Öz növbəsində İran müdafiə naziri Əmir Hatəmi, İran İslam Respublikasının xarici siyasətində qonşu ölkələrə, xüsusilə Azərbaycana böyük önəm verdiyini qeyd etdi.
Dövlətimizin başçısı Əmir Hatəminin Azərbaycana bu səfərinin ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin hazırkı vəziyyəti və gələcək birgə əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə etdi.
Ümumiyyətlə danışıqlar zamanı tərəflər Azərbaycan və İran arasında hərbi-siyasi əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetiriblər.
İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Azərbaycan və İran müdafiə nazirlərinin görüşündə isə bölgədəki hərbi siyasi vəziyyət müzakirə edildi. Azərbaycan müdafiə naziri Zakir Həsənov Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin regional sabitliyə ciddi təhdid təşkil etdiyini iranlı həmkarının diqqətinə çatdırdı.
Görüş zamanı Hatəmi, ölkələrimiz arasında bir çox istiqamətlərdəki kimi hərbi sahədə də əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulamaqla yanaşı, o, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan etdi.
O qeyd edib ki, İran müsəlman dövləti olaraq Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu sahədə istənilən yardımı göstərməyə hazırdır. Görüşdə Azərbaycan və İran orduları arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Təbii ki, İran Müdafiə nazirinin ölkəmizə səfəri və səsləndirdiyi bəyanatlar, ən əsası isə istənilən hərbi yardımın göstərilməsi barədə çıxışı Ermənistanda olduqca qısqanclıq, daxili nifrət hissi yaratdı. Lakin erməni mətbuatı İran kimi bir ölkənin Ermənistan üçün həyati vacibliyini anlayaq, öz səbr kasasını daşırmadı. Daha fərqli bir yol tutaraq İran müdafiə nazirinin bəyanatlarına fərqli don geyindirməyə və öz daxili ictimaiyyətini aldatmağa hesablanmış məqalələr dərc etməyə başladılar.
Məsələn iranşünas Armen İsraelyan təcili olaraq öz "Facebook" səhifəsində, general Hatəminin Zakir Həsənovla görüşü zamanı bütün ölkələrin ərazi bütövlüyünə əhəmiyyət verdiyini qeyd etdiyini yazdı. Təbii ki, İsraelyan Hatəminin sözlərini təhrif etdi və onun ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi sözlərini fərqli şəkildə erməni ictimaiyyətinə çatdırdı. Hatəmin sözlərini təhrif edən İsraelyan yazır ki, İranda separatçılıq təhdidini nəzərə alaraq İranın ərazi bütövlüyünün qorunmasının əhəmiyyətini vurğulaması başa düşüləndir. Lakin bu halda diqqət çəkən əsas məqam, İranlı yüksək vəzifəli hərbçinin bütün ölkələrin fonunda Azərbaycanı da ayırmadan ərazi bütövlüyünün qorunması vacibliyi haqqında danışmasıdır. Məhz bu məsələ İsraelyanın "nala-mıxa" vurma siyasətini alt-üst edir.
İsraelyanın yalançı açıqlamalarından fərqli olaraq, İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Ordu.az-a açıqlamasında torpaqlarımızın geri qaytarılması və əraizisinin bütövlüyümüzün bərpası üçün İranın dəstək göstərməli olduğunu vurğulayıb: "Nazirlərimiz arasında Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparıldı. Münaqişənin tənzimlənməsi bundan sonra da regioda stabilliyin möhkəmlənməsinə səbəb ola bilər. Bütün müsəlman ölkələri, o cümlədən də Azərbaycanın qonşusu olan İran Qarabağ münaqişəsinin həlli, Azərbaycan torpaqlarının geri qayıtması və əraizisinin bütövlüyünü bərpası üçün dəstək göstərməlidir.
Əgər Qarabağ problemi həllini tapsa, Cənubi Qafqaz rahat nəfəs alacaq – region ölkələri çiçəklənəcək, ölkələr arasında əməkdaşlıq genişlənəcək, region ölkələrinin hamısının iştirakı ilə iri layihələrin realizəsi mümkün olacaq. Hazırda iqtisadi inkişafın uğurluluğu regionda stabillik və təhlükəsizlikdən asılıdır. Regionda ərazi münaqişələrinin olduğu halda ölkələrin potensialını tam olaraq həyata keçirmək mümkün deyil.
Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli müsəlman dünyası qarşısında duran çox mühüm məsələdir. Bu məsələnin həll artıq qeyd etdiyim kimi, regionun və və regionun qlobal layihələrində iştirak etmək istəyənlərin xeyrinə olardı".
Azərbaycan İran münasibətlərində Ermənistanın gücsüzlüyü
İstənilən halda Azərbaycan və İran arasında müdafiə və hərbi texniki sahədə əməkdaşlıq əhəmiyyətlidir. Ermənistandan fərqli olaraq, Azərbaycan İranla hərbi texniki sahədə əməkdaşlıqda kifayət qədər uğur əldə edib. Zakir Həsənov 2017-ci il aprelin 15-də İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə İrana rəsmi səfər edib. Səfər zamanı Zakir Həsənov bu ölkənin hərbi-siyasi rəhbərliyi ilə danışıqlar keçirib və əlbətdə ki, bu danışıqların detalları açıqlanmadı.
Bundan əlavə, hazırda Azərbaycan və İran müdafiə nazirlikləri arasında hərbi texniki məsələlərlə bağlı işçi qrupu fəaliyyət göstərir. Bu qrupun ilk iclası da 2017-ci ilin oktyabr ayında Bakıda keçirilib.
Ermənistan və İran hərbi və hərbi texniki əməkdaşlığı isə hələ də danışıqlar səviyyəsindən irəli getməyib. Əlbəttə, müdafiə və təhlükəsizlik məsələlərinin xüsusiyyətlərinə görə, bir qayda olaraq detallar barədə məlumat verilmir və gizli saxlanılır.
Bu sahədə İran və Ermənistan arasında yüksək səviyyəli son əlaqə 2017-ci ilin yanvar ayında baş tutub. Həmin tarixdə Ermənistan müdafiə nazirki Vigen Sarkisyanın rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edib. Ermənistan müdafiə nazirinin rəhbəri Tehranda iranlı həmkarı ilə hərbi texniki və elmi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edib. Ermənistan nümayəndə heyəti İranın elektron sənaye şirkətində də olub. Məlumat üçün qeyd edək ki, bu şirkət müdafiə sahəsi üçün texnoloji problemlərin həlli layihələri və həyata keçirilməsində ixtisaslaşıb. Həmin dövrdə ekspertlər, İran və Ermənistanın birgə pilotsuz uçuş aparatları istehsal edə biləcəyi barədə məlumatlar yayırdılar.
Lakin Hatəminin Azərbaycan səfəri, ermənilər tərəfindən səsləndirilən fikirlərin əsassız olduğunu ortaya çıxardı. Faktiki olaraq, IRNA agentliyinin yaydığı məlumatda, Əmir Hatəminin Heydər Əliyev adına Ali Hərbi Məktəbdə olarkən, İranın terrorizmlə mübarizə və müharibə sahəsində sahib olduğu dəyərli təcrübələrini qonşusu Azərbaycanla bölüşməyə hazır olduğunu qeyd edilir.
"İran hazırda özünün ehtiyac duyduğu bütün hərbi ləvazimatları özü istehsal edir. Tehran və Bakı tarixi, mədəni və dini yaxınlığa sahibdir və bu ikitərəfli əlaqələrin genişləndirilməsi üçün zəmin hazırlayır", - deyə iranlı nazir qeyd edib.
Danışıqlardan sonra, Əmir Hatəmi iki ölkə arasında mövcud olan müdafiə əməkdaşlığının hansısa üçüncü ölkəni hədəf almadığını bildirdi. O, İranın bütün qonşuları ilə yaxşı əlaqələr qurmağa çalışdığını, lakin Azərbaycanın İranın xarici siyasətində xüsusi statusa sahib olduğunu vurğuladı. Tehran və Bakı arasındakı tarixi hərbi əlaqələrə toxunan Hatəmi İran prezidenti Həsən Ruhaninin ikinci prezidentlik dövründə Azərbaycanla İran arasında hərbi əməkdaşlıq üzrə mövcud olan ortaq komissiyanın daha da inkişaf etdiyini qeyd etdi.
Birgə hərbi sənaye
İran müdafiə naziri Zakir Həsənovla görüşdükdən sonra Azərbaycan Müdafiə Sənayesi Nazirliyində oldu. Görüş zamanı müzakirələr barədə detallar açıqlanmasa da, iki ölkə arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf persperktivlərinə dair fikir mübadiləsinin aparıldığı bildirildi.
Əfşar Süleymani, iranlı nazirin hansı hərbi yardımdan bəhs etdiyini dəqiq bilmədiyini qeyd edib: "Əlbəttə, biz dəqiq olaraq nazirin hansı hərbi yardımdan bəhs etdiyini bilə bilmərik, lakin bir məsələ aydındır – İran tərəfi Azərbaycanla hərbi sahədə qarşılıqlı fəaliyyətə müsbət yanaşır. Hərbi əməkdaşlıq müxtəlif sahələri əhatə edir – silah və sursat təchizatı, treninq və hərbi konsultasiyaların aparılması, hərbi avadanlıqların istehsalının birgə təşkili və s. İran keçmişdə hərbi treninqlər keçirib. Daha öncə ölkələrimiz arasında imzalanan müqavilə hərbi əməkdaşlığın silah və sursat təchizatı və s. kimi müxtəlif sahələrini əhatə edib. Təbii ki, rəsmi şəkildə məlumat verilməyən digər satışlar da həyata keçirilib. Əgər Azərbaycan hərbi yardım üçün İrana müraciət etsə, biz buna yalnız müsbət yanaşarıq".
Azərbaycan-İran hərbi münasibətləri haqqında danışan iranşünas Emma Beqicanyan general Hatəminin Bakıda Azərbaycanın müdafiə sənayesi üzrə məsul şəxslərlə görüşünü qısqanclıqla qarşılayıb.
"İki ölkə hərbi sənaye sahəsində birgə istehsala başlamaq niyyətindədir. Ancaq konkret hansı silah növünün istehsal edilməli olduğu açıqlanmır. Bunun pilotsuz uçuş aparatı, yoxsa tank istehsalı olduğu məlum olmasa da, müzakirələrin aparıldığı dəqiqdir. Lakin siyasi sahədə verilən bəyanatlara gəldikdə Hatəmi bildirib ki, Azərbaycanın sabitliyi və təhlükəsizliyi, İranın sabitliyi və təhlükəsizliyi deməkdir. Yəni bu İran üçün çox əhəmiyyətlidir. Əlbəttə, Hatəmi Ermənistan haqqında da belə bir fikir söyləsəydi daha doğru olardı", - deyə Emma Beqicanyan qısqanclığını gizlədə bilməyib.
Qeyd edək ki, Yaxın Şərqdə baş verən proseslər fonunda İranın regionda artan çəkisi Ermənistan üçün olduqca önəmlidir. Lakin Hatəminin dediyi kimi, digər qonşulardan fərqli olaraq, Azərbaycanın İranın xarici siyasətində xüsusi statusa sahib olması Ermənistanın İran üçün nə dərəcədə önəmsiz bir ölkə olduğunu ortaya çıxarır.
Alpər Mövludoğlu
Analiz
Ordu.az-a məxsusdur