“Qarabağ yenidən suveren Azərbaycanın tərkib hissəsi olacaq” – Serb politoloq (ÖZƏL)

2017/11/main-qimg-00d2b85e2a57b972f78ed5ecf217a849-c23423_1511857425.jpg
Oxunub: 540     16:13     28 Noyabr 2017    
Ordu.az tanınmış serb politoloqu, Belqradın “Politika” qəzetinin siyasi icmalçısı Slobdan Boko Samadciya ilə müsahibəni təqdim edir.


- Sebiya prezidenti Aleksandr Vuçiç bu yaxınlarda Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdü. Eyni zamanda, Belqrad ətrafında ABŞ-Serbiya hərbi təlimləri baş tutdu. Nə düşünürsünüz, Serbiya NATO-ya daxil ola bilərmi?

- Serbiya heç vaxt ən azı öz iradasi ilə NATO-ya daxil olmayacaq. Sirr deyil ki, Serbiyanın NATO üzvlüyü ABŞ-ın Rusiyanı bütün tərəflərdən əhatəyə almaq planının tərkib hissəsidir. Hərçənd ki, mənim ölkəm Rusiya ilə sərhəddə malik deyil, lakin Vaşinqtonun qitənin şərqinə doğru irəliləməsi planlarında çox vacib rola malikdir.

Digər tərəfdən, Qərbin Belqrada təsiri çox güclüdür və bizim cari siyasi elitamız bütün qüvvəsi ilə bu təsiri azaltmağa çalışır. Həmçinin serblərin böyük əksəriyyəti hiss edir və bilir ki, müharibə və sülh dövründə Rusiya bizim yeganə müttəfiqimizdir.

Beləliklə, NATO güclərinin Belqradda təlimi Qərbin təsiri ilə bizim Rusiyanın yanında qalmaq qərarımızın balanslaşdırılması oyununun daha bir üsuludur.

- Yəni hazırda Serbiya Qərb yönlü deyil, təmamilə Rusiya yönlüdür?

- Mənim baxış bucağımdan və həmçinin serb KİV-lərinin nəşrlərini nəzərə almaqla qəti şəkildə demək olar ki, serblərin çox böyük əksəriyyəti Rusiya yönlü hisslərə malikdirlər.


- Sizcə, serblər NATO-nu Belqradın bombardmanına görə bağışlayıblarmı?

- Xeyr, serblər NATO qüvvələrinin Belqradı və Serbiyanın digər şəhərlərini bombalamasını bağışlamayacaq və unutmayacaqlar. Hətta əgər mənim şəxsən inanmadığım hər hansı qəribə vəziyyətin mövcudluğu halında biz alyansa birləşməli olsaq, günahsız insanların öldürülməsi və bizim iqtisadiyyatımızın məhvi unudulmayacaq.

Bildiyiniz ki, Belqrad II Dünya Müharibəsi zamanı almanlar tərəfindən güclü bombardmana məruz qalıb, lakin biz yaxşı bilirik ki, bu, bütün dünya tarixində faciəvi hadisə idi və təbii proses nəticəsində bir müddətdən sonra onu bağışlamaq və unutmaq mümkün oldu. Lakin NATO-nun bombardmanı unudulmayacaq hadisədir. Sadəcə ona görə ki, həmin dövrdə Serbiya hər hansı Avropa ölkəsi üçün təhlükə mənbəyi deyildi.


- Serbiya ilə Azərbaycan əlaqələrini necə qiymətləndirirsiniz?

- Əminliklə bəyan edə bilərəm ki, Serbiya və Azərbaycan arasında əlaqələr həqiqi dostluq münasibətidir. Azərbaycanın Serbiyadakı səfirliyi, şəxsən səfir Eldar Həsənov yalnız diplomat kimi deyil, həm də bizim tariximiz, mədəniyyətimiz və biznesimizdə daha çox toxunma nöqtələri axtaran intellektual şəxs kimi bizim ölkələrimizin yaxınlaşması üçün çox fəaliyyət göstərir.

- Azərbaycan Serbiyanın Qarabağı tanımadığı kimi Kosovonu tanımayıb. Fikrinizcə, Sebiya və Azərbaycan ərazi bütövlüklərini nə zaman bərpa edə biləcəklər?

- Aydındır ki, biz yeni həyəcanlar dünyasında yaşayırıq. ABŞ daha fövqəldövlət deyil. Hər ötən gün Rusiya və Çin daha güclü olurlar, ABŞ isə zəifləyir. Təbii ki, bu, uzun prosesdir və onun real nəticələri gələcəkdə görünəcək. Lakin ABŞ və onun müttəfiqlərinin qüdrətinin azalması qaçınılmazdır.


Bu həmçinin Azərbaycan və Serbiya kimi ölkələrin problemidir, çünki bizə güclü müttəfiqlər lazımdır. Bu həm də bir çox ölkələrin öz siyasətini dəyişməli və bizim hələ necə görünəcəyini bilmədiyimiz dünyada mövcud olmaq üçün yeni üsul tapmalı olduqları dövrdür. Suverenliyimizin saxlanılması bizim nə qədər güclü olmağımızdan və hər şeydən öncə, xalqlarımızın özləri uğrunda vuruşmağa hansı dərəcədə hazır olmaqlarından asılıdır. Azərbaycanlıları tanıyaraq əminliklə deyə bilərəm ki, Dağlıq Qarabağ yenidən suveren Azərbaycanın tərkib hissəsi olacaq.

Kosova məsələsinə gəlincə isə, onun Serbiyanın tərkibinə qayıtması ABŞ və Avropa İttifaqının məğlubiyyəti demək olacaq. Bu, onların cari siyasətinin bir çox münasibətlərdə yanlış olması demək olacaq. Və təbii ki, onlar belə qərar qəbul etməyə hazır olmayacaqlar. Bu, birmənalı olaraq onların Avropanın gələcəyi barədə ümumi düşüncələrini yox, arxasında durduqları hər şeyin bir neçə güclü ölkənin eqoist siyasəti olduğunu göstərərdi.

Bəhram Batıyev
Tərcümə etdi: Ağalar Qəribov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Kosova  


Bizi "telegram"da izləyin