"Yaralı" sözünə uyğun 836 nəticə tapıldı!

Rubrika: Səhra həkimləri: Qatildən qisas alan həkim, qardaş meyitini müayinə edən bacı, şəhid əsgərin son xahişi...

2019/08/69416-1566902961.jpg
Oxunub: 4780     14:43     27 Avqust 2019    
“Atam, böyük qardaşım, lap sonralar isə anam qollarım üstündə keçindi... Balaca qardaşımın yanmış meyitini elə dəfn etdim ki, necə öldüyünü anam bilməsin...”

Məhəbbət Paşayeva Qarabağ müharibəsinin ilk illərindən həkim kimi yaralı hərbiçilərin döyüş meydanından çıxarılmasında, ölümün caynağından xilas edilməsində inanılmaz əziyyətlər çəkib. Bu yazımızda hekayəsini özü danışır, biz sual vermədən... Ağrılı xatirələrində müharibənin amansız siması aydın görünür.


- Uşaqlıq illərimdə II Dünya müharibəsindən bəhs edən filmlər göstəriləndə atam göz yaşlarını saxlaya bilməzdi. “Ata niyə belə ağlayırsan?” deyə soruşardım. Məni bağrına basıb deyərdi: “Müharibə çox dəhşətli bir şeydir, qızım, mən gördüklərimi siz görməyəsiniz, təki. Atamı, anamı əzizlərimi müharibədə itirdim, heç uşaqlıq həyatı yaşamadım.”

Kiçik yaşlarımdan atamı ovundura-ovundura böyüdüm. Hər dəfə bu mövzuda söz düşəndə, deyirdim mən sənin anan, Ədalət sənin atan, bacılarım Xariqə, Şəlalə, Sevil isə bacıların olsun, biz də həmişə yanındayıq...

Müharibəylə ilk tanışlıq...

Səhv eləmirəmsə, 1989-cu il idi. Ermənilər hər yanda azərbaycanlılara məxsus maşınları, avtobusları daş-qalaq eləməyə, günahsız insanların həyatına təhlükə törətməyə başlamışdılar. O vaxt Tərtər xəstəxanasında baş həkimin müavini işləyirdim. Bir gün gecə növbəsində qalmış həkim səhəri gün tezdən beşdəqiqəlik toplantıda növbəsi zamanı baş vermiş hadisə haqda məlumat verdi. Dedi ki, gecəyarısı cərrahi şöbəyə 3 nəfər ağır yaralı və bir nəfərin meyiti gətirilib. Bildirdi ki, Ağcabədidən Tərtərin Qapanlı kəndinə toya gələn dörd nəfər gecə toydan çıxanda yolu səhv salıb ermənilər yaşayan qonşu kəndə gediblər. Ermənilər onları o qədər döyüblər ki, sürürcü ölüb, qalan üç nəfər isə ağır yaralanıb.

Bu hadisəni eşidəndə əvvəlcə cərrahi şöbəyə çıxdım yaralılara baş çəkdim. O qədər döyülmüşdülər ki, sifətləri zorla seçilirdi. Sonra meyitxanaya düşdüm. Gördüyüm səhnədən dəhşətə gəldim. Sürücünü öldürdükdən sonra meyitin üzərində təhqiredici hərəkətlər etmişdilər.


Məhkəmə Tibbi Ekspertiza binasının qarşısında bir milis işçisi qarovulda dayanmışdı. Səbəbini soruşanda dedi ki, Dağlıq Qarabağ Muxtar vilayətinin baş məhkəmə tibb eksperti (erməni) və onun sanitarı içəridədir. O vaxt bizim məhkəmə tibbi ekspert həkimimiz 1988-ci ilə qədər Xankəndində (Stepanakert) həmin erməni həkimlə bir yerdə işləmişdilər. Ölüm hadisəsi, məhz ermənilərin çoxluq təşkil etdiyi kənddə baş verdiyi üçün həmin erməni tibbi ekspert bizim xəstəxanada çalışan köhnə iş yoldaşına zəng vurub, meyitin Tərtər xəstəxanasında yarılmasına və ölüm səbəbinin döyülmə deyil, miokard infarktı kimi sənədləşdirilməsinə icazə almışdı. İçəri daxil olanda qapıda iki nəfər erməninin dayandığını gördüm. Biri erməni tibbi ekspert, o biri isə onun sanitarı idi. Aralarından keçib, vəziyyəti olduğu kimi öz məhkəmə tibbi ekspertimizdən öyrəndim. Bayıra çıxıb ermənilərə qarovul çəkən milisi çağırdım, qısa müddətdə baş verəcək hadisələri ona başa saldım, avtomatını götürüb getdi.

Xəstəxananın poliklinika, cərrahiyyə doğum şöbələrinə çıxıb, hadisəni qadın iş yoldaşlarıma danışdım. Bir qrup qadınla məhkəmə tibbi ekspertizanın binasına daxil olduq, qadınlar meyiti gördülər. Sonra əvvəlcə erməni sanitarını qadınlarla tutub, günahsız insanlarımıza yaşatdıqları işgəncələri ona yaşatdıq. Meyiti yerə uzatdıq, sonra isə çox böyük çətinliklə erməni baş məhkəmə tibbi ekspertinə həmin aqibəti yaşatdıq. Daha sonra hər ikisini indiki Şıxarx qəsəbəsinin ərazisində quyladıq. Ağcabədidən olan meyiti isə yuyub-kəfənləyib öz ünvanına çatdırdıq.

Həmin günün axşamı Dövlət Televiziyasının “Günün ekranı” xəbərlər proqramında qəribə bir xəbər səsləndirildi: “Diqqət! Diqqət! Dağlıq Qarabağ Muxtar Vilayətinin baş məhkəmə tibbi eksperti, tibb elmləri doktoru, Qarabağı almaq üçün yaradılmış KRUNK cəmiyyətinin sədri, “Böyük Ermənistan Dövləti”nin bir daha yetişdirə bilməyəcəyi adam Tərtər-Ağdərə bölgəsində naməlum şəxslər tərəfindən qətlə yetirilib”.

Beləcə, mənim müharibə həyatım başladı...

İlk yaralılar, hospitala çevrilən rayon xəstəxanası

Müharibə genişlənib, Tərtər-Ağdərə bölgəsini də ağuşuna alanda bu istiqamətdə hərbi hospital formalaşana qədər, hərbi tibb bölüyü bizim xəstəxanada yerləşdirilmişdi. Demək olar ki, biz onlarla birgə fəaliyyət göstərirdik. Gün ərzində yaralıların qəbulu, onlara ilkin tibbi yardım göstərilməsi, ehtiyacı olanların yaxınlıqdakı hərbi hospitallara evakuasiyasını birgə həyata keçirirdik.

Həmçinin torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuş igid qardaşlarımızın meyiti bizim xəstəxanaya gətirilir, onlar üçün hazırlanmış yerdə İslam qaydalarına uyğun kəfənlənir və bizim təcili yardım maşınlarımızla öz ünvanlarına çatdırılırdı.


Elan olunmamış müharibə, müharibəyə hazır olmayan xəstəxana, qan-qada görməyən tibb işçiləri...

Yadımdadır, ilk dəfə Tərtər xəstəxanasına döyüşdən yaralı gətiriləndə özümüzü itirdik, hamımız yaralıya baxıb ağlaşırdıq, cavan oğlan idi, sinəsi qarın boşluğu qəlpə yarasından deşik-deşik olmuşdu, qanaxmanı dayandırmaq mümkün deyildi...

Çətinlikləri təsəvvür etmək o qədər də çətin deyil, məncə. Hələ müharibənin ilk günləri idi. Bərdə batalyonunun əsgərləri yaralı və meyit gətirmişdilər, yaralıları yerləşdirdik, əsgərlər öz aralarında danışırdı ki, Azərin başını götürə bilmədik.

Yaxınlaşıb soruşdum, çığıra-çığıra dedilər ki, alçaqlar nə atdılarsa, Azərin başı bədənindən ayrıldı, bədəni götürdük, başı götürməyə imkan vermədilər.

Növbəti gün xəstəxanaya 4 meyit 11 nəfər yaralı daxil oldu. Yaralıların 2 nəfəri atılan mərminin təsirindən yanıb kösöv kimi olmuşdu. Bir nəfər xəstəxanaya çatan kimi öldü, biri isə güclə nəfəs alırdı. Yaralını gətirən əsgərlər “Qurtuluş” batalyonunun hərbiçiləri idi. Atomatlı əsgər tamamilə yanmış bir yaralını gətirib əməliyyat otağına qoydu və silahı bizim cərrahlardan birinə tuşladı ki, bu əsgər ölsə, səni öldürəcəm, vəziyyəti necə gördümsə, özümu cərrahla avtomatlı əsgərin arasına atdım ki, məni vurun, amma cərrahın normal işləməsinə mane olmayın.

Etiraf edim ki, müharibə ilk başlayan aylar çox böyük çətinliklərlə üzləşdik. İstər təcili-təxirəsalınmaz tibbi xidmətin təşkilində, istər dava-dərman və sarğı materiallarının təchizatı, xüsusilə yaşamağa ümid olan ağır yaralılara qan təchizatı məsələlərində çatışmazlıqlar olurdu. Kütləvi yaralılar daxil olanda həkim və cərrahların azlığı vəziyyəti bir az da gərginləşdirirdi. Ona görə də, Səhiyyə Nazirliyinin tapşırığı ilə qonşu və ətraf rayonlardan cərrah briqadaları növbə ilə gəlib bizə kömək edirdi.

Həm tibb bacısı, həm donor olan qadınlar, partlamayan düşmən mərmisi...

Paytaxtdan qan və qan əvəzediciləri gələnə qədər insan itkisi olmasın deyə, rayonun bütün idarə və təşkilatlarında çalışanlar növbə ilə isti qan verirdilər yaralılara. Eləcə də bizim tibbi personal. Qan çatışmazlığı çox olanda həm işləyirdik, həm də özümüz yaralılara qan verirdik.

Ordu təzə yaranırdı. Nizami ordu demək olmazdı.

Ermənilər xəstəxananın yerini dəqiq bilirdilər və oranı daha çox top və “Qrad” qurğularından atəşə tuturdular. Bu isə yaralılara xidmət göstərməyi onqat çətinləşdirirdi.

Ona görə xəstəxananı müvəqqəti olaraq Buruc kənd uşaq bağçasına köçürdülər və biz fəaliyyətimizi orda davam etdirdik.

Bir dəfə başqa bir rayona göndərəcəyimiz şəhidin ölüm aktına möhür vurmaq üçün təcili yardım maşını ilə Burcdan mərkəzi xəstəxanaya gəldim, poliknikanın arxasında öz otağıma qalxanda ermənilər topdan necə atdılarsa mərmi sağ çiynimin üstündən keçib poliknikanın divarına dəydi və məndən 1-2 metr aralıda torpağa girdi. Amma partlamadı. Həmin dəqiqələrdə fransız jurnalistlər bizim bir nəfər tərcüməçi soydaşımızın müşayiəti ilə xəstəxanada çəkilş aparırdılar. Mərminin necə düşməyini də çəkmişdilər onda...

“Nişanlıma deyin ki, məni unutmasın...”

Bir gün təcili yardım şöbəsinə zəng vurdular ki, Həsənqaya kəndində ağır yaralılar və yanmış əsgərlər var. Təcili yardım şöbəsinə gəldim. Növbədə olan həkim cavan qız idi. Onu Həsənqayada gedən döyüşə göndərməyə risk eləmədim. Sürücümüz vardı, Polad adında. Onunla dava-dərman götürdük və Həsənqaya kəndinə getdik. Deyilən yerə çox çətinliklə çatdıq, Döyüş təzəcə dayanmışdı, həqiqətən ermənilər nə atmışdılarsa, neçə əsgərimiz yanmışdı, 3 meyit və 4-5 nəfər yaralı vardı. Yaralılara ilk tibbi yardımı göstərdim, 2 nəfər yaralını və meyitləri birtəhər maşına qoyub ərazidən çıxdıq. Onları çox böyük çətinliklə xəstəxanaya çatdıra bildik. Yol boyu da yaralılar vardı. Bir neçəsinə kömək edə bildim. Amma maşındakı yaralının birinin vəziyyəti ağırlaşdığından onu xəstəxanaya çatdırmalı oldum. Yolda başını sinəmə qoyub qucaqladım.


“Həkim, Sizə bir sirr vermək isdəyirəm” dedi və gözləri doldu: “Mən onsuz da ölürəm, xahiş edirəm nişanlım Vəfaya deyərsiniz ki, onu çox sevirdim, məni unutmasın” - dedi və gözlərini həmişəlik yumdu.

Bu hadisədən bir neçə gün sonra axşam tərəfi idi. “Meşənin üstü” deyilən yerdə ağır yaralı var dedilər, qanaxmasını dayandırmaq olmur. Yenə təcili yardım maşınına dava-dərman yığıb Sədi kişi ilə həmin əraziyə getdim. Elə güclü döyüş gedirdi ki, başımızın üstündən keçən güllələr iri ağacları qırıb- tökürdü. Yaralının yerləşdiyi yerə qədər birtəhər sürünə-sürünə getdik. Çatmağa 500-600 metr qalmışdı, yaralını görürdüm.

Mühasirədə qalan həkim, “dünyanı dağıdan” topçular...

Bu anda ratsiya ilə həkimin mühasirədə qalmaq təhlükəsi olduğunu eşitdim, irəli getməyə qoymadılar. Təzə qəbirstanlığın üst tərəfində qurulan döyüş toplarımız erməniləri geri qaçmağa məcbur etdi. Erməni əsgərlərinin əksəriyyəti silah-sursatını qoyub qaçırdı. Biz isə yavaş-yavaş irəliləyərək yaralıya çatdıq. Bud arteriyasından o qədər qan itirmişdi ki, aqonal vəziyyətdə idi. Nə qədər çalışsaq da, onu həyata qaytarmaq mümkün olmadı. Sonralar məlum oldu ki, bu şəxs Tərtərin ilk şəhidlərindən hesab olunan Talıstan Axundov imiş.

Həm həkim, həm aşpaz, həm də yanımcıl qadınlar...

Müharibə hamı üçün gözlənilməz oldu. İstər tibbi xidmətin təşkilində, istər həkimlərin peşəkarlığı baxımından, istər dərman preparatları, qan və qan əvəzedicilərinin vaxtında çatdırılması sarıdan çox ciddi çətinliklərimiz vardı. Bəzən yaralı əsgərlər rezin şəpitlərdə, ayaqyalın gəlirdilər. Bir grup işçimiz əlcək, şərf, yun corab toxuyurdu. Xəstəxana və ərazidə yerləşən hərbi hissələrə isti xörəklər, yun corab və əlcəklər bütün rayon camaatı tərəfindən növbə ilə hazırlanıb hərbiçilərə çatdırılırdı. Müharibə bizə birlik, cəsarət, mətinlik, ən başlıcası, vətənə məhəbbət-düşmənə nifrət hissini öyrətdi. Müharibə illərində xəstaxanada elə bir kollektiv formalaşdırmışdıq ki... Bir dilim çörəyi 7-8 yerə bölürdük ki, hamıya çatsın.

Düzdür, qadınlar zərif məxluqdur, razıyam. Amma müharibə biz qadınlara daha möhkəm, daha cəsarətli, daha qorxmaz olmağı öyrətdi.

Bəzən bütün sutkanı xəstəxanada qalası olurduq. Yorulmaq bilmədən çalışırdıq. Bir qrup qadın həkim kimi, bir qrup qadın tibb bacısı kimi işləyirdi, bir qrup qadın yun corab, əlcək toxuyurdu, bir qrup qadın isti xörək hazırlayıb yaralılara yedizdirirdi. Bir qrup qadın əsgərlərin qanına bulaşmış xərəkləri yuyub qurudurdu ki, növbəti yaralı onu qanlı görməsin...

O qədər gərgin və çətin iş rejimində işləyirdik ki, evimiz, ailəmiz, körpə balalarımız belə yada düşmürdü.

Bir ailənin bir-birini əvəzləyən faciələri...

1990-cı ildən başladı bizim Paşayevlər ailəsinin Qarabağ faciəsi.


Yanvarın 19-dan 20-nə keçən gecə baş verən 20 yanvar faciəsi gözlərimin önündədir. Səhər tezdən bu hadisə haqqında eşitdik. Mən adətim üzrə işə gedirdim. Rayon mədəniyyət evinin qarşısında saysız-hesabsız adam vardı. Atam da oradaydı. Çinar ağacına söykənib durmuşdu, ətrafında da xeyli adam. 20 yanvar faciəsini eşidib halı pisləşmişdi. Ona yardım edirdilər ki, özünə gəlsin. Yaxınlaşıb atama tibbi yardım göstərib evə gətirdim.Sonra həkim çağırdım. Rəsul həkim vardı, iş yoldaşım, dedi ki, atam stressdən miakard infarktı keçirib. Ciddi yataq rejimi təyin etdi. Atamı evdə qoyub işə qayıtdım. Xəstəxanada izdiham vardı. Dedilər ki, saat 11:00-da böyük tədbir keçiriləcək, daha doğrusu mitinq olacaq. Mitinqdə Sovet ordusunun xalqımıza qarşı törətdiyi vəhşiliklərə qəti etiraz əlaməti olaraq çox yanıqlı çıxış etdim.

Evə qayıdanda anamın ağladığını gördüm. Səbəbini soruşanda, dedi atan televizorda 20 yanvar faciəsi ilə bağlı hadisələri gördü və heç birimizi eşitmədən faciə qurbanlarının dəfnində iştirak etmək üçün Bakıya getdi.

Çox çətinliklə Bakıya gedib çata bilmişdi. Dəfndə vəziyyəti daha da pisləşdiyindən xəstəxanaya yerləşdirilmişdi. 3 gün xəstəxana rejimində saxlayıb sonra evə yazmışdılar. Evə qayıdanda, Bakıda gördüyü bütün dəhşətləri danışdı.

Müharibənin ilk günlərində tərtərlilər Qapanlıda, Qaradağlıda, bir sözlə, ermənilərin yaşadığı kəndlərlə qonşu olan yaşayış məntəqələrində ov tüfəngi ilə keşik çəkirdilər. Atam da həmin insanlarla birgə səngərlərdə durardı. Tərtər özünümüdafiə batalyonu yaranan ilk gündən atam, qardaşlarım Ədalət və İlham könüllü kimi orda xidmət edirdilər.

Heç yadımdan çıxmır, atam Ağdərənin Umudlu kəndinin müdafiəsi üçün dəfələrlə ərzaq, silah-sursat alıb helikopterlə Umudluya getmiş, silaha sarılaraq yerli sakinlərlə birlikdə kəndin müdafiəsində axıra qədər iştirak etmişdi...

Ürək çatışmazlığından əziyyət çəkirdi. 1992-ci il 19 yanvar gecəsi 20 yanvar faciəsinin ildönümünə baxırdıq. Qəfildən halı yenə pisləşdi. Başını sinəmə qoyub mənə yazdığı şer parçasını güclə oxuyub tamamlaya bildi. Və gözlərini əbədi yumdu.

Şer belə idi:

Yadına saldıqca bədbəxt atanı
Hər an fikirləşmə, ağlama, qızım.
Pozma vüqarını düşmən içində
Başına qaralar bağlama, qızım.

Hanı atam, hanı anam , hanı mən,
Enən gördüm çox padşahı, xanı mən.
Mən əvəzdən indi yaşa, yarat sən,
Sən körpə qəlbini dağlama, qızım.

Unudun Sabiri, vəfalı dostlar,
Onunku arzudan-diləkdən keçib...
O ki, qəsd edibdir özü-özünə,
Atdığı ilk güllə ürəkdən keçib...

Qardaşım Ədalət əvvəl özünümüdafiə dəstələrində sıravi əsgər kimi torpaqlarımızı qorudu, sonra isə Tərtər batalyonunun ilk yaradıcılarından oldu və batalyonun tərkibində topçu kimi düşmənlərə qan uddurdu. Bir topla müxtəlif mövqelərdən atəş açıb ermənilərin kürkünə birə salmışdı, elə bilirdilər, Tərtərdə 5-6 ədəd döyüş topu var. Döyüşdüyü müddətdə bir neçə dəfə yaralandı. Nə qədər təkid etdimsə, onu döyüşlərdən ayıra bilmədim.


Ağdərənin Drombon kəndinə qədər böyük və şərəfli döyüş yolu keçdi Ədalət. Bir dəfə səhər-səhər işə gedəndə Ədalətin hərbi maşına söykəndiyini gördüm. Çox fikirli idi. Görüşdük, başa düşdüm ki, ciddi döyüş tapşırığı alıb. Drombon kəndi uğrunda döyüş başlamalı idi.

Həmin gün Drombon kəndi uğrunda amansız döyüş başladı. Yaralı və şəhidlərin sayı-hesabı yox idi. Ürəyimə dammışdı ki, həmin gün Ədalət də yaralanacaq. Axşamçağı gətirilən yaralıların arasında Ədalət də vardı, çox ağır yaralanmışdı. Döş qəfəsi və qarın boşluğunu qəlpə dəlib keçmişdi. O gecə çox ağır əməliyyat keçirdi. Səhərə yaxın vəziyyəti ağırlaşdı. Helikopterlə onu və 4 nəfər yaralını Bakıdakı hospitala apardıq. Təcili təkrar əməliyyat olundu, yanında qaldım. Hər dəfə gözünü açanda deyirdi ki, hər daşı, hər qarışı ermənidən təmizləmək lazımdır.

O qədər qan itirmişdi ki, vəziyyətdən çıxarmaq çox çətin idi. Eyni gündə 2 dəfə qan verdim Ədalətə. Bir dəfə gözünü açıb qan bankasının üstündə mənim ad-soyadımı gördü. Dili söz tutar-tutmaz “Sən mənim qardaşımsan” dedi və başını qucağıma qoydu. Biz bir-birimizə necə sarmaşdıqsa, Ədalətin yaralarının qanı mənim üstümə yayıldı. Bu səhnəni heç vaxt unuda bilmirəm. Heç bir bacıya arzulamıram o səhnəni. Həkim kimi bilirdim ki, ömrünə dəqiqələr, saniyələr qalıb, yenə ümidimi üzmürdüm, qardaşımın bir saat artıq yaşaması üçün ömrümü verərdim. Amma nə fayda?! Qəlpələr öz işini görmüşdü...

Gözlərini açıb tavana zillədi. Sanki kimlərisə görürdü gözlərinin önündə. “Kişiliyiniz olsun, Şuşanı azad edin, mənə Turşsudan sərin su gətirin, ciyərim yanır” deyib gözlərini həmişəlik yumdu.

Daha bir qardaş itkisi...

İkinci qardaşım İlham da uzun müddət vuruşdu. Ağır yaranlanmasına baxmayaraq, ölümün gözünün içinə dik baxa-baxa torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə axıra qədər iştirak etdi. II qrup Qarabağ əlilidir.

Ailəmizin kiçik oğlu Evarist əsl hərbiçi idi. Səmərqənddə Ali Hərbi Məktəbi bitirdikdən sonra Arxangelsk vilayətində hərbi xidmətdə idi. Müharibə başlayanda Azərbaycana qayıtdı və DİN-ə ərizə yazıb ən çətin cəbhə bölgəsinə göndərilməsini xahiş etmişdi.

1992-ci ildə onu Qubadlı rayon polis şöbəsinə polis rəisi vəzifəsinə təyin etmişdilər.

Polis rəisi vəzifəsi öz yerində, o da əsl hərbiçi kimi Qubadlının müdafiəsində qəhrəmanlıq nümunəsi göstərərək, sona qədər iştirak edib.

1993- cü il avqust ayının 31-də Qubadlının işğalı günü rayonun digər hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə vəhşicəsinə qətlə yetirildilər.

Birgə öldürüldüyü rayon prokuroru rayonun məhkəməsinin hakimi polis şöbəsinin müstəntiqi və sürücü ilə birlikdə Evarist Paşayev Şəhidlər Xiyabanında uyuyur. Onları öldürdükdən sonra meyitlərini yandırmışdılar.

Qardaşının meyitini müayinə edən həkim bacı...

Meyitlərin tibbi ekspertizasında həkim kimi iştirak etdim.

İçəri daxil olarkən rastlaşdığım səhnə məni dəhşətə gətirdi. Meyitlər tanınmaz halda idi. Evaristin başı, bir ətrafı yox idi. Bir bacı üçün bundan böyük faciə varmı? Dəhşətli səhnə idi: bir yanda həkim bacı, qarşı tərəfdə isə yanıb külə dönmüş qardaş meyiti!


Taleyimə baxın. Atam, böyük qardaşım qucağımda keçindilər, kiçik qardaşımın yanmış başsız bədənini müayinə edib ölüm səbəbini axtarıram...

Anam ölənə qədər bilmədi, Evaristi necə dəfn etmişəm. O qədər anamı aldatmışam ki...

Şəhidlər Xiyabanında 5 nəfəri bir yerdə dəfn edərkən anamın nalə çəkib dediyi bayatı hamını xiyabanda dəhşətə gətirdi.

Analar yanar ağlar
Dərdini sanar ağlar
Dönər göy göyərçinə
Kollara qonar ağlar


Anamı başa düşürdüm, o qədər təmkinli, dəyanətli qadın idi ki, ölənə qədər qürurunu sındırmadı. Gözləri həmişə yol çəkərdi. Deyirdi elə bilirəm, bu dəqiqə qapı açılacaq, Ədalətlə Evarist girəcəklər içəri. Anam da mənim qucağımda dünyasını dəyişdi, bircə kəlmə dedi ki, Ədalətlə Evaristin şəkillərini sinəmin üstünə qoy.

Şəkilləri qoydum sinəsinə... Sanki övladlarını qucaqlayırmış kimi şəkilləri bağrına basdı. Qollarımın üstündə başını sinəmə qoyub gözlərini əbədi yumdu. Bax budur müharibənin mənim həyatımda oynadığı rol.

Tək qardaşlarım deyil , torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlər, müharibədə sağlamlığını itirən bütün qazilər mənim qardaşlarımdır. Onları bir-birindən ayırmağa haqqım çatmaz.

Mən həkiməm, Qarabağ müharibəsi veteranıyam. Əgər müharibə yenidən başlasa, yenə həkim kimi, ana kimi, Azərbaycan qadını kimi, ən başlıcası, ermənilərin bütün vəhşiliklərini görmüş, o acıları dadmış, sinəsi qardaş dağlı bacı kimi yenə də döyüşçülərimizin yanında səngərdə olacam.
Mübaliğəsiz deyirəm, heç nədən qorxmadan, son damla qanıma qədər Vətənizmizin azadlığı uğrunda mübarizə aparmağa hazıram.

Bu mənim vətəndaşlıq borcumdur:

Vətən gözdür, biz kiprik
Gözümüzün keşiyini çəkirik.


Azadə Bayramova, Teymur Zahidoğlu
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: