“Ərazilərin azad edilməsi üçün Rusiya HSK-nin ən prespektivli texnikaları lazımdır” – Vladislav Şurıgin

2017/11/t2_1511437848_1511508073.jpg
Oxunub: 601     15:16     24 Noyabr 2017    
“Rusiya ilə Azərbaycan arasında mövcud olan hərbi-texniki əməkdaşlığı, bizim münasibətlərə mütənasib şəkildə qiymətləndirirəm. Hərbi-texniki əməkdaşlıq iki amilli müəyyən olunur: ölkələr arasındakı əlaqələrin vəziyyəti və onların iqtisadi durumu. Azərbaycanla Rusiyaya münasibətdə demək olar ki, onlar arasında hərbi-texniki mübadilə artıq yetərincə uzun müddət davam edir”.

Bu sözləri Ordu.az-a müsahibə verən məşhur rus hərbi ekspert Vladislav Şurıgin bildirib.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan Qərb təcrübəsi üzrə yeni ordunun qurulması kursunu götürüb.


“Demək olmaz ki, Azərbaycanla Rusiya arasında hərbi əlaqələr yetərincə möhkəmdir, çünki Azərbaycan hələ ötən əsrin 90-cı illərindən NATO standartları əsasında ordu quruculuğu kursunu seçib. Həmin dövrdə Azərbaycan Rusiyanın köməyindən kənarda idi və buna görə də, Bakı Türkiyəyə doğru yön aldı. Məhz Türkiyə müasir Azərbaycan ordusunun quruculuğu ilə məşğul olurdu. Türkiyəli mütəxəssislər Azərbaycanın hərbi hissələrində işləyirdilər, Türkiyədə isə azərbaycanlı zabitlərin hazırlığı keçirilirdi. Buna görə bizim ölkələrimiz arasında hərbi əməkdaşlıq 2000-ci illərin əvvəlinədək yetərincə zəif idi.

Silah ticarəti sahəsində əməkdaşlıq isə hər zaman yetərincə məhsuldar və açıq olub, belə ki, Rusiya Azərbaycana yeni silah əldə etmək istəyi ilə bağlı heç vaxt mənfi cavab verməyib. Şübhəsiz ki, bu gün ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq bizim dövlətlərarası münasibətlərimizə tamamilə mütənasibdir. Biz tam müttəfiq olmasaq da, strateji partnyor olduğumuz dəqiqdir. Bir çox məsələlərdə bir-birimizə yaxınıq. Bizim aramızda heç bir qarşıdurma mövcud deyil. Həmçinin Rusiya Dağlıq Qarabağ məsələsində Ermənistanla heç bir şəkildə həmrəy olmayan və münaqişə tərəflərindən heç birinin mövqeyini fərqləndirməyən ölçülü mövqeyə malikdir. Rusiya bu münaqişənin dondurulması siyasətini aparır”, - deyə Şurıgin bildirib.

Bu gün Azərbaycanı Rusiya istehsalı olan hansı hərbi sənaye kompleks nümunələrinin maraqlandıra biləcəyi barədə suala cavab verərəkən Şurıgin qeyd edib ki, Azərbaycanın ilk növbədə güclü aviasiyaya və hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var.

“İşğal edilmiş ərazilərin - başa düşdüyüm qədər, Azərbaycan ordusunun qarşısında məhz bu vəzifə durur - azad edilməsi üzrə irimiqyaslı hərbi əməliyyat üçün Rusiya hərbi sənaye kompleksinin ən prespektivli nümunələrindən bəhs etmək zəruridir. Təbii ki, müasir şərtlərdə istənilən hərbi münaqişə havada üstünlüyün ələ keçirilməsi yolu ilə həll olunur. Deməli, Azərbaycanın müasir aviasiya texnikalarını alması vacibdir. İlk növbədə, hücumçular. Çünki ordunun havadan dəstəklənməsi həddən artıq mühüm məsələdir.

Azərbaycana həmçinin müasir hava hücumundan müdafiə vasitələri zəruridir. Məsələ bundadır ki, Qarabağ ərazisində müdafəsi zəruri olan hər hansı infrastruktur yoxdur. Azərbaycanın isə neft və qaz kəmərləri, neft sənayesi, neft emalı ilə məşğul olan zavodlar və digər infrastrukturu var. Onların müdafiəsi üçün yaxşı hava hücumundan müdafiə vasitələri lazımdır. Prinsipcə, indi Azərbaycan özünə nəyin daha vacib olduğunu müəyyənləşdirib, hərbi texnikasının bir hissəsini modernləşdirib, tank əleyhinə müdafiə və artilleriya vasitələri alıb”, - deyə Şurıgin qeyd edib.

Bəhram Batıyev
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   HSK   Azərbaycan  


Bizi "telegram"da izləyin