“Ordu-xalq və kəndirli alt paltarı”: Ermənistan oğurluq faktlarını gizlətməyə çalışır

2017/11/cindir-ermeni4345345_1511530629.jpg
Oxunub: 954     21:34     24 Noyabr 2017    
Ermənistan Müdafiə Nazirliyi yanında Hərbi polisin əməkdaşları “Hraparak” qəzetinin redaksiyasına daxil olaraq daha öncə ictimailəşdirilən məlumatın mənbəyinin kim olduğunu açıqlamağı tələb ediblər.

Ordu.az xəbər verir ki, bu barədə epress.am saytı məlumat yayıb.

Noyabrın 16-da “Hraparak” qəzetində “Ordu-xalq və kəndirli alt paltarı” adlı müsahibə yayımlanıb. Müsahibədə işğal altında olan Ağdərə hərbi hissəsində qulluq edən hərbi xidmətçi, orduya verilən keyfiyyətsiz gigiyena predmetlərindən və bu səbəbdən valideynlərdən corab, sabun, diş məcunu və s. göndərilməsinə dair xahişlərdən bəhs edib. Hərbi xidmətçi həmçinin qeyd edib ki, ailələrin göndərdiyi bağlamanı almaq üçün onlardan 1000 dram (2,5 dollar və ya 4,25 manat) pul tələb edirlər.

Redaksiyaya müsahibə verən şəxsin kimliyini öyrənmək məqsədilə prokurorluğun əməkdaşı zəng edib.

“Əgər Hərbi polisin əməkdaşı bizim mənbəni açıqlamamaq hüququmuza anlayışla yanaşdısa, prokurorluğunun əməkdaşı bildirdi ki, biz müsahibə verənin kimliyini açıqlamaq məcburiyyətindəyik, əks təqdirdə “bizi yanlış informasiya verdiyimizə görə cinayət məsuliyyətinə cəlb edəcəklər”. Yeri gəlmişdən, biz Müdafiə Nazirliyi yanında Hərbi polisin müsahibə verən hərbi xidmətçini aşkarlamaq üçün hər şey etdiyini öyrənmişik. Hətta Ağdərədə polk yaradılıb. Həmin polkda hərbi xidmətçilərlə söhbət edərək müsahibəni kimin verdiyini açıqlamaq tələbi irəli sürüblər. Təbii ki, bu yanaşma ilə orduda mövcud olan nöqsanları aradan qaldırmaq olmaz. Lakin ola bilər ki, belə istək heç yoxdur da. Yalnız sızdırılan məlumat mənbələrəni qapatmaq və hərbi xidmətçilərin müsahibə vermək “istəyini” aradan qaldırmaq kifayət edər”, - deyə qəzet yazır.

Xatırladaq ki, beynəlxalq hüquq mühafizə təşkilatları, xüsusən də “Sərhədsiz jurnalistlər” təşkilatı bəyan edib ki, yerli hüquq mühafizə orqanları KİV-lərə məlumatın mənbəyini açıqlamaq tələbi ilə müraciət etməklə məlumatın mənbəyinin açıqlanmaması prinsipini pozurlar.

2014-cü ildə Ermənistan Xüsusi Təhqiqat Xidməti “Hraparak” və ilur.am saytında tələb ediblər ki, Şirak polis bölməsinin rəisi Vardan Nadaryan üçqat Avropa çempionu Artur Aleksanyanı döyməsi barədə məlumatın mənbəyini açıqlasınlar. KİV-lər mənbəni açıqlamaqdan imtina edərək Konstitusiya məhkəməsinə jurnalistin mənbəni açıqlaması ilə mənbənin jurnalistə etibarını, ictimaiyyətin isə etibarlı məlumatı itirəcəyi iddiası ilə müraciət ediblər.

Ermənistan Konstitusiya məhkəməsi KİV-lərin iddiasını təmin etməklə hüquq mühafizə orqanlarının fəaliyyətini qeyri-konstitusion adlandırıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Qarabağ   Oğurluq  


Bizi "telegram"da izləyin