Putinin Türkiyə səfəri: Ankara-Moskva yaxınlaşması perspektiv vəd edir

2018/04/137090743_15229741592001n456_1523014386.jpg
Oxunub: 4303     19:31     06 Aprel 2018    
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə etdiyi sonuncu səfəri iki ölkə arasında əlaqələrin möhkəmləndiyini bir daha ortaya qoydu. Analitiklər Ankara ilə ABŞ və NATO arasında çatların əmələ gəlməsi ilə bu yaxınlaşmanın davam edəcəyini proqnozlaşdırırlar.

Son illərdə qərb müttəfiqləri ilə ayrılmanın böyüməkdə davam etdiyi Ankara 2015-ci ildə Rusiya qırıcısının vurulmasından ötən müddət ərzində Moskva ilə əlaqələrini ciddi şəkildə gücləndirib.

Rusiya Türkiyədə ilk nüvə enerji reaktorunu tikir. Bu, 2010-cu ildə razılaşdırılan 20 milyard dollarlıq layihədir. Putin özünün iki günlük səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə birlikdə reaktorun təməlqoyma mərasimində iştirak etdi.

Bir çoxları düşünür ki, Rusiya ilə yaxşı əlaqələr saxlasa da, uzunmüddətli dövr üçün Türkiyə yenidən öz maraqlarına naminə qərb müttəfiqlərinə üz tuta bilər.

Türkiyənin görkəmli diplomatlarından olan Faruk Loqoğlu bildirib ki, Türkiyənin Rusiya ilə keçirdiyi “bal ayı” güman ki, nə davamlı, nə də sarsılmaz deyil. Lakin uzun müddətli strateji maraqlar Türkiyəyə NATO-da qalmağı, Avropa İttifaqına daxil olma yolunu izləməyi və ABŞ-la əlaqələri yaxşılaşdırmağı diktə edir.

ABŞ və NATO-nun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Ankaranın S-400 havadan müdafiə sistemlərini almaqda qərarlı olduğu görünür. Çünki, Putinlə birgə qatıldığı mətbuat konfransında Ərdoğan məsələnin qapadıldığını və artıq müzakirə mövzusu olmadığını bildirib. Bu, bir mənada Ankaranın təzyiqlərə baxmayaraq müqavilədən geri dönməyəcəyi deməkdir.

Ərdoğan iki ölkənin bəzi digər müdafiə layihələrində də əməkdaşlıq edə biləcəyini vurğulayıb. Ankarada yerləşən 21-ci Əsr Türkiyə İnstitutunun rəhbəri Cahid Armağan Dilək Türkiyənin Rusiya ilə artan əlaqələrinin daha çox Ərdoğan tərəfindən irəli sürülən şəxsi seçim olduğunu söyləyib.

Ərdoğan və Putin son bir il ərzində 8 dəfə görüşüb. Dilək qeyd edir ki, Ərdoğan Moskva ilə əlaqələrini Qərblə hesablaşmalarda “kozur kart”ı kimi istifadə etməyi düşünür.

Ankara Moskvayla əlaqələrini bərpa etməyə başladığı 2016-cı ilin yayından etibarən Suriya cəbhəsində özünün NATO müttəfiqi olan ABŞ-dan daha çox Rusiya və İranla əməkdaşlıq edir.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Putinin səfəri öncəsində Ankarada türkiyəli həmkarı Hulusi Akarla Suriyanı müzakirə edib. Türkiyə Moskvanın səssiz razılığı ilə həyata keçirdiyi Afrin əməliyyatını mart ayında uğurla tamamladı və bölgəni terrorçulardan təmizləməyə nail oldu.

Çərşənbə günü İran prezidenti Həsən Ruhani də Suriyada sülhün bərqərar olunması ilə bağlı müzakirələrin növbəti raundu üçün Ərdoğan və Putinə qoşuldu. Öz növbəsində Rusiya yaxınlaşmanı Türkiyə ilə bəzi müqavilələrin imzalanması üçün istifadə edib. Dilək bildirir ki, bu müqavilələr Moskvanın maraqlarına xidmət edir və Ankaranı Suriya məsələsində öz mövqeyinə çəkir.

“Xüsusilə S-400 müqaviləsi sayəsində Rusiya Türkiyə və Qərb arasında NATO daxilində qarşıdurma meydana gətirib. Rusiya üçün hazırkı trayektoriya Türkiyəni qərbdən ayrılmasına töhfə verir”, - deyə Dilək əlavə edib.

Bu gün Ankara kömür ehtiyacının 30%-ni, təbii qazın isə yarısını Rusiyadan idxal edir. Həmçinin, Moskva Ankaranın ən böyük üçüncü neft təchizatçısıdır. İlk nüvə stansiyasını tikməklə Ankara nüvə yanacağında da Moskva ilə birgə əməkdaşlıq edəcək.

Moskva ilə Ankaranın əməkdaşlığı hər iki ölkənin cari prezidentləri hakimiyyətdə qaldığı müddətcə güclənməkdə davam edəcək. Hətta Ərdoğan 2017-ci ildə 22 milyard dollar olan ikitərəfli ticarət həcminin 100 milyard dollara yüksəlməsinə ümid etdiyini vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-Rusiya   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin