İkitərəfli siyasi münasibətlər - Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə yaradılmışdır. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.
İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycana 26-27 may 1996-cı il tarixdə ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər ərzində iki ölkə arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. Səfər çərçivəsində Özbəkistan Prezidenti İslam Kərimova Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim olunub.
Dostluq münasibətləri bü gün də davam edir. Bu ilin noyabr ayının 17-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Özbəkistan Respublikasının baş nazirinin müavini Əlişir Sultanovu qəbul etib.
Görüş zamanı Sultanov Azərbaycan Prezidentinə Özbəkistan Prezidenti Şövkət Mirzəyevin salamlarını və xoş arzularını çatdırıb. O, həmçinin özbək dövlət başçısının bütün imkanlardan istifadə edərək ikitərəfli münasibətlərin inkişaf etdirilməsi fikrində olduğunu ifadə edib.
Baş nazir müavinin s[zlərinə görə Özbəkistan Prezidenti azərbaycanlı həmkarı ilə görüşü səbirsizliklə gözləyir, bu görüşün effektiv və məhsuldar keçməsi üçün fəal hazırlıq gedir. Cənab Sultanov yeni istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmiryolunun region üçün əhmiyyətini xüsusilə vurğulayıb.
Azərbaycan Prezidenti də öz növbəsində səmimi sözlərə görə Özbəkistan Prezidentinə öz təşəkkürünü bildirib.
Keçən həftə isə, Özbəkistanın müdafiə naziri general-mayor Abdusalom Əzizov ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında rəsmi görüş baş tutub. Görüşdə hərbi, hərbi-texniki sahədə əməkdaşlıq, hərbi təhsil və bir sıra digər istiqamətlər üzrə müzakirələr aparılıb.
Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb. Azərbaycan üçün Özbəkistanla hərbi əməkdaşləq əlaqələri xüsusi əhəmiyyət kəsb edir. Mərhum İslam Kərimovun siyasi fəaliyyəti dövründə yürütdüyü xarici siyasət kursunda isə, Azərbaycan üçün daha maraqlı bir məqam, Özbəkistanın İrəvanda, Ermənistanın isə Daşkənddə səfirliyinin olmamasıdır.
Bu cür əlaqələrin formalaşması yalnız hərbi-siyasi baxımdan deyil, tarixi baxımdan da əsaslı köklərə malikdir. Çünki ermənilər təkcə Azərbaycanda deyil, türklərə qarşı soyqırımı Türküstanda, o cümlədən Özbəkistanda da törədib.
Arxiv sənədlərinə görə, 1918-1920-ci illərdə Mərkəzi Asiyadakı türklərin (özbək, qazax, türkmən, qırğız) milli dövlətlərini qurmaq uğrunda apardıqları azadlıq mübarizələrinin qarşısını almaq məqsədilə Qafqazdan xüsusi olaraq göndərilən ermənilərdən ibarət bolşevik-daşnak cəza dəstələrinin Özbəkistanda törətdikləri soyqırım aktları nəticəsində, təkcə Fərqanə vadisində on minlərlə dinc özbək xüsusi amansızlıqla qətlə yetirilib, işgəncələrə məruz qalıb, kənd və şəhərlər, dini tikililər, tarixi binalar dağıdılıb. Bu barədə Özbəkistanın yazıçı-publisisti Şöhrət Salamovun (Şöhrət Barlas) "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək" adlı kitabında ətraflı yazılıb.
Tarixi sənədlərə əsasən, ermənilər bir gün ərzində Özbəkistanın Kokand vilayətində 10 mindən çox insanı qətlə yetirib. Əndicanda isə 4,5 min dinc sakin erməni daşnaklarının vəhşiliyinin qurbanı olub. 1918-ci ildə 3 ayda ermənilər Türküstanda 35 min dinc əhalini soyqırıma məruz qoyub.
1989-cu ildə baş vermiş Fərqanə hadisələrinin istintaq araşdırmaları zamanı Ahıska türklərinə qarşı kütləvi terror və etnik təmizləmə siyasətinin həyata keçirilməsində ermənilərin törətdiyi vəhşiliklər aşkarlanıb.
Bu baxımdan Özbəkistan Ermənistana qarşı aparılan mübarizədə və Qarabağ münaqişəsi ilə bağlı hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.
Özbəkistanın mərhum prezidenti İslam Kərimov hakimiyyəti dövründə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini tam dəstəkləyib. Sabiq özbək prezidentin Qarabağla bağlı xüsusi prinsipial mövqeyi olub və o, heç vaxt Ermənistanı dəstəkləməyib.
Belə ki, İslam Kərimov münaqişə ilə bağlı Ermmənistana qarşı kifayət qədər sərt mövqe nümayiş etdirib. Bu vaxta qədər Özbəkistan Ermənistanda səfirlik belə açmayıb. Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət BMT-nin Baş Assambleyasında müzakirə olunarkən, səsvermə zamanı Rusiya Ermənistanı dəstəklədi, KTMT-yə daxil olan Qazaxıstan, Qırğızıstan, Tacikistan bitərəf qaldı, Özbəkistan isə, KTMT üzvü olmasına baxmayaraq, açıq şəkildə Azərbaycanın haqlı mövqeyini müdafiə edib.
Nəticədə, mövzunun əvvəlinə qayıdaraq bildirim ki, noyabrın 16-da Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Özbəkistanın Müdafiə naziri general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşməsi təsadüfi xarakter daşımır.
Görüş zamanı, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb. İkitərəfli hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan və Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil, sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili düşünülür.
Bu baxımdan, yaxın gələcəkdə Azərbaycan və Özbəkistan arasında mərhum liderlər tərəfindən qoyulan ənənənin daha geniş hərbi perspektivdə inkişafının şahidi olacağıq.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az