Fransa və Almaniya yeni nəsil çoxməqsədi döyüş təyyarəsini yaratmaq üçün qüvvələrini birləşdirmək qərarına gəlib. Aprelin 12-də Almaniyanın paytaxtında iki ölkənin müdafiə nazirlərinin görüşü keçiriləndən sonra yeni döyüş təyyarəsnin yaradılması üzrə çalışmaların başlanması haqqında ilk şərhlər eşidilməyə başladı. Avropa daim hərbi texnika yaradılmasında ənənəvi aşağı templərlə fərqlənib, misal olaraq dördüncü nəsil "Eurofighter Typhoon" döyüş qırıcılarının yaradılması proqramını göstərə bilərik. Yeni təyyarələrin yaradılması həmişə diqqəti cəlb edib, bu dəfə isə İngilis və Fransız mütəxəssislərin beşinci nəsli adlayaraq birbaşa altıncı nəslə keçmələri xüsusi maraq doğurur.
Avropalıların yeni nəsil tam rəqabətə qabiliyyətli döyüş təyyarəsini yaratmaqda uğur qazanacağına şübhə etmək lazım deyil. Yalnız bu təyyarənin hansı müddətdə hazır olacağı maraqlıdır. Məsələn, Avropa dördüncü nəsil qırıcısının yaradılmasına 1970-ci ildə başlayıb. 1986-cı ildə İtaliyanın "Alenia Aeronautica", Britaniyanın "BAE Systems" və "EADS" Avropa aerokosmik korporasiyası (bu gün Airbus Group-red.) birləşərək "Alenia Eurofighter GmbH" konsorsiumunu təsis etdilər. Yeni döyüş təyyarəsinin ilk uçuşu 1994-cü ildə baş verib, təyyarənin seriya istehsalı və istismarı 2003-cü ildən başlanıb.
Bu günə qədər Rusiya nəzərə alınmadan Avropa ölkələri üç növ 4-cü nəsil qırıcı istehsal edir: "Eurofighter Typhoon" (Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya), "Gripen" (İsveç) və "Rafale" (Fransa). Aİ açıq şəkildə döyüş təyyarəsinin yeni nəslinin inkişaf və istehsalının hər bir fərdi dövlət üçün çox bahalı bir layihə olacağını bəyan edərək yeni döyüş təyyarəsini birgə yaratmaq qərarını dəstəklədi.
Yuxarıda göstərilən təyyarələrin hamısı ixrac potensialına malikdir. 2017-ci ilin aprelində istehsal edilən "Eurofighter Typhoon"un 500-cü sayı nümayiş edildi. Bu ilin fevralında isə 533-cü nüsxə İtaliya HHQ-nə təslim edildi. Bu qırıcılar Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Avstriya və Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrində xidmət göstərir. Qətər, Küveyt və Oman ilə tədarük müqavilələri imzalanıb. Bu gün dördüncü nəsil qırıcısının birgə istehsalı və onun ixrac potensialı ilə bağlı Avropa ölkələrində xüsusi problemlər olmadığını söyləmək mümkündür.
Almaniya və Fransanın perspektiv döyüş təyyarəsinin yaradılması barədə düşünməsi ötən ildən məlum oldu. 2017-ci ilin iyul ayında bu barədə ilk dəfə Almaniya kansleri Anqela Merkel və Fransa prezidenti Emmanuel Makronun görüşündə açıqlama verildi. Avropanın yeni döyüş təyyarələrinin dördüncü nəsil "Eurofighter Typhoon" və "Dassault Rafale" qırıcılarını əvəz edəcəyi ehtimal edilir.
Ancaq yeni bir qırıcının yaradılması barədə işlərin çox uzaqda olduğu deyilir. Kobud qiymətləndirmələrə əsasən, yeni döyüş təyyarəsinin ilk uçuşu 2040-cı ildən tez baş verməyəcək. Yeni qırıcı beşinci nəsil təyyarələrə deyil, dərhal altıncı nəslə aid ediləcək. Bu qırıcını yaratmaq üçün bir layihəyə Avropanın əsas təyyarə istehsalçıları cəlb edilib: Airbus, Dassault Aviation, MBDA, Safran, Thales.
Gələcək yeni qırıcı layihəsinin yaradılması, "Eurofighter Typhoon" layihəsində olduğu kimi çoxtərəfli olmalıdır. Britaniya şirkəti hələ layihəyə rəsmi ad verməyib. Eyni zamanda, gələcəkdə konsorsium layihənin "bazasının gücləndirilməsi" məqsədilə proqram iştirakçılarının siyahısını genişləndirməyə hazır olduqlarını qeyd edirlər. Eyni zamanda Paris və Berlin layihənin indiki mərhələsində, onun ideologiyasına və texniki konfiqurasiyasına təsirlərin olmaması üçün üçüncü ölkə mütəxəssislərini hələlik start bazarların yaradılmasında iştirakını təmin etmək üçün hazır olmadıqlarının siqnalını veriblər.
Bu layihə, Avropa ölkələrinin altıncı nəslin qırıcı təyyarəsini yaratmaq üçün ilk cəhdi deyil. Fransızların bu gün "Système de Combat Aérien du Futur" adlandırdıqları layihə əvvəllər "Future Combat Air System" adlanırdı və "Eurofighter Typhoon" və "Dassault Rafale" qırıcılarını əvəz edəcək perspektivli aviasiya döyüş kompleksinin inkişafını nəzərdə tuturdu. Layihədə əsas tərəfdaşlar Fransa və Böyük Britaniya idi, proqramın birinci mərhələsindəki məsrəflər 2 milyard dollar səviyyəsində qiymətləndirilirdi.
"Eurofighter Typhoon"
"Airbus şirkəti" 2017-ci ildə FCAS proqramını təqdim etdi. Bu layihənin tərkibinə yeni qırıcı ilə yanaşı, insansız hava vasitələri, yanacaq dolduran təyyarə, komanda mərkəzi və orbit peykləri daxil idi. Altıncı nəsil təyyarələrini fərqləndirəcək əsas keyfiyyətlərə hipersəs sürət, yeni tipdə və növdə silah sistemləri (lazer döyüş sistemləri də daxil olmaqla), stels texnologiya, həm də maksimum uzaq məsafədən idarə edilmə (insansız nəzarət həyata keçirilməsi modeli) imkanı aid olunur. Birgə Avropa proqramının başlanmasına dair sazişin 2018-ci ilin sonunadək imzalanması planlaşdırılır və nəticədə digər Avropa ölkələri də ona qoşula bilər.
Fransa rəsmi olaraq birgə layihədən imtina etməyib, onu "paralel proses" adlandıraraq bu istiqamətdəki işlərin faydalı ola biləcəyini vurğulayıb. Fransanın 2000-2010-cu illər ərzində Britaniya ilə hərbi-siyasi sahədə fəal əməkdaşlıq etməsi Almaniyanın narazılığına səbəb olurdu.
Eyni zamanda, "Breksit" aviasiya sənayesində Fransa-Britaniya layihələrin həyata keçirilməsi perspektivlərini bir qədər azaldıb. Fransa öz risklərini diversifikasiya etməyə çalışır, Almaniyanın seçimi isə o qədər də böyük deyil. Berlin indi ciddi olaraq 2020-ci illərdə Luftvaffeni tərk etməli olan "Tornado" qırıcı-bombardmançılarını necə əvəz edəcəkləri ilə məşğuldur. Onları dəyişdirmək üçün siyasilər dördüncü nəsil "Eurofighter Typhoon" qırıcılarını, hərbçilər isə Amerika Birləşmiş Ştatlarının beşinci nəsil F-35 qırıcılarını israrla (bu israretmə artıq Berlində istefa təhdidləri ilə bağlı skandala səbəb olub) təklif edirlər.
Son dəfə yaradılan qırıcı təyyarə kifayət qədər müvəffəqiyyətli yaradılsa da, Avropanın vahid döyüşçüsü ola bilmədi. Sonra Fransa narahatlığını iştirakçılara çatdırdı. Nəticədə İngilis-Alman-İtalyan-İspan birgə istehsalı "Eurofighter Typhoon" yaradıldı. Paris isə öz "Dassault Rafale" qırıcısını təqdim etdi. Hər iki təyyarə beynəlxalq bazarda rəqabət apararaq bir-birinin satış payını azaldır, iki fərqli qırıcının eyni vaxtda çıxması kütləvi istehsalda onların dəyərinin (inkişaf xərcləri nəzərə alınmaqla) artmasına səbəb oldu.
"Dassault Rafale"
Bu dəfə inkişafçıların toruna çox güman ki, artıq İngiltərə də düşməyəcək. Doğrudur, Londonun hərbi-texniki seçimi mövcuddur. Birincisi, Böyük Britaniya onsuzda ABŞ- dan beşinci nəsil F-35B qırıcıları alır, ikincisi də Vashinqtonun yaxın müttəfiqi kimi altıncı nəsil Amerika döyüş təyyarələrinin yaradılması proqramında bəzi üstünlüklər əldə edə bilər. Bir az əvvəl isə London Kral HHQ və HDQ üçün ABŞ-dan 138 ədəd çoxfunksiyalı beşinci nəsil F-35B qırıcıları əldə edəcəyini açıqlayıb.
Qısa qalxma və şaquli enmə imkanlarına sahib beşinci nəsil F-35B qırıcıları Britaniyanın iki ədəd yeni "Queen Elizabeth" aviadaşıyıcılarının əsas zərbə gücü olacaq.
Altıncı nəsil döyüşçülərinin xüsusiyyətləri
Hələ beşinci nəsil təyyarələrin səmada qabaqcıl informasiya sistemlərinin, supersəs kreyser uçuş sürətinin, aşağı radara yaxalanma və radiotexniki sistemlərin inteqrasiyasının tətbiqi ilə əməlli başlı tanış olmadan, artıq üfüqdə altıncı nəsil təyyarələr görünməyə çalışır. Bu gün onların görünüşü və xüsusiyyətləri haqqında yalnız təxmin edə bilərik. Almaniya və Fransanın hazırladığı perspektiv döyüş təyyarəsi haqqında heç bir konkret məlumat verilmir.
Buna görə, taktiki və texniki imkanlar barədə, eləcə də yeni təyyarələrin görünüşü barədə ehtimal olaraq danışmaq olar. Bununla yanaşı, hazırda döyüş aviasiya avadanlıqlarının inkişafı üçün müəyyən istiqamətlər müəyyən edilib. Həqiqətən təyyarə həm insanlı, həm də insansız versiyalarda yaradılacaq. Bu xüsusiyyətin birbaşa davamı olaraq əməliyyatda iştirak edən pilotsuz qırıcıların "döyüş şəbəkəsinə" daxil olma ehtimalı yüksəkdir: təyyarələr vahid informasiya məkanına inteqrasiya edilərək fəaliyyət göstərən "sürülərə" birləşərək yerdən idarə olunacaq. Həmçinin bu qırıcıların pilotlarını robotlarla əvəz etmək nəzərdə tutulur.
"Airbas" konsepti, "New Fighter", "Future Combat Air System" layihəsinin əsas elementi
Bundan əlavə, altıncı nəslin maşınlarının əsas xüsusiyyətlərinə hipersəs uçuş sürəti və yüksək manevr imkanlarının mövcudluğu daxildir. 2016-cı ildə Rusiyanın "Birləşmiş Aviasiya İnşaat Korporasiyası"nın direktoru Vladimir Mixaylov tərəfindən bu xüsusiyyətlərə kompozit materialların geniş istifadəsi də əlavə edildi. Yeni qırıcı çoxfunksiyalı olmaqla yanaşı stels texnologiyaya da (istilik və RLS diapazonlarda) sahib olmalıdır.
Ola bilsin ki, altıncı nəsil qırıcılar iki sferalı hazırlanacaq, yəni eyni zamanda atmosferdə və yaxın kosmik məkanda səmərəli fəaliyyət göstərə biləcək. Həmçinin, perspektiv təyyarələrin xüsusiyyətləri arasında uçuşda formalarını dəyişdirmək və "ağıllı materiallardan" istifadə edilməsi imkanı da yer alır. Ayrıca olaraq qırıcının silahlanmasında "istiqamətlənən silahların" ortaya çıxması da nəzərdə tutulur. Burada ən azından düşmən təyyarələrinin radio aparatlarını məhv edəcək döyüş lazerinin və yüksək enerjili elektromaqnit şüalanma generatorlarının yaradılmasından bəhs edildiyi şübhəsizdir.
Məlumat Sergey Yuferevin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az