Ordu.az xəbər verir ki, bu barədə BQXK-nin Ermənistanda informasiya şöbəsinin əməkdaşı Zara Amatuni bildirib.
"Biz müstəqil vasitəçi kimi çıxış etməyə hazırıq və azərbaycanlı əsgərin cəsədinin köçürülməsini Ermənistan və Azərbaycan hakimiyyət orqanları ilə razılıq əldə edildiyi andan təşkil edəcəyik".
Ermənistan tərəfinin BQXK vasitəçiliyi ilə cəsədin Azərbaycan tərəfinə verilməsinə hazır olub-olmadığı barədə suala cavab olaraq, Zara Amatuni, hazırda digər tərəfin razılığı gözlənilir deyərək sualdan yayınıb.
"Razılıq barədə danışarkən, biz bəyanatları nəzərdə tutmuruq. Neytral vasitəçi kimi hərəkət edə bilmək üçün həll ediləcək bir sıra məsələlər var. Razılıq, bir tərəfdən, təqdim etdiyiniz tərəfə müraciətdir, digər tərəfdən, bütün məsələlər artıq razılaşdırılmış olmasıdır. Bu bir və ya bir neçə gündə həll edilə biləcək bir prosesdir".
Amatuninin "humanist" açıqlamasından fərqli olaraq, hadisə barədə məlumatlar yayılarkən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məsələyə dərhal münasibət bildirib:
"Yayılmış məlumatın araşdırılması və təsdiq ediləcəyi təqdirdə meyitin qaytarılması üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilib. Məsələ ilə bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
Xatırladaq ki, ötən gün Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.
Açılmış cinayət işi üzrə istintaq davam etdirilir.
Alpər Mövludoğlu
Ordu.az