Başlanğıcda, paraşütçü-desantların əsas vəzifələri düşmənin arxasında xüsusi əhəmiyyətli obyektlərdə təxribat törətməkdən və onların ələ keçirirməkdən ibarət idi. Lakin hərbi nəzəriyyəçilər desant qüvvələrinin gücünü artıraraq düşmən ərazisində plasdarm yaratmaq, düşmən qüvvələrini mühasirəyə salmaq və təhlükəli istiqamətlərə təcili kömək göstərmək məqsədilə istifadə edilə biləcəyini iddia edirdilər. Bu baxımdan, 30-cu illərin əvvəllərində 1500-ə qədər şəxsi heyətə malik tabor və briqadaların yaradılmasına başlandı. 1932-ci ilin dekabrında ilk belə hərbi hissə 3-cü Xüsusi Hava Briqadası oldu. 1934-cü ilin yanvarına qədər Hərbi Hava Qüvvələrində 29 belə hərbi hissə yaradıldı.
Bombardmançı TB-3-dən desant enişi
1935-ci ilin sentyabrında Kiyev Hərbi Dairəsində ilk geniş miqyaslı HDQ-nin təlimləri baş tutdu. Manevrlər əsnasında Brovarı şəhərindəki aerodromu ələ keçirmək üçün havadan desant endirmə əməliyyatı keçirildi. Bu əməliyyatda karabin və əl pulemyotları ilə silahlanan 1188 döyüşçü paraşütlə endirildi. Aerodrom "ələ keçirilən kimi" silahlı 1765 əsgər daşıyan hərbi nəqliyyat təyyarəsiləri, 29 ədəd "Maksim" pulemyotu, 2 ədəd 37 mm tank əleyhinə batareya, T- 27 "tanketka" tipli pulemyot müşaiyətçisi və bir neçə avtomobil ilə eniş etdi. T-27 istehsalı 1931-ci ildə başladı. Çox sadə hətta primitiv dizayn sayəsində, istehsalı da tez mənimsənildi. 1934-cü ilə qədər 3000-dən çox nəqliyyat vasitəsi orduya verildi. T-27 mühərriki 40 at gücündə idi və 40 km/saat sürətlə hərəkət edə bilərdi.
T-27
Lakin T-27 tez köhnəldi. Artıq 30-cu illərin ortalarında 10 mm zireh qalınlığına malik T-27, 7.62 mm pulemyotdan ibarət silahla kifayət qədər zəif hesab olunurdu.
Rəsmi olaraq, T-27, 1941- ci ili mayın 8-də silahlanmadan çıxarıldı. Müharibənin başlanğıc dövründə, 45 mm çaplı tank əleyhinə silahlar və hava limanında xidməti maşınlarını çəkmək üçün istifadə edildi.
1936-cı ildə, Belarus Hərbi Dairəsində keçirilən təlimlərdə, 3000 nəfər paraşütdən, 8200 nəfər isə təyyarədən endirildi. Şərti düşmənin "tutulan" hava limanına artilleriya vasitələri, yüngül yük maşınları və T-37A tankları da yerləşdirildi. Desant və yükün çatdırılmasını əsasən TB-3 və P-5 təyyarələri həyata keçirdi.
T-37A yüngül üzən tankı olan TB-3 bombardmançısı
TB-3 bombardmançısının yük daşıma qabiliyyəti 3,2 ton ağırlığında T-37A üzən tankını təyyarənin altında asaraq daşımağa imkan verirdi. Tankın fırlanan qülləsində DT-29 pulemyotu yerləşirdi. Hər tərəfdən zireh qalınlığı 8 mm olan korpus güllə və mərmi parçalarından qorunmanı təmin edirdi. T-37A dörd silindrli benzinli mühərriki ilə 40 at gücünə malik idi və avtomobil yolunda 40 km/saat sürətlənə bilirdi.
T-37A üzən tank
Gövdə altında asılan tank daşıyıcı təyyarənin aerodinamik müqavimətinin böyük dərəcədə artırırdı və nəticədə uçuş göstəriciləri pisləşirdi. Əlavə olaraq, şassi açılışında müəyyən problemlər yaranırdı. Bununla əlaqədar tankların suyun üzərinə atılmasına baxılırdı. İlkin təcrubə uğursuz oldu. Hidravlik zərbə şokundan 4mm tankın döşəməsı çatladı. Buna görə, suya atılmadan əvvəl tankın dərhal suya daxil olmasına mane olan əlavə taxta palet quraşdırıldı. İki nəfərlik bir heyətlə əsl desant enişi edən tankçılar da ciddi xəsarətlər aldılar. SSRİ-də müharibədən sonrakı dövrdə zirehli vasitələri daşımaq qabiliyyəti olan böyük təyyarələrin yaradılmasına başlanıldı.
1941-ci ilin dekabrında təyyarəçi O.K. Antonov bir tank planer yaratdı. Tankın bazasını T-60 təşkil edirdi, enmə üçün qanad uzunluğu 18 m, sahəsi 85.8 m², yerə endikdən sonra rahatlıqla və tez atıla bilən "planer" tankın sürücü mexanik yerindən yerindən pilot tərəfindən idarə olunurdu. 35 mm-lik zirehli qalınlığı olan bu maşın müharibə dövrünün əzəmətinin nümayişi idi.
Tankın istehsalında istifadə edilən avtomobil aqreqatları istehsalın dəyərini azaltmağa imkan verirdi. 6 ton ağırlığında tank, 20 mm TNŞ-1 avtomatik topu (ŞVAK -ın tank versiyası) və DT-29 pulemyot ilə silahlanırdı. 70 at güçündə mühərrikə sahib olan tank yaxşı bir yolda 42 km/saat sürətlə hərəkət edə bilirdi.
A-40 markasını alan "qanadlı tank"ın sınaqları 1942-ci ilin avqust ayında başladı. Planerlə ümumi çəkisi 7800 kq-a çatdıqdan sonra tankdan sınaqlar zamanı çəkini azaltmaq üçün qülləni sökdülər. Sınaqlar zamanı bombardmançı TB-3 təyyarəsinin mühərrikləri qızma səbəbindən tank yerə buraxıldı. Planerdə uçma təcrübəsinə malik pilot Anoxinin şəxsi peşəkarlığı enişin itkisiz və normal başa çatmasına səbəb oldu.
Sovet paraşütçülərinin ilk döyüş tətbiqi 1939-cu ildə Xalxin-Qol çayının yaxınlığında Çin-Monqol sərhədində baş verdi.
Mübarizədə 212-ci Hava Desant Briqadasının döyüşçüləri fərqləndilər. "Döyüş desantının" ilk endirilməsi 1940-cı ilin iyunun 29-da Bessarabiya və Şimali Bukovinanın SSRİ-yə birləşdirilməsi üzrə əməliyyat zamanı baş verdi. Desant çıxarılması məqsədilə TB-3 bombardmançıları 143 dəfə uçuş həyata keçirərək 2118 desant endirdilər. Paraşütçülər strateji cəhətdən vacib obyektlər tutdular və dövlət sərhədini nəzarət altına aldılar.
1941-45-ci illərdə müharibə başlayanda Hava Desant Briqadaları korpuslara çevrildi. Ancaq müharibə dövründə baş verən nisbətən böyük sovet paraşüt korpuslarının hücumlarını barmaqla saymaq olar.
Paraşüt-desant bölmələri adətən düşmən arxasına atılırdı ki, kəşfiyyat apararaq təxribat törətsin. Hava yolu ilə daşına bilən zirehli texnika desant qüvvələrinin tabeçiliyində yox idi. 1942-ci ildə hava desant qüvvələri qvardiya atıcı diviziyalara çevrildilər və elit piyada bölmələri kimi istifadə edildilər. Müharibədən sonrakı dövrdə isə Hava Desant Qüvvələrı birbaşa Müdafiə Nazirinə tabe edildi və Ali Baş Komandanlığın ehtiyatı hesab edildi. 1946-ci ildən etibarən hava desant bölmələrin sayı artırıldı.
Müharibədən sonra Hərbi Desant Qüvvələri tanklarla mübarizə aparmaq üçün xüsusi yüngül 37 mm ÇK-M1 və 57-mm ZiS-2 topları ilə təchiz olundu. ÇK-M1 desant topu üç hissəyə sökülərək nəql edilə bilər. Həmçinin "GAZ-64" və ya "Villis" təkərli vasitələrinə quraşdırılan "özüyeriyən" bir versiyası da mövcud idi. Təlimlərdə "özüyeriyən silahlar" Tu-4 bombardmançılarından dəfələrlə paraşüt ilə endirilmişdi.
37 mm-lik ÇK-M1 topu ilə "Villis"
Lakin, 1940-cı illərin ikinci yarısında 37mm top artıq təsirli tank əleyhinə silah olaraq qəbul edilə bilməzdi. Zireh dəlmənin daha yaxşı xüsusiyyətləri 57 mm ZiS-2 toplarında cəmlənirdi. Onun atəş gücü müharibədən sonrakı ilk onillikdə potensial düşmənin bütün orta və ağır tanklarını uğurla məhv etməyə imkan verirdi, lakin onun nəqli üçün ayrıca traktor-dartıcı tələb olunurdu. Buna görə, müharibədən sonrakı dövrdə hərbi rəhbərlik rəsmən hava desant qüvvələri üçün özüyeriyən artilleriyasistemlərinin inşaasına icazə verdi.
1948-ci ildə N.A.Astrovun rəhbərliyi altında desant əraziyə endikdən sonra onların tank əlehinə imkanlarını artırmaq məqsədilə ASU-76 yüngül özüyeriyən qurğusu yaradıldı. Qurğuda 76 mm topdan əlavə düşmənın şəxsi heyətindən müdafiə olunmaq üçün 7.62mm RP-46 pulemyotu nəzərdə tutulub. Ekipaj- 3 nəfərdir. Ön yüxarı tərəfdən zireh 13 mm, ön açağı tərəfdən 8 mm, yanlardan isə 6 mm qalınlığa malikdir. Üstəlik, özüyeriyən vasitə üstdən açıqdır. 78 at gücündə benzin mühərriki şosse yolda 45 km/s-dək sürət toplaya bilir.
ACS-76
40-cı illərin sonuna qədər LB-76S topunun texniki xüsusiyyətləri çox da təsirli deyildi. Döyüş atəş tezliyi 7 atəş/dəq səviyyəsində idi. 6.5 kq kütləyə malik zirehdələn mərmi, 3510 mm uzunluğunda lülədə 680 m/s qədər sürət toplayırdı. 500 m aralı məsafədə bu mərmi normal 75 mm zirehə nüfuz edə bilirdi. Zirehli texnikanın məhv edilməsi üçün 90 mm zirehə 500 m məsafədə nüfuz edə bilən BR-354P mərmilərindən də istifadə olunurdu. Yəni, zirehdələn LB-76S səviyyəsi "divizion" ZiS-3 və 76 mm F-34 tank topları səviyyəsində idi. Açıqda yerləşən düşmənin canlı qüvvəsinin zərərsizləşdirilməsi 6.2 kq çəkiyə və 655 m/s sürətə malik qəlpəli mərmilərlə həyata keçirilirdi. Bu ASU-76 ÖAQ 1943-cü ildə ağır alman tanklarının ön tərəfdən zirehini dələ bilmədiklərinə görə hərbçilər tərəfindən heç də xoş qarşılanmadı.
Özüyeriyən qurğunun daha yüngül və kompakt olmasına baxmayaraq, SSRİ-də o zaman yalnız uyğun yük nəqliyyat təyyarələri mövcud deyildi. 1949-cu ildə ASU-76 rəsmi olaraq qəbul edilsə də, kütləvi istehsal edilmədi. Hərbi sınaqlar və təcrübə əməliyyatları üçün cəmi 7 ədəd özüyeriyən qurğu istehsal edildi.
1949-cu ildə ASU-57 özüyeriyən qurğusunun sınaqları keçirildi. Nişangah 2000 metr məsafədə zireh dələn mərmilərlə, 3400 metrə qədər məsafədə isə qəlpəli mərmilərlə atəş açmağa imkan verirdi.
Zirehə nüfuz edə bilən BR-271 trasser mərmisi 3.19 kq çəkiyə malikdir, 975 m/s ağız sürəti ilə lülədən ayrıldıqdan sonra, normal 100 mm zirehi 500 m məsafədən dələ bilir. 2.4 kq ağırlığında olan BR-271H alt kalibrli mərmi isə 1125 m/s ilkin sürət ilə yarım kilometrdən normal 150 mm zirehi dələ bilir. Qurğunun döyüş dəstinə, tərkibində 220 qr TNT olan 3.75 kq ağırlığında UO-271U qəlpəli mərmi də daxildir. Sursat dəsti ZiS-2 tank əleyhinə topda da istifadə edilə bilən 30 ədəd qəlpəli və zirehdələn mərmilərdən ibarətdir.
ASU-57
Beləliklə, ASU-57 orta tanklarla döyüşməklə yanaşı düşmənin canlı qüvvəsini və atış nöqtələrini məhv edə bilir. Daha yaxşısının olmadığı üçün zəif müdafiə olunan özüyeriyən qurğular hücumda hava desant qüvvələrinin gücləndirilməsi üçün zirehli bir vasitə kimi qəbul edildi. ASU-57, uzun müddət havadan atıla bilən və desant qüvvələrinə atəş dəstəyi göstərə bilən yeganə zirehli vasitə olaraq qaldı.
Montaj sxeminə görə ASU-57, ASU-76-nı xatırladırdı, yalnız çəkisi 3.35 ton idi. Daha az kütlə 6 mm qalınlığında zireh plitələrdən istifadə edərək əldə edildi. Zireh yalnız 400 metr məsafədən açılan atıcı silah mərmilərindən və qəlpələrindən qoruyurdu. Özüyeriyən qurğuya QAZ-M-20 "Pobeda" sərnişin avtomobilinin mühərriki quraşdırıldı. 55 at gücündə olan ASU-57 şossedə maksimal 45 km/saat sürət toplaya bilirdi.
76 mm ÖAQ fərqli olaraq ASU-57 təkcə silahlanmaya qəbul edilmədi, həm də kütləvi seriya şəklində istehsal edildi. 1950-ci ildən 1962-ci ilə qədər Mıtışinski Maşınqayırma Zavodu (MMZ) 500-ə yaxın desant ÖAQ istehsal etdi. 1959-cu ildə yeddi hava desant diviziyasında təxminən 250 ədəd özüyeriyən top mövcud idi. SSRİ-dən başqa, qurğular Polşaya və Şimali Koreyaya da göndərilirdi. Seriya istehsalı zamanı, SAU-57 dizaynına yeniliklər edilirdi. Hər şeydən əvvəl, bu silahlanma ilə əlaqəli idi. 1954-cü ildən sonra ASU-57 modernləşdirilən bir silahla təchiz edildi. Ç- 51M topu aktiv tipli kompakt ağız əyləcinə, dəyişdirilən təpmə mexanizminə və yeni çaxmaq qurğusuna sahib oldu.
Yak-14 desant planeri
Əvvəllər ASU-57 ÖAQ-nun çatdırılması üçün vasitə kimi konstruksiyası gücləndirilən və 3600 kq daşıya biləcək Yak-14M yeganə desant planeri idi. Özüyeriyən qurğu planerə özü daxil olurdu və onu ön hissədəki açılan qapaqdan öz hərəkətiylə tərk edirdi.
Yak-14, 1949-1952-ci illərdə seriya şəklində kütləvi istehsalı olundu. Üç il ərzində 413 ədəd planer inşa edildi. Desant planerləri üçün dartıcı qismində İl-12D hərbi nəqliyyat təyyarələri istifadə edilirdi. Lakin, reaktiv aviasiya yarandıqca desant- nəqliyyat planerləri köhnəlməyə başladı. Planerlərin qalxması və enməsi üçün 2500 metr üzünlüqda hazır torpaq zolaqlara ehtiyac var idi.
Dartma rejimində planerin mühərriki böhran dövr sayına yaxın sürətlərdə çalışırdı, dartı sürəti isə 300 km/saatdan çox olmurdu. Uçuş isə 2000-2500 metr yüksəklikdə keçirdi. Dartı və enmə meteoşəraitdən birbaşa asılı idi. Gücə və məhdud görmə şəraitində uçuşlar çox təhlükəli olurdu və pilotlardan yüksək ustalıq səviyyəsi tələb olunurdu. Bundan əlavə, aşağı sürətdə və ifrat dərəcədə məhdud manevr şəraitində uçuş zenit qurğularının və qırıcıların hücumuna məruz qalmaq üçün çox münasib imkan yaradırdı.
AN-8 və AN-12 turbovintli hərbi nəqliyyat təyyarələrinin silahlanmaya qəbulundan sonra vəziyyət dəyişdi. Texniki imkanları köklü şəkildə yaxşılaşan bu maşınlar uzun müddət sovet hərbi nəqliyyat aviasiyasının əsas "işçi atları" oldular və həqiqətən də Hava Desant Qüvvələrini mobil bir quruma çevirdilər. ASU-57 qurğuları həm paraşüt, həm də təyyarədən enmə üsulu ilə əməliyyat rayonlarına çıxarılırdı.
ASU-57-ni paraşüt ilə endirmək üçün istifadə olunan P-127 universal paraşütləri MKS-4-127 paraşüt platformalarında da istifadə edilirdi. Platform 250-350 km/saat açılan sürətlə, 800-8000 yüksəklikdən 3.5 tona qədər yükləri endirmək üçün nəzərdə tutulurdu.
Ekipaj artilleriya vasitələrindən ayrı endirilir və endikdən sonra avadanlıqları paraşüt vasitələrindən azad edir. Belə bir sxem çox da rahat deyil, çünki paraşütçülərin və yük platformalarının bir neçə kilometrədək çox geniş ərazidə səpələnməsi baş verir.
Ekipaj üçün daha sürətli və rahat yük maşını Mi-6 ağır nəqliyyat helikopteridir. Karyerası boyunca ASU-57 ağır nəqliyyat təyyarələrindən - An-22 və IL-76 təyyarələrindən də endirilib.
Zirehli vasitələrin məhv edilməsi imkanlarına görə, ACS-57 ÖAQ, 57 mm çaplı ZiS-2 tankı əleyhinə topları ilə eyni səviyyədə idi. Bəzi hallarda ÖAQ-lar 85 mm D-44, D-48 və 120 mm-lik minaatanlar üçün qoşqu vasitəsi kimi də istifadə edildi. BMD-1 və BTR-D vasitələrinin silahlanmaya qəbul edilməsindən əvvəl, təcili qoşun göndərilməsi tələb olunduqda, bu ÖAQ üzərində 4 desant əsgərlə dərhal yola düşürdü.
70-ci illərində əvvəllərində desant qoşunları, qərb tanklarının ön zirehini dəlib keçə bilməyən ASU-57 qurğuları ilə vidalaşmağa tələsmirdilər. Yüngül və kompakt qurğular 80-ci illərin ortalarına qədər Sovet hava-desant qoşunlarında xidmət etdi. Əvvəlcə ASU-57 diviziyanın tank əleyhinə vasitəsi hesab olunurdu, sonradan isə ASU-85 ÖAQ qəbul edildi və ASU-57 alay səviyyəsinə təyin edildi.
Çexoslovakiyada ASU-57
Döyüş əməliyyatlarında 57 mm-lik özüyeriyən qurğuların iştirakı barədə heç bir dəlil yoxdur. Lakin bu toplardan 1968-ci ildə Çexoslovakiyada Varşava Müqaviləsi ölkələrinin qoşunlarının silahlanmasında istifadə edildiyi məlumdur.
Turbo vintli hərbi nəqliyyat təyyarələrinin layihələndirilməsinə paralel olaraq N.A.Astrovun rəhbərliyi altında Mıtışinski maşınqayırma zavodunda 85 mm topla silahlanan yeni ÖAQ-ın yaradılmasına başlandı. ASU-76 və ASU-57-dən fərqli olaraq, ASU-85-in sürücü oturacağı öndə, onun arxasında isə topdan solda tuşlayıcı, sağda isə doldurucu və komandir yerləşirdi. ASU-85 ÖAQ-ın zireh mühafizəsi T-34 tankı ilə eyni səviyyəyə çatdırıldı. Qalın zireh 400 metrdən uzaq məsafədən 12.7 mm mərmilər qarşısında tab gətirə bilirdi.
85 mm D-48 tank əleyhinə qurğular üçün mərmilər
9.3 kq çəkiyə malik BR-372 zirehdələn mərmisi, 1005 m/san sürəti ilə lüləni tərk edərək 190 mm qalınlığında zirehi 500 m məsafədə dəlib keçə bilir. Daha çox zireh dəlmə üçün sürəti 1150 m/s olan 4.99 kq ağırlığında bir kalibraltı Br-367P trasserlərindən istifadə olunurdu. Bunlardan əlavə zirehli texnikaya qarşı 7.22 kq çəkisində və 150 mm zirehi dəlib keçə bilən 3BK7 kumulyativ mərmilərdən istifadə edilirdi. Kumulyativ mərmi üçün zireh dəlmə qabiliyyəti məsafədən asılı deyil. 85 mm D-70 topunun 2500 m-ə qədər məsafədə zirehli hədəfləri məhv edə bildiyi iddia olunsa da, əslində tanklara qarşı effektiv məhvetmə məsafəsi 1600 metrdən artıq deyil.
Döyüş dəstinin tərkibinə 9.54 kq ağırlığında olan UO-365K qəpəli-fuqas mərmiləri də daxildir. Yüksək partlayıcı gücə malik bu mərmilər düşmənin canlı qüvvəsini məhv etmək və ərazidəki istehkamlarını sıradan çıxarmaq üçün uğurla istifadə edilə bilər. Qəlpəli fuqas mərmilərin atəş məsafəsi 13400 metrdir. ÖAQ-ın döyüş atəş tezliyi 12 atəş/dəqiqədir, amma praktikada 6-8 atəş/dəqiqədən çox deyil.
Birbaşa düzünə tuşlama atışı teleskopik görünüşlü TŞK-2-79-11 nişangahının köməyi ilə aparılır. Qapalı atəş mövqelərindən atəş açıldığı zaman S-71-79 panorama tipli nişangahdan istifadə edilir. Gecə atışlarını həyata keçirmək üçün TPN-1-79-11 markalı gecə görmə cihazı mövcuddur. Top ilə 7,62 mm pulemyot cütləşdirilib. Döyüş dəsti 45 ədəd artilleriya mərmisindən və 2000 ədəd tüfəng mərmisindən ibarətdir.
Özüyeriyən qurğu o vaxt üçün yeni olan 6 ədəd bir cərgəli rezinlə örtülü dayaq təkərlərinə, arxa və ön istiqamətləndiricilərə və tırtılların dartılma mexanizminə sahib oldu. Asqı fərdi torsion tipli idi. Hərəkətin yumşaqlığı porşenli hidravlik amortizatorlar tərəfindən təmin olunurdu. İkitaktlı dizel YAAZ-206V avtomobil mühərriki 210 at gücünə malikdir. 15 ton ağırlığında ÖAQ şossedə 45 km/saat qədər sürət toplaya bilirdi.
Nisbətən kiçik kütləsini nəzərə alaraq, özüyeriyən qurğu yolsuzluq şəraitində belə yaxşı hərəkət edə bilirdi. Ehtiyat gediş məsafəsi 360 km idi.
Əvvəlcə desant kimi endirilə bilən ASU, SU-85 adını aldı, lakin II Dünya Müharibəsi zamanı istifadə edilən özüyeriyən qurğu ilə qarışıq düşməməsi üçün onu ASU-85 adlandırdılar.
ASU-85
ASU-85-in ilk seriya modifikasiyası çatıya malik deyildi, səfər vəziyyətində kabin üstdən brezent ilə örtülürdü. Sonradan, döyüş bölməsini yuxarıdan dörd qapaqlı 6 mm qalınlığında zirehlə bağladılar. 1960-1980-ci illərdə qlobal və ya məhdud münaqişə zamanı nüvə və kimyəvi silahlardan istifadə ilə bağlı ehtimal olduqca yüksək hesab edilirdi. Kütləvi qırğın silahlarından istifadə şəraitində ASU-85 qurğularının imkanları olduqca məhdud idi. Özüyeriyən silahın döyüş bölməsi germetik deyildi, maşının daxilində filtrasiya elementi və əlavə təzyiq yaradan cihaz yox idi. Buna görə kimyəvi və ya radiasiya hücumuna məruz qalan ərazidə ekipaj yalnız əleyhqaz və ümumqoşun mühafizə dəstində işləməyə məcbur idi.
ASU-85 deqazasiya prosesi
Ərəb-İsrail müharibəsində ASU-85-dən döyüş istifadə təcrübəsi qurğu üzərinə 12,7 mm-lik bir DŞKM pulemyotu qurmaq zərurətini ortaya qoydu. Sonrakı illərdə buraxılan maşınlarda komandir qülləsi də mövcud idi.
ASU-85 əvvəllər yalnız An-12 və An-22 hərbi nəqliyyat təyyarələrindən enmə üsulu ilə endirilə bilərdi. Lakin 1972-ci ildə 4P134 (P-16) platformasının silahlanmaya qəbul olunmasından sonra, onun paraşüt vasitəsilə endirilməsi də mümkün oldu.
Maşın çox qübbəli paraşüt sistemi olan bir platformaya bərkidilir. Yerə enməyə az bir zaman qaldıqda xüsusi əyləcli raket mühərrikləri işə düşür, bu da şaquli sürətin tam azalmasına səbəb olur. Enmədən sonra özüyeriyən qurğunun heyət üzvləri maşınla birlikdə enə bilsələr 5 dəqiqə sonra texnika döyüşə hazır vəziyyətə gətirilə bilər.
Seriya istehsalı 1959- 1966-cı illərdə davam etdi. 7 il ərzində təxminən 500 maşın istehsal etmək mümkün oldu. Hərbi Desant Qüvvələrində ASU-85 ÖAQ əlahiddə özüyeriyən artilleriya divizionunun tərkibində (30 ədəd) diviziya komandirinin ehtiyat qüvvəsi qismində istifadə olunub.
98-ci qvardiya hava desant diviziyasının özüyeriyən artilleriya divizionunun 85 mm ASU-85 sistemləri
1960-1970-ci illərdə 85 mm D-70 silahlarının zireh dəlmə xüsusiyyətləri NATO ölkələrində silahlanmada olan orta tanklar ilə mübarizə aparmağa imkan verirdi. Bundan əlavə, ASU-85 hücumda qanadlı piyadaların dəstəklənməsi vasitəsi sayılırdı. ASU-85 sisteminin silahlanmaya qəbul edilməsi sovet hava desant qüvvələrinin döyüş potensialını ciddi şəkildə artmasına səbəb oldu.
Polşa Silahlı Qüvvələrinin ASU-85 qurğusu
60-cı illərin ortalarında 50 ədəd ASU-85 Misirə, 31 ədəd Polşaya və 20 ədəd ADR- ə təslim edildi. Sovet İttifaqında 70-ci illərin sonlarında təxminən 250 özüyeriyən silah istismar olunurdu. 1979-cu ildə Vyetnam-Çin qarşıdurması başlandıqdan sonra ASU-85 qurğuları Vyetnam Xalq Ordusunun tank əleyhinə birləşmələrinin döyüş imkanlarını artırdı. Yaxın Şərqdə olduğu kimi, Cənub-Şərqi Asiyada da yüngül özüyeriyən qurğular, aşağı çəki, yaxşı hərəkətlilik və yüksək atəş gücünü özündə birləşdirərək savadlı istifadə zamanı özlərini müsbət cəhətdən göstərdilər.
ASU-85 Praqada
Sovet İttifaqının ASU-85 qurğularından hərbi əməliyyat çərçivəsində ilk dəfə 1969-cu ildə Varşava Müqaviləsi qoşunlarının Çexoslovakiyaya yeridilməsində istifadə olundu. Bundan sonra ordu sıralarında bu qurğunu "Praqa timsahı" adlandırdılar. ASU-85 qurğusu həm də "Əfqan epopeyası"nın ilkin mərhələsində 103-cü hava desant diviziyasının artilleriya divizionunun tərkib hissəsi kimi iştirak edib.
80-ci illərin birinci yarısında hava desant birliklərinin artilleriya bölmələrindən özüyeriyən qurğuları götürərək saxlama bazalarına yerləşdirdilər. Rəsmi olaraq, ASU-85 ÖAQ 1993-cü ildə silahlanmadan çıxarıldı. Əslində isə həmin dövrdə nizami döyüş bölmələrində özüyeriyən silahlar artıq yox idi...
Lakin ASU-85 qurğularının tarixi bunula tamamlanmadı. 2015-ci ildə Vyetnam Ordusu özüyeriyən qurğularını saxlanma bazalarından çıxararaq təmir edib və yenidən 168-ci artilleriya Briqadasının döyüş tərkibinə daxil edib. Vyetnam Xalq Ordusunun rəhbərliyi hesab edir ki, bu nəqliyyat vasitələri ağır zirehli texnikalar üçün keçilməz olan ərazilərdə çox yaxşı nəticələr göstərir. Vyetnamın əsas potensial düşməni Çində T-55 markalı sovet tanklarının bazasında çoxsayda yüngül tankların olduğunu nəzərə alarsaq ASU-85 ÖAQ çox faydalı ola bilər. Çoxqatlı ön zirehə malik müasir tanklar, 85 mm-lik zireh dələn mərmilərin yandan zərbəsinə qarşı kifayət qədər həssasdır.
(Ardı var…)
Araşdırma Linnik Sergeyin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az