Naxçıvan və cəbhə bölgəsində paralel təlimlərin keçirilməsi nəyə hesablanıb? – Hərbi ekspert

2017/11/bd199d53c5a8075f25d4d76ab18fde36_1511342447.jpg
Oxunub: 713     17:14     22 Noyabr 2017    
Naxçıvan Qarnizonunda və cəbhə bölgəsində komanda-qərargah hərb oyunlarında praktiki atışlar icra olunub.

Bir neçə gün öncə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Naxçıvanda və cəbhə bölgəsində yerləşən birləşmələrində komanda-qərargah hərb oyunlarının keçirilməsi ilə bağlı məlumat yaydı. Hərb oyunlarına qoşun növlərinin, xüsusi qoşunların strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları cəlb edildi. Son mərhələdə isə, arsenalımızda yer alan müasir güc və vasitələrdən istifadə olunaraq döyüş atışları həyata keçirildi.

Taktiki desantlar təyin olunmuş rayonlara çıxarılıb

Komanda-qərargah hərb oyunlarının ssenarisinə əsasən, praktiki fəaliyyətlərə cəlb edilən bölmələr yaranmış əməliyyat şəraitinə uyğun olaraq, şərti düşmənin hücumunu dəf edərək onu öz mövqelərinə geri çəkilməyə məcbur edib, aktiv fəaliyyətlərlə vacib yüksəklik və hüdudları ələ keçirib, həmin mövqelərdə möhkəmlənib.


Gecə və gündüz şəraitində artilleriya bölmələri hücumu praktiki atəşlə dəstəkləyib, mühəndis-istehkam bölmələri qrupların maneəsiz hərəkətini təmin edib.

Bölmələrin fəaliyyəti Ordu aviasiyası və hava hücumundan müdafiə bölmələri tərəfindən havadan himayə edilib, taktiki desantın təyin olunmuş rayonlara çıxarılması həyata keçirilib.

Təlim zamanı döyüşün hərtərəfli təminatı üzrə təmir və təxliyə tapşırıqları yerinə yetirilib.

Komanda-qərargah hərb oyunları çərçivəsində paralel olaraq cəbhəboyu zonada yerləşən müxtəlif təlim poliqonlarında qoşunların praktiki fəaliyyəti yoxlanılaraq döyüş atışları icra edilib.


Ssenariyə əsasən bir neçə hissədə yerinə yetirilən təlimlərin əsas mərhələsində hücum əməliyyatları zamanı qoşunların qarşılıqlı əlaqəsi, hərtərəfli təminatı, idarəetmənin təşkili və digər taktiki fəaliyyətlər yerinə yetirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov komanda-qərargah hərb oyunlarına cəlb edilən şəxsi heyətin peşəkarlığını və qarşıya qoyulan bütün tapşırıqların müvəffəqiyyətlə icra edilməsini yüksək qiymətləndirib.


Təlimlərin paralel olaraq Naxçıvanda keçirilməsi nəyə hesablanıb?

Təlimlərin paralel olaraq Naxçıvanda və cəbhə boyu ərazidə keçirilməsi Silahlı Qüvvərimizin aktiv əməliyyatlar zamanı birləşmə, birlik və hissələri arasında dağlıq ərazilərdə mürəkkəb radioelektron mühitdə, ilin və günün istənilən vaxtında qoşun növləri arasında qarşılıqlı əlaqənin saxlanılması, Naxçıvanda və cəbhəboyu ərazidəki qoşunların əsas zərbə istiqamətində birgə hərəkətlərinin uzlaşdırılması, mümkün əməliyyatlar zamanı taktiki və strateji ssenarilərin məşq edilməsi, qərargahların zabit heyətinin peşəkar idarəetmə bacarıqlarının yüksəldilməsi, əməliyyatların hazırlanması və keçirilməsi zamanı komandirlərin idarəetmə sahəsində bilik və bacarıqlarının artırılması, yeni döyüş silahlarından və metodlarından istifadə etmək bacarıqlarının açılanması, bütün səviyyələrdə olan komandir heyətinin müxtəlif döyüş şəraitində nəzəri və praktik biliklərini artırılması, döyüş atışlarında iştirak edən şəxsi heyətdə silahlarına inam aşılanmasından ibarət olub. Bunlardan başqa, hərb oyunlarının “Təlim niyyətində” başqa məqsədlər də nəzərdə tutula bilər. Məsələn, əldə olunan yeni bir silah sisteminin real maneələr şəraitində effektivliyinin təyin olunması və s.

Təlimlərin son mərhələsində qarşılıqlı əlaqədə olan birlik və birləşmələrin havada, suda və quruda atəş və manevretmə qabiliyyətləri praktik olaraq yoxlanılıb.


Qısaca olaraq komanda-qərargah hərb oyunları (KQHO) barədə məlumat verək

KQHO qoşunların əməliyyat hazırlıq formalarından biridir. Bu təlimlər hazırlanması və keçirilməsi yuxarı qərargah tərəfindən gələn il üçün tərtib olunan “Döyüş Hazırlığı Planında” öz əksini tapır. Bu təlimlərin masştabı cəlb olunan qüvvə və vasitələrin həcminə görə taktiki, əməliyyat, əməliyyat-strateji, strateji və geosiyasi olaraq 5 növə bölünür. İştirak edən qərargahların mövqelərinə görə birpilləli, ikipilləli, üçpilləli ola bilər. Oyunlarda iştirak edən tərəflərin sayına görə birtərəfli və ya ikitərəfli ola bilər.

Adətən təlimlərin keçirilməsi üçün təlim rəhbəri, təlim rəhbərinin qərargahı və vasitəçilər təyin olunur. KQHO müddəti, rəhbərlik tərəfindən təlimlərin masştabı, məqsədi və mövzusu nəzərə alınaraq əvvəlcədən təyin olunur. Adətən komanda qərargah hərb oyunlarının “niyyətində” son illər Silahlı Qüvvələrimizin keçirdiyi əməliyyatlarda qazandığı və dünyada qəbul edilən müsbət təcrübələr öz əksini tapır. Təlimlər vasitəsilə bu təcrübələr cəlb olunan şəxsi heyətə aidiyyəti üzrə çatdırılır.


Təlimlərin hazırlığı mərhələsində təlim rəhbəri KQHO-nın keçirilməsi barədə qərar qəbul edir. Bu qərarda təlimin məqsədi, ideyası,tərkibi, yeri, maddi texniki və tibbi təminatı, qərargahın vəzifələri və s. öz əksini tapır.

Təlimin məqsədlərinin düzgün təyin edilməsinin böyük əhəmiyyəti var. Təlim məqsədi aşağıdakı suallara cavab verməlidir: təlim nə üçün keçirilir və hansı nəticələrin əldə olunması gözlənilir, şəxsi heyət və qərargahlar nəyə öyrədiləcək, nələr yoxlanılacaq və dəqiqləşdiriləcək, hansı mərhələdə praktik bacarıqlar aşılanacaq, hansı silah və ya sistemlərin hansı şəraitdə təhqiqatı aparılacaq və s. Təlim məqsədlərinin məhdud olması əsas təlim mövzusuna daha çox diqqət ayırmağa imkan verir.


Təlimin əsas sənədi isə təlimin niyyətidir. Niyyət izahlı yazısı olmaqla xəritədə işlənilir. Bu sənəddə təlimin mövzusu, məqsədi, keçirilmə yeri, vaxtı, öyrədilən kateqoriya, mərhələlər, mərhələlərin sualları, təlimin başlanğıc vəziyyəti, niyyəti, cəlb olunan güc və vasitələr, yaradılan qruplaşma, əsas qüvvələrin toplanma istiqaməti, praktik və əsas təlimlərin keçiriləcəyi ərazi və s. öz əksini tapmalıdır.

Hər bir təlim onun yekunların keçirilməsi ilə başa çatır. Təlim rəhbəri məqsədlərə kimin hansı səviyyədə nail olduğunu, müsbət və mənfi cəhətləri, eyni zamanda çatışmamazlıqlar, onların təkrar olunmaması və aradan qaldırılması yollarını göstərir.

İstənilən ordunun müharibədə uğur qazanmasının başlıca səbəbi düzgün planlı təlimlərin icra edilməsindən keçir. Böyük sərkərdə Suvorovun sözləri ilə desək, təlimdə çətin olmalıdır ki, döyüşdə asan olsun.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Təlimlər   Naxçıvan-qarnizonu   KQHO  


Bizi "telegram"da izləyin