Pezeşkian İrandaxili etno-sivilizasiya həmrəyliyini simvollaşdırmalıdır? – ANALİZ

2024/07/57ad1-1719995872.jpg
Oxunub: 572     12:28     03 İyul 2024    
İranda prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri iştirakçıların “lehinə” səslərinin yarıdan çoxunu toplaya bilmədi. Yenidən səsvermə iyulun 5-nə təyin edildi.

Seçki mübarizəsi islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlali arasında olacaq. Prezidentlik yarışında favorit hesab edilən, lakin üçüncü yeri tutan parlamentin spikeri Qalibaf Cəlalini dəstəklədiyini bildirib. Ekspertlərdə belə bir təəssürat var ki, mühafizəkarlar düşərgəsi birləşəcək və İranın ruhani liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Cəlali prezident seçiləcək.

İranda keçirilən prezident seçkilərinin əsas intriqası isə seçki mübarizəsində birinci yeri tutan Məsud Pezeşkianın etnik azərbaycanlı olmasıdır. Onun islahatçı, yoxsa Cənubi Azərbaycanın təmsilçisi kimi daha çox səs topladığı barədə məlumat yoxdur. Seçkiqabağı kampaniya zamanı Pezeşkian bir neçə dəfə türk mənşəli olduğunu vurğulayıb, onun Təbrizdəki mitinqi isə Cənubi Azərbaycanda köklü islahatlar tələb edən şüarlarla keçib, ümumtürk həmrəylik çağırışları da səslənib.

Əgər Məsud Pezeşkian Xameneyinin layihəsidirsə və əks halda Konstitusiya Keşikçilər Şurası onun namizədliyini təsdiqləməzdisə, bəlkə də məqsədin Cənubi Azərbaycanının idarəolunanlığını göstərmək olduğunu güman etmək lazımdır. Görünür, İran elitası bu qənaətə gəlib ki, türkdilli əhalini kənardan müdaxilə hədəfinə çevirməkdənsə, irandaxili həmrəylik addımları atmaq daha yaxşıdır.

Axı dini qanunlarla idarə edilən ölkənin imkanları sonsuz deyil. İslam İnqilabı Keşikçiləri Korpusu eyni vaxtda xarici çağırışlarla üzləşə və ölkənin daxili sabitliyini təmin etmək məsuliyyətini öz üzərinə götürə bilməz. Pezeşkian, çox güman ki, İrandaxili etno-sivilizasiya həmrəyliyini simvollaşdırmalıdır. Amma İran rəqabətdə uduzmamaq üçün bu “şifrə”nin üstünlüyünü seçsə, Tehranın xarici siyasəti çətin transformasiya mərhələsinə qədəm qoyacaq.

Bu, bəlkə də ilk növbədə Qafqaz üçün çağırış olacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Prezidentlik-yarışı  


Bizi "telegram"da izləyin