Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Göyçə vilayətinin Qavar şəhərində keçirilən seçkiqabağı kampaniya tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistan xalqı uzun illərdən sonra nəhayət öz dövlətinə sahib olub və ölkədə hakimiyyətin yeganə sahibi vətəndaşdır.
Təhlükəsizlik məsələlərinə toxunan Paşinyan qeyd edib ki, korrupsiya yolu ilə əldə edilmiş və müsadirə olunmuş 170 milyard dram müdafiə sənayesi kompleksinin inkişafına yönəldilib.
“Ordunun modernləşdirilməsi və silahlanmanın gücləndirilməsi yalnız sülhün qorunmasına xidmət edir. Əvvəllər qarşımıza “ölüm və ya azadlıq” seçimi qoyulurdu. Biz artıq həmin səhifəni bağlamışıq və onu həyat dövləti anlayışı ilə əvəz etmişik”, - deyə Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, bəzi xarici qüvvələr Ermənistana rifahla suverenlik arasında saxta seçim təqdim etməyə çalışırlar.
O qeyd edib ki, hökumət dövlətçiliyi rifaha aparan əsas vasitə hesab edir və bu yanaşma həm ənənəvi kənd təsərrüfatının, həm də yüksək texnologiyalar sektorunun, o cümlədən energetika və süni zəka sahələrinin inkişafına imkan verəcək.
Alpər Mövludoğlu
Ordu.az