FHK-lar haqqında məhz
Ordu.az saytında mütəmadi, analitik yazıların getməsinə baxmayaraq, bir daha bu hərbləşmiş, hərb teatrında son zamanlar daha çox yer alan, müxtəlif növ mütəxəssislərin müxtəlif fikirləri ilə gah inkar, gah da qəbul edilən “hərb maşını” haqqında qısa xatırlatma yerinə düşərdi.
Dünya savaşları anlamında qloballaşmanın iri addımlarla addımladığı bir dövrdə dövlətlər öz ordularından əlavə, müxtəlif vəzifələri belə kompaniyalar üzərinə qoymaqda israrlıdırlar. Praktika və müasir döyüş aparma anlamında heç də hər zaman ordu müxtəlif “əməliyyatlardan kənar” aspektlərə cəlb oluna bilmir və olunarsa, bu, böyük rezonanslara gətirib çıxarır. Bu zaman ilkin yaranışında Fərdi Mühafizə Kompaniyaları adı altında yaranmış, sonrakı dövrdə Fərdi Hərbi Kompaniyalar kimi fəaliyyətə başlamış birləşmələr gündəmə gəldi. İlk hərbi kompaniyanın tarixi qədimdir. İlkin olaraq Fransız Legionu göstərilir.
Mütəmadi olaraq belə kompaniyalardan istifadə edən dövlətlərin sayı bu gün artmaqdadır. Bir sıra neqativ məqamları, yəni bu kompaniyalardan istifadə edən dövlətlərin gizli planları olur:
-FHK-ların əməkdaşlarına yaralandıqları, öldükləri zaman dövlət heç bir ödəniş etmir;
- FHK-ların apardığı əməliyyatlar zamanı dövlətin odusu məsuliyyət daşımır və buna görə də əgər cinayət olarsa, böyük rezonans doğurmur;
- Dövlət FHK-lara təqaüd, tibbi sığorta, sosial müavinətlər ödəmir.
Lakin buna baxmayaraq, belə kompaniyaların dövlətlər ücün böyük xeyiri və vacibliyi də danılmazdır. Əsasən də belə FHK-ları ordunun və bir sıra strukturların görə bilməyəcəyi, yaxud çətinliklə görəcəyi məqamlarda istifadə edirlər. Əsasən ixtisaslı hərbi qulluqçular ordudan tərxis olduqları zaman uzun illər boyu qazandıqları bilikləri də özləri ilə aparır, bununla dövlət uzun müddət vəsait xərcləyərək saxladığı mütəxəssisi itirmək məcburiyyətində qalır.
Bir çox ölkələrdə bu problemi məhz FHK-lar vasitəsi ilə həll edirlər. Əsasında da Fərdi Mühafizə Kompaniyası anlayışında mütəxəssisləri cəlb edərək ölkənin xüsusi əhəmiyyət kəsb edən vacib obyektlərinin qorunması, tranzit boru kəmərlərinin, strateji əhəmiyyətli kommunikasiyaların mühafizəsində, bundan əlavə səfərbərliyə cəlb oluna bilən rezervlərin hazırlanmasında, müqavilə əsasında hərbi məktəblərin kursantlarının praktiki hazırlığında, separatçı, terrorçu qurumların başçılarının həbs olunması üçün keçirilən lokal əməliyyatlarda və s. kimi istifadəsi mümkündür. Bununla dövlət həyati vacib olan ordunun hazırlıqlı mütəxəssislərinin lazımsız yerə itirilməsinin qarşısını da almış olar. Bu kompaniyalar hissə-hissə də olsa özlərini maliyyələşdirməyə qadirdir. Müxtəlif firma və müəssisələrin qorunması, yüklərin müşayəti və s. kimi işlər sözsüz ki, maliyyə mənbəyidir.
Azərbaycan kontekstində belə kompaniyalar hələlik yoxdur. Lakin qanunvericilikdə mühafizə xidmətləri üçün qanun öz yerini tutub. İllər öncə Sovetlər dövründə DOSAAF kimi qurumların olduğunu nəzərə alsaq, bu gün həmin qurumun olmadığını, yaxud olduğu zaman ixtisaslı mütəxəssislərinin kasadlılığı hiss olunduğu dövrdə yuxarıda göstərilən qaydada kompaniyalardan yararlanmaq olardı.
Bu gün ölkə ərazisində hərbi yaxud hərbi təmayüllü düşərgələrin olması, gənclərin asudə vaxtlarının düzgün təşkil edilməsinə səbəb olardı. Bu, vətənpərvər tərbiyənin çatışmamazlığı fonunda gələcək nəslin məhz yararlı vətəndaşlıq anlamını çətinləşdirən məqamları aradan qaldırardı. Hal-hazırda gənclərin bir hissəsi əgər olimpiya mərkəzlərində idmanla məşğul olurlarsa, digər bir hissəsi faydasız məşğuliyyətlərlə günlərini keçirməyə üstünlük verirlər. Bunlar da mənəviyyat anlamının tezliklə korlanmasına gətirib çıxaran amillərdəndir. Bu kimi yerlərdə əsasən yetərincə mənəvi tərbiyə ala bilməyən gənc sonda arzuolunmaz məşğuliyyətlərə, içki aludəçiliyinə, narkomaniyaya, cinayət aləminə meyil göstərir və sonda hüquq mühafizə orqanları tərəfindən cəzalandırılır. Lakin FHK-ların daxilində müəyyən savadlı kadrların köməyi ilə gənclərin məhz hərbi və vətənpərvərlik hazırlığında, ekstremal vəziyyətlərdə yaşama hazırlığında böyük nailiyyətlər qazanmaq mümkündür.
Başqa kontekstdə DOSAAF-ların praktikasından istifadə etmək olar. Yaxın qonşumuz olan Rusiya və Ukraynada belə nümunələr yetərincədir. Bu dövlətlərdə məhz gənc nəslin hərbyönümlü təlim tərbiyəsində, onların orduya və hərbi məktəblərə ilkin hazırlığında bu cür praktikalardan yararlanmaqdadırlar. Bu gün ölkəmiz geosiyasi baxımdan mühüm strateji bölgədə yerləşir və hadisələrə daha geniş spektirda baxmağa məcburdur.
Hərbi ekspert Abuzər Əbilov
Yazı
Ordu.az-a məxsusdur