Ümumiyyətlə, təşkilat ilkin olaraq 1995-1996-cı illərdə işğal altında olan Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərib. Təşkilat maliyyələşmənin dayandırılmasından 4 il sonra, 2000-ci ildə Qarabağa yenidən qayıdıb. 2011-ci ildə isə Britaniya hökuməti Azərbaycanın tələbi ilə "HALO Trust" təşkilatının Qarabağ layihəsinin maliyyələşdirilməsini dayandırıb. Lakin bundan sonra, ABŞ-ın USAID dövlət agentliyi Qarabağda təşkilatın donoruna çevrilir.
Xatırladım ki, ABŞ 1998-ci ildən etibarən Qarabağa birbaşa "humanitar" yardım göstərir. 2012-ci ildən bu vəsaitlər əsasən "minatəmizləmə" işlərinə yönəldilir. Hazırda ABŞ Konqresinin erməni məsələləri üzrə heyəti, işğal altında olan ərazilərimizdə “minatəmizləmə” əməliyyatları üçün 6 milyon dollar, sülhə dəstək adı altında 4 milyon dollar, həmçinin Ermənistana 10 milyon ABŞ dolları məbləğində hərbi yardım, Yaxın Şərqdən gələn "qaçqınlar"ın qəbul edilməsi və onların Qarabağa yerləşdirilməsinə dəstək məqsədilə 20 milyon dollar olmaqla, 30 milyon dollar yardım edilməsini istəyib.
Lakin Qarabağda erməni hərbçilərinin ölümündən sonra və əsasən Ermənistan müdafiə nazirliyinin hadisəni ört-basdır etməsi üçün "HALO Turst" təşkilatının adından istifadə etməsi ABŞ-ın maliyyə orqanlarının mövqeyi dəyişəcəkmi və Qarabağda "minatəmizləmə" işlərinə daha çox vəsait ayırmaq qərarına gələcəklərmi? Suala cavab olaraq bildirim ki, hadisə də məhz buna ünvanlanmışdı.
""HALO Trust" dövlətlər tərəfindən maliyyələşdirildiyi digər ölkələrdən fərqli olaraq, Dağlıq Qarabağın maliyyələşdirilməsində çətinlik çəkir. Tanınmayan statusula bağlı olaraq, Dağlıq Qarabağda minatəmizləmə işlərinin, xüsusilə köhnə Dağlıq Qarabağ Muxtar Vilayətindən kənar ərazilərdə aparılması üçün maliyyələşdirmə məhduddur. Bu proqram, 2020-ci ilə qədər Qarabağın minatəmizləmə məqsədinə çatmaq üçün özəl donorların ianəsinə əsaslanır", - deyə işğal altında olan ərazilərdə qanunsuz fəaliyyət göstərən "HALO Trust" layihəsinin koordinatoru Aş Bad bildirib.
2017-ci ildə Qarabağdakı qanunsuz fəaliyyətlərinə görə "HALO Trust" təşkilatı 1 milyon dollar alıb və 2018-ci ildə maliyyələşmə davam edir. Doğrudur, proqramın ümumi dəyəri 8 milyon dollardır. Bu baxımdan, təşkilat qalan 70 minalanmış əraziləri təmizləmək adı altında fəaliyyətlər üçün donor axtarır. Təşkilatın 2020-ci ilə qədər Qarabağ ərazisində fəaliyyətlərinin tamamlanması nəzərdə tutulur.
İndi keçək məsələnin görünməyən üzünə... Neytral zonada təxribat törədən erməni hərbçilərinin "HALO Trust" təşkilatının əməkdaşı olaraq göstərmək nəyə və kimə lazım idi?
Yuxarıda qeyd olunduğu kimi, Amerikadakı erməni təşkilatları Konqresin maliyyə xidmətləri komissiyasının üzvlərinin Qarabağda qanunsuz "minatəmizləmə" işlərini dəstəkləməsi üçün üçün ciddi cəhdlər göstərirlər.
Hər il Konqres Qarabağda müxtəlif vəsaitlər adı altında fəaliyyətlərin aparılması üçün 5,8 milyon dollar və hətta 12 milyon dollar ayırır. Lakin tədricən bu məbləğ 1 milyon dollara qədər düşüb. Sırf təşkilatın maliyyə vəsaitlərinin çatışmazlığı fonunda əlavə məbləğlərin ayrılması üçün təşkilat Ermənistan müdafiə nazirliyi ilə "əməkdaşlığa" getdi və faktiki olaraq, onun oyuncağına çevrildi.
Təsadüfi deyil ki, ABŞ Konqresinin erməni məsələləri üzrə komissiyasının üzvləri Qarabağda neytral zonada ölən erməni hərbçilərini açıq-aşkar təşkilatın əməkdaşları olaraq təqdim edir və onlara lazım olan məsələləri gündəmə gətirirlər.
"İnanıram ki, bu hadisə Halo Trust tərəfindən həyata keçirilən ən vacib işə işıq salacaq. Minalardan təmizləmə işləri davam etdirilməli və daha bu təhlükəsiz olmalıdır", - deyə senator Frenk Palon vurğulayıb.
Nəticədə, ABŞ Konqresindəki erməni məsələləri üzrə komissiyanın həmsədri Ceri Şpeyer isə, "HALO Trust" və Qarabağa dəstək verməyə davam edəcəyinə söz verdi.
Göründüyü kimi, Ermənistan artıq işğal altında olan ərazilərimizdə qanunsuz fəaliyyətlər aparmaq üçün daha təxribatçı və fərqi oyunlara əl atır. İşğalçı rejim bununla, həm təxribat aparan erməni hərbçilərinin ölüm faktını gizlətdi, həm də təşkilatın adını "humanitar" fəaliyyətlərdə hallandıraraq xarici yardım təmin edilməsinə baş vurdu. Bu akt düşmən tərəfindən dezinformasiyanın cəmiyyətə ötürülməsi və ona verilən reaksiyaları da ölçdü. Nəticədə, düşmən dezinformasiya fonunda yayılan hadisənin pərdəarxasında özünə lazım olan işi gördü.
İki gün öncə təşkilatın Qarabağ ofisinin "rəhbəri" Maykl Nyuton işğalçı rejim nümayəndələri ilə görüşlərə başlayıb. Hazırda, hadisənin ciddi-cəhdlə şişirdilməsindən sonra tərəflər ayrılacaq maliyyəni hesablayır. Bununla onlar onsuz da resursları tükənən təşkilata vəsaitlərin daxil olmasını və onun işğal altında olan ərazilərdə fəaliyyətinin ömrünü uzatmağı düşünürlər.
Baş verən hadisələr isə xırda bir informasiyanın yayılması, erməni əsgərinin öldürülməsi fonunda öz əksini tapdı. Bu baxımdan informasiyanın yayılması fonunda hadisənin yeri (neytral ərazi sözü, daha sonra Yeni Qazançı kəndi ilə dəyişdirildi), istifadə edilən avtomobil ("Niva" markalı avtomobil, daha sonra "Land Rover"lə dəyişdirildi) və erməni KİV-lərinin hadisə üzrə yanaşmalarına (cəmiyyət tərəfindən heç bir reaksiya və Ermənistan MN tərəfindən heç bir məlumat yayılmadan hay-hüy salmaları, operativlik və s.) xüsusi diqqət göstərilməli idi. Hazırda sürətlə dəyişən və getdikcə təhlükəli xarakter alan geosiyasi vəziyyət fonunda informasiyanın gücü ölçülməzdir. Bu baxımdan, döyüş yalnız strateji yüksəklik və düzənlikdə aparılmır...
Alpər Mövludoğlu
Analiz
Ordu.az-a məxsusdur