Bir neçə dəfə atəş aça bilən bıçaqlar kifayət qədər unikal silah hesab olunur. Çox nadir hallarda silah mühəndislərinə rahat bir bıçaqla və effektiv atəş açan bir qurğunu eyni araya gətirib, tarazlığı qoruyub saxlamaq nəsib olur. Bütün mübahisələrə və bəzən bu qurğuların xidmətinə ehtiyacı olmadığı barədə əsaslı arqumentlərə baxmayaraq, Çin də daxil olmaqla, bir çox ölkələrdə atəş bıçağı inkişaf etdirilir və istehsal olunur. Bu yazıda, Çin istehsalı olan, kəşfiyyatçının QSB-91 markalı atəş bıçağı ilə tanış olmaq üçün cəhd edəcəyik.
QSB-91 bıçağının ümumi xüsusiyyətləri
Çinli kəşfiyyatçının atəş bıçağı layihəsi 1991-ci ildə inkişaf etdirildi. Bu barədə bıçağın adından təxmin etmək çətin deyil. Eyni ildə bıçaq Çin Xalq Azadlıq Ordusunun xüsusi qüvvələri tərəfindən qəbul edildi və hələ də istifadə edilir.
QSB-91 bıçağına baxdığınız zaman, bıçağın tanış olduğuna dair düşüncələrdən xilas ola bilməzsiniz: silah bıçağına və qınına baxmaq kifayətdir. Amma atəş bıçağının sapı Sovet istehsalından çox fərqlidir, çünki onun daxilində təkrar doldurmadan dörd dəfə atəş açmaq üçün imkan verən bir mexanizm yerləşdirilib. Qeyd edək ki, bu bıçaq dörd ədəd yivli lüləyə malikdir, bu isə istifadə edilən sursatların potensialını və atəş zamanı nisbi dəqiqlik nümayiş etdirməyə imkan verir. Silahın sursatı və quruluşu atəş zamanı səssizliyi təmin etmir.
Əvvəlcə silahda istifadə edilən mərmi ilə tanış olmaq lazımdır. QSB-91 atəş bıçaqları Çin istehsalı 7.62x17 mərmilərindən istifadə edir. Bu sursat 1964-cü ildə PBS Type 64 inteqrasiya edilən bir tapançada istifadə etmək üçün hazırlanıb. Daha sonra bu döyüş sursatı kiçik ölçüləri ilə xarakterizə edilən digər tapança modellərində də istifadə edildi. Tez-tez bu patronun .32 ACP7 kimi tanınan 65x17 mərmiləri ilə eyni olduğu fikirinə rast gələ bilərsiniz. Lakin hər iki mərmini yanaşı qoyduqda fərqlər çılpaq gözlə belə görünəcək. Çin mərmisinin gilizi bir qədər qısadır, yivi çox geniş və fərqli bir profilə malikdir. Bundan əlavə, çinli mərminin gilizində çıxıntılı bir kənar yoxdur, .32 ACP7-də isə kiçik olsa belə bir çıxıntı mövcuddur. Texniki xüsusiyyətlərinə görə, mərmilər əsasən oxşardır, yəni, müasir standartlara görə çox zəif hesab olunurlar.
7.62x17 mərmisindəki güllənin real diametri 7.79 millimetrdir. Güllənin qabığı 4,8 qram çəkisindədir. 70-80 millimetrlik lüləyə sahib silahdan güllə saniyədə 240 metr sürətlə çıxır, yəni onun lülə ağzındakı kinetik enerjisi 135-140 coula bərabərdir. Bu silahın real imkanı 10 metr məsafədə effektivdir. Əgər güllənin gücünün minimum olduğunu nəzərə alsaq deyə bilərik ki, bu silahla düşməni zəmanətli şəkildə sıradan çıxarmaq üçün yalnız baş nahiyəsində deşik açmaq lazımdır. Bunu isə heç normal tapançalardan atəş açdıqda hər kəs bacarmır. Lakin, qarşıya bir hədəf qoyulsa, mərmisi bol olan Çin ordusunda düzgün hazırlıq və uzun məşqlər sayəsində yaxşı nəticələr əldə etmək mümkündür.
QSB-91 atəş bıçağının quruluşu
QSB-91 atəş bıçağının quruluşu çoxlüləli derrincerə çox oxşardır. Bıçağın sapında bıçaq istiqamətində ağızı kəsilən dörd lülə mövcuddur. Tutacaqda zərbə tətik mexanizmi (ZTM) yerləşir, sökülməsi zamanı isə bıçaq mərmi ilə doldurulur. ZTM 90 dərəcə dönə bilən bir tətikdən ibarətdir. Atəş zamanı dönən tətik hər dəfə növbə ilə bir mərminin arxasında dayanır. Silahın doldurulması tətiyə basdıqda baş verir. Tətik isə zərbə mexanizmi ilə sapın mərkəzindən keçən uzun bir çubuqla bağlıdır.
Silahın lülələri bıçağın hər tərəfində iki cüt olmaqla yerləşdirilir. Hədəfi nişan almaq üçün primitiv nişanalma mexanizmlərindən istifadə olunur. Atəş zamanı bıçağı bir az maili saxlamaq lazımdır, çünki nişanalma mexanizmləri bir az kənar müstəvidə yerləşir.
QSB-91 tapancasının müsbət və mənfi keyfiyyətləri
Çin atəş bıçaqının ən üstün cəhəti 4 dəfə ardıcıl doldurulmadan atəş aça bilmək bacarığındadır. 86 mm uzunluğunda olan lülələr də də müsbət amildir. Bıçaq müasir standartlara tam uyğun olmasa da, onun çoxfunksiyalılığını hələ də itirmədiyini diqqətdən yayındırmaq olmaz.
Bu atəş bıçağının mənfi cəhətləri də movcuddur. Qeyd etmək lazımdır ki, bu tip mərminin kəşfiyyatçılar üçün seçilməsi uğurlu variant deyil. Kim nə deyir desin, həmişə səmərəsiz 4 patrondansa, zəmanətli nəticəsi olan bir mərmi daha yaxşıdır. Bundan əlavə lülələr bıçaq qınında olanda belə açıqda qalır. Bu isə lülələrin çirklənməsinə və atıcının atəş zamanı böyük təəccübünə səbəb ola bilər.
Bıçaq qınında olanda hec bir halda atəş etmək mümkün olmayacaq. Yəni atəş edilsə, güllə qının kənarına dəyəcək. Bundan ötrü bıçağın quruluşunda dəyişiklik edilməməsi də maraq doğurur. Nəhayət, bıçağın lülələrini çirklənmədən qorumaq üçün köhnə PBS-lərdə olduğu kimi, ağız hissəsində rezin membranlar və ya qapaqlar quraşdırmaq olardı.
Nəticə
Çin istehsalı olan QSB-91 kəşfiyyatçının atəş bıçağı, hər hansı bir oxşar atəş bıçağı bir sıra üstünlüklərə və bir sıra çatışmazlıqlara malik olan bir silahdır. Bu tip silahları birtərəfli qaydada qiymətləndirmək olmaz, onun effektivliyi konkret vəziyyətdən və istifadəçinin bacarığından asılı olacaq. Buna baxmayaraq, QSB-91 bıçağı dünyanın ən böyük ordularından biri tərəfindən təxminən 27 ildir ki, silahlanmaya qəbul edilib və bu gün də istifadə edilir. Bu silah qarşıya qoyulan vəzifələri icra edə bilməsəydi onu çoxdan ya silahlanmadan çıxarar, ya da yenisi ilə əvəz edərdilər.
Yazı Mark Poddubnının məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az