinə köklənərək, Pxenyanın nüvə silahlarının imtina etməsinə və iki ölkə arasındakı gərgin münasibətlərin aktual həllərini tapıla biləcəyini real hesab etmədilər.

Bu görüş həqiqətən də çox vacib idi və həyati əhəmiyyət daşıyan mühüm tarixi hadisə idi. İki Koreyanın Dövlət başçıları 2007-ci ildən birbaşa əlaqələri olmayıb, bu günkü çərçivədə sammit isə Şimali Koreya lideri üçün bir ilk oldu.

Hazırda Cənubi Koreya əhalisinin əksər hissəsi Şimali Koreyanın nüvə sınaqlarını dayandırsa belə, yeni maddi və maliyyə yardımı göstərilməsinin əleyhinədir. Çünki əvvəllər göstərilən yardımların təyinatı üzrə deyil, əsasən hərbi sahələrin inkişafına sərf edilməsi faktları tarixdən dərs çıxarmağa vadar edir. Bəziləri isə bu yardımların yalnız vəziyyətin pisləşməsinə və həqiqətən də Şimali Koreyanın nüvə gücünə çevrilməsinə səbəb olduğuna inanırlar.

Kim Çen In 1953- cü ildən sonra Panmunjom sərhəd qapısında Cənubi Koreyaya məxsus hərbi demarkasiya xəttini keçərək Cənub torpağına ayaq basan ilk Şimali Koreya lideri oldu.


Zirvə bir neçə mərhələdə keçirildi: ilk olaraq cənub tərəfindən sərhəddə Kim Çen Inın təntənəli qarşılanması, Sülh Evində danışıqlar, daha sonra fasilə, Sonra isə iki Koreyanın rəhbərləri özəl danışmağa qərar verdilər və gəzməyə getdilər. İki liderin təkbətək səmimi görüşü oldu. Ən azından sifətlərdə gərginlik ifadə olunmadı. Görüşün videomaterialında görünən odur ki, Kim Çem In əsasən qulaq asır və gülümsəyir. Hərdən bu siyasilərin gülümsəmələri məni ehtiyatlı davranmağa məcbur edir. 2000-ci ildəki görüş də bol gülümsəmələrlə keçdi, lakin hədəflərə nail olunmadı və sonda münasibətlər kifayət qədər kəskinləşdi və Şimali Koreyanın sınaqlarını sayı artdı, nəticədə 3-cü Dünya Müharibəsinin bir addımlığına qədər gülümsəyərək gəldik.

Jurnalistlərdən və təhlükəsizlik əməkdaşlarından uzaqda təkbətək söhbət təxminən bir saat davam edib. Görüntülərdə seyr etdiyim uzun müddətli əl sıxma, hər iki ölkənin ərazisinə bərabər ayaq basma, əl ələ tutub təkbətək görüşə yollanma və bəyannamə imzalanandan sonra ikiseriyalı qucaqlaşma və s. kimi görüntülər bu görüşün çox səmimi və faydalı, eyni zamanda hər iki tərəfin görüşdən gözləntilərinin doğrulmasını təsdiq edir. Tək sual yaradan fraqment Şimali Koreya liderinin fasilə zamanı nahara öz ölkəsinə qayıtmasından ibarət olub. Obyektiv və subyektiv səbəbləri ola biləcək bu fakta fokuslanaraq mövzudan yayınmayaq.

Təbii ki, Şimali və Cənubi Koreya Sammitinın ən əhəmiyyətli mövzusu, yarımadada nüvə silahlarından azad olması, dayanıqlı sülhün bərpası və təbii ki, sərhədlərin açılaraq mədəni- iqtisadi əlaqələrin bərpasıdır.

Cənubi Koreya nə əldə etməyə çalışır?

Təxminən on illik fasilədən sonra, Şimalın davamlı təhdid və təxribatlarına baxmayaraq, Seul dialoqu bərpa etməyə nail oldu. Burada ABŞ sanksiyalarının rol oynadığını artıq heç kim inkar etmir.


Çənubi Koreya Prezidenti Mun, 2008-ci ildə keçirilən görüşdə o vaxtkı Prezident No Mu Xenin təhlükəsizlik üzrə məsləhətçisi kimi iştirak edib, ötən ildən ölkəyə başçılıq etməyə başlayıb və Şimali ilə münasibətlərin yaxşılaşdırılması üçün həyata keçirilən proqrama ciddiyyətlə istinad edir. Buradan ehtimal etmək olar ki, Mun iki ölkə arasında sülhü bərpa edən prezident kimi tarixdə qalmaq istəyir. Edə biləcəksə qoy qalsın.

Prezident Munun sammitə olan ümüdləri böyük idi və hələlik bu özünü doğruldur. Onun sonunda "Sülh müqaviləsi"nin bağlanması Cənubi Koreyanın əldə etmək istədiyi əsas məqsədlərdən birincisidir. Nüvə sınaqlarının tam dayandırılması və yarımadanın nüvəsizləşdirilməsi bu sazişin tərkib hissəsi olacaq. Saziş mədəni- iqtisadi əlaqələrin bərpasına təkan verəcək. Sərhəd bölgələrində, əsasən də tarixi görüşün baş tutduğu ərazilərə yaxın bölgələrdə Azad İqtisadi Zonalar yaradıla və ya Quezondakı sənaye kompleksinin fəaliyyətini yenidən bərpa edə bilər.

Şimali Koreya hakimiyyəti Quezon sənaye bölgəsində işçilərə xarici valyutada ödənilən valyutanı müsadirə edərək nüvə proqramına yönəltməsi ilə bağlı məlumatları alan Seul bu layihəni 2016-ci ildə bağladı.

Əgər nüvə tərksilah məsələsi irəliləyişə nail olarsa, Cənubi Koreya şirkətlərində əvvəlki kimi 10 0000-ə yaxın Şimali Koreya işçisi çalışa bilər.

Şimali və Cənubi Koreya tərəfindən müharibə nəticəsində 60 min ayrılan ailələrin birləşdirilməsi də Seulun prioitetləri arasındadır.

KXDR-də saxlanılan xarici vətəndaşların azad olunması da danışıqlarda müzakirə oluna bilər.

Pxenyan nə əldə etməyə çalışır?

Şimalın motivləri o qədər də aydın deyil. Uzun müddət siyasi təzyiq altında olan Kim Çen Inın müzakirəyə hazır olmağının əsas səbəbini KXDR-ə tətbiq olunan ağır sanksiyalarla əlaqələndirirəm. Keçən il yarımadada hərbi vəziyyətinin ağırlaşması səbəbindən ABŞ və Birləşmiş Millətlər Təşkilatı KXDR-ə tətbiq etdiyi iqtisadi sanksiyaları yenidən gücləndirdi.


Pxenyanın Seul ilə münasibətləri, Şimali Koreyanın Vaşinqtonu sanksiyaların yumşaldılması üzrə danışıqlara cəlb edə biləcəyi vasitə kimi qiymətləndirməsi prosesə ziyan vura bilər.

Eyni zamanda, Şimali Koreya KİV-ləri danışıqlara razılıq verən Pxenyanın öz gücünə güvəndiyini nümayiş etdirir. Əvvəl qeyd etdiyim kimi tarixi sammitdən bir neçə gün əvvəl, Pxenyan bütün nüvə sınaqları və balistik raketlərin buraxılmasını dayandırıb.

Bu tədbirlər Prezident Mun və Pxenyan üçün xüsusi bir əhəmiyyətə malik olan və sanksiyaların əsas müəllifi Donald Trump tərəfindən təsdiqləndi. Kim Çen Inın bu görüşdən əldə etmək istədiyi dividentlər bir az uzaq məqsədli görünə bilər. Bura prezident Trampla görüşmək, sanksiyaların yümşalmasına nail olmaq, müəyyən maliyyə vəsaitləri əldə etmək və ölkəsində siyasi mövqeyini daha da möhkəmlədirmək daxil ola bilər. Kim Çen In onu ölkəsində Trampla eyni səviyyədə qəbul edilən beynəlxalq oyunçu kimi qəbul edilməsini də arzu edə bilər.

Şimal- Cənub görüşünün nəticəsi nə ola bilər?

Gələcək sülh müqaviləsinin bağlanması real görünür. Əgər maliyyə dəstəyi göstərilməsə Şimali Koreyaya vədlərinə davam edəcək. İstənilən halda başlanğıc nöqtədəyik. Sadəcə bu danışıqlara gözəl bir start ola bilər. Burada hər iki ölkə liderinin şəxsi münasibətləri də az rol oynamayacaq.

Düzdür, bu danışıqların əhəmiyyəti danılmazdır. Lakin nüvə silahlarının Koreya yarımadasından tam təmizlənəcəyinə ancaq ümid etmək olar.

Əslində Şimali Koreya bir az yumşaq və tədbirli davransa, Yaponiya və Koreya möcüzəsi qısa müddətdə Şimalın iqtisadi inkişafına səbəb ola bilər. Mən isə istərdim ki, 5 il sonra Şimali Koreya istehsalı olan "Maqnoliya" kompüterimdə bu əlaqələrin yüksək səviyyəsini tərənnüm edən bir yazı yazım...

Hərbi ekspert Ədalət Verdiyev
Analiz Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin