"Skystriker" sözünə uyğun 3 nəticə tapıldı!

İrəvanın təşvişini artıracaq daha bir səbəb: "SkyStriker" zərbə PUA-ları Qarabağa təşrif buyurur - ANALİZ (HƏRBİ EKSPERT)

2019/02/40864-1549022188.jpg
Oxunub: 7684     15:43     01 Fevral 2019    
2019-cu il yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin "Gəmi İnşası və Təmiri Mərkəzi"ni ziyarət edərkən Azərbaycan Prezidentinə yeni əldə edilən "SkyStriker" və döyüşlərdə uğurla tətbiq edilən "Harop" zərbə PUA-ları da nümayiş etdirildi.

"Harop"ları daha öncədən tanıyırıq, bu dəfə "SkyStriker" zərbə PUA-sı ilə bir az yaxından tanış olaq. Bu vasitələr İsrail Hərbi sənaye kompleksinin PUA istehsalı üzrə ixtisaslaşmış dünyaca məşhur şirkəti olan "Elbit Systems" müdafiə sənaye kompaniyası tərəfindən istehsal edilir və onun ilk xarici müştərisi Azərbaycandır, lakin bu Bakının İsrail ilə PUA sahəsində ilk əməkdaşlığı deyil. 2016-cı ilin dekabrında - İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə Azərbaycan və İsrail şirkətləri arasında müdafiə avadanlıqlarının alınması ilə bağlı müxtəlif müqavilələr imzalandı. Bu günə qədər İsraillə Azərbaycan arasında imzalanan müqavilələrin ümumi dəyəri 5 milyard dollara yaxındır və əməkdaşlıq bütün istiqamətlər üzrə müvəffəqiyyətlə davam edir. Azərbaycanın yeni əldə etdiyi "SkyStriker" zərbə PUA-sı da bu əməkdaşlığın bariz nümunəsidir.


İlk dəfə 2017-ci ildə Parisdəki Le Burje aviasalonunda nümayiş etdirilən "SkyStriker", bir o qədər də böyük olmayan pilotsuz uçuş aparatıdır. İsrailin ixtisaslaşmış məşhur özəl silah istehsalçısı "Elbit Systems" şirkətinin istehsal etdiyi "SkyStriker" taktiki zərbə təyinatlı PUA-dır. PUA, müxtəlif hədəfləri aşkarlamaq, koordinatlarını təyin etmək və onlara zərbə endirmək üçün nəzərdə tutulur, həmçinin uzaqdan idar olunan elektro-optik tuşlamaya malik "gəzən sursat" əməliyyat sisteminə malikdir. Yeni platforma "Elbit Systems" şirkətinin həssas və üzunmüddətli taktiki həllərini təmin edən geniş təcrübəsinə əsaslanır.

PUA-nı idarə edən operator onu hədəfə doğru yönəltmək, praktiki olaraq təmas nöqtəsinə çatdırmaq və eyni zamanda hücumu ləğv etmək imkanına malikdir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, radioelektron maneə vasitələrinə qarşı dayanıqlıdır.

"SkyStriker"in yüksək texniki xüsusiyyətləri operatorlara hədəfləri aşkarlamağa, koordinatlarını təyin etməyə və onu hədəflə təmas nöqtəsinə dəqiq zərbə endirməyə imkan verir. Uçuş vaxtı diqqət cəlb edən hədəf müəyyən edilmədikdə operator PUA-nı geri qaytarır və o, paraşütün köməyi ilə yerə enə bilir.

Sistemin elektrik mühərriki isə aşağı akustik siqnala malikdir və aşağı hündürlükdə əməliyyatların gizliliyini təmin edir. Uçuş sürəti qabiliyyətinə görə, PUA bir neçə dəqiqə ərzində onlarla kilometr məsafə qət edə bilir. Hədəf bölgəsinə çatdıqdan sonra PUA iki saat qədər hədəfi müşahidə və ya operatorun komandası ilə hədəfə zərbə endirə bilər. Hədəfə zərbə bomba və yaxud raket vasitəsilə deyil, daxili enerjisi sayəsində PUA-nın yüksək sürətlə özünü hədəfə çırpması metodu ilə endirilir.

"SkyStriker" sadə quruluşa malikdir, onun səhra şəraitində belə sadə istismar qaydalarına malik olması, istifadəçilərə (operatora) düşmən hədəfinə dəqiq hava zərbəsi endirməzdən əvvəl hədəfi izləməyə və onu tam identifikasiya etməyə imkan verir. Onun məsafədən idarə edilməsi, düşmən hədəfinə yönləndirilməsi aşkarlandıqda belə operatorun atəş təsirinə məruz qalmasını istisna edir.

PUA-ların istehsalında aşağı görüntü əmsalına malik kompozit materiallardan istifadə edilir. Yüksək dəqiqlik, uzaq məsafə, kifayət qədər uzun müdət gözləmə rejimi 10 kq-a qədər sursat daşıma imkanı "SkyStriker"i öz sinfinin ən güclü PUA-larından birinə çevirir. Onun əməliyyat sistemi istənilən hədəfi, istənilən istiqamətdən, istənilən bucaq altında məhv etməyə imkan verir.

"SkyStriker" operatoru zərbədən iki saniyə əvvəl döyüş başlığının istifadə əmrini ləğv edə bilər və ya onu yenidən aktivləşdirə bilər, məhv edilməsi üçün hədəf olmadıqda isə təhlükəsiz şəkildə start mövqeyinə və ya əmr edilən koordinatlara qayıda bilər. Geriyə qayıdan PUA-nın avtomat rejimli paraşütlə bərabər təhlükəsizlik yastığından istifadə etdiyi də ehtimal edilir.

"Elbit Systems" çirkətinin ISTAR bölməsinin baş direktoru Ellad Aaronson yeni məhsullarını belə xarakterizə edib: "SkyStriker - ərazidəki bölmələrə ziyan vermədən, dəqiq tapşırıq yerinə yetirməklə onların gücünü artıran vasitələrdir".


PUA elektrik mühərriki və itələmə qüvvəsi verən pərvanə ilə təchiz edilib. 5 kq-dən 10 kq-yə qədər döyüş başlığı daşıyan aparatın çəkisi 35 kq-dir. Zərbə tipli "SkyStriker" PUA-ları 2 saat havada qalaraq 185 km/saat sürətlə hərəkət edir, bu isə 6 dəqiqə ərzində 20 kilometr məsafə qət etmək deməkdir. PUA elektrik mühərriki və itələmə qüvvəsi verən pərvanə ilə təchiz edilib. 5 kq-dən 10 kq-yə qədər döyüş başlığı daşıyan aparatın çəkisi 35 kq-dir.

Demək olar ki, hücum anına qədər elektrik mühərriki hesabına PUA səssiz uçur, operator hədəfə zərbə endirmək üçün PUA-nı saatda 555 sürətlə hədəfə doğru yönəldir. Bu PUA-nın aşağı akustik siqnallara malik olması və məhdud görmə şəraitində ciddi nəticələr göstərməsi düşmən üçün böyük sürprizlər vəd edir.

Aşkar edilən görüntülərin onlayn rejimdə operatora ötürüldüyü məlumdur, lakin bu məqsədlə istifadə edilən format, məlumatların yaddaşa yazılması və saxlanılması, sistemin NATO təhlükəsizlik və sənaye standartlarına uyğunluq səviyyəsi barədə məlumatlar hələlik gizli saxlanılır.

"SkyStriker" PUA-ları kifayət qədər yeni bir zərbə vasitəsi olsa da onun artıq Suriyada sınaqdan keçirildiyi iddia olunur. İsrail tərəfi təbii ki, həmişə olduğu kimi həm silah bazarındakı rəqiblərini, həm də döyüş meydanındakı düşmənlərini həyəcan və çaşqınlıq içində saxlamaq üçün yanvarın 21-də gecə saatlarında Suriyada məhv etdiyi Rusiya istehsalı "Pantsir-S1" zenit-raket kompleksini hansı növ pilotsuz uçuş aparatı ilə vurduğunu açıqlamır. Rusiyanın "İzvestiya" nəşrində hərbi ekspert Vladislav Şurıqin bu zərbənin "SkyStriker" tərəfindən endirildiyini yazsa da, bu qənaətə necə gəldiyini dəqiq açıqlamır.

Onun sözlərinə görə, bu döyüş sursatının tətbiqi gündüz vaxtı müəyyən problemlər yarada bilər. Lakin ekspert gecə vaxtı "kamikadze-dron"ların hücumunun rəqib üçün ciddi problem yarada biləcəyini də vurğulayır.



Məlumata görə, yanvarın 21-də yerli vaxtla 02:11-dən 02:56-ya qədər İsrail hərbi aviasiyası qonşu dövlətin qərb, cənubi-qərb və cənub hissələrinə hücum edib. İsrail hərbçiləri Suriyanın hava hücumundan müdafiə güclərinin iki kompleksinin məhv edilməsinin videogörüntüsünü dərc ediblər. Onlardan biri də Suriya prezidenti Bəşər Əsədin sarayından 3.8 km məsafədə yerləşən müasir "Pantsir-S1" zenit raket kompleksi olub. Zərbə nəticəsində 4 Suriya əsgəri həlak olub, 6 nəfər isə yaralanıb. Bu dəfə kompleksin passiv rejimdə olmasını iddia edən olmadı. Çünki videoda ZRK-nın məhvedici zərbədən bir neçə saniyə əvvəl raket buraxdığı aşkar görünür.

Əgər xatırlayırsınızsa, 2018-ci ilin may ayının 10-da İsrail ordusunun Suriya ərazisinə endirdiyi raket zərbələri zamanı başqa bir Rusiya istehsalı olan "Pantsir S-1" ZRK kompleksi "Spike" NLOS TƏİRK tərəfindən məhv edilmişdi. O zaman kompleksin aktiv olmadığı bəhanə olaraq gətirilirdi.

Həmin zaman hadisə ilə bağlı İsrail tərəfinin rəsmi məlumatı belə oldu: "Məhv edilən SA-22 ZRK ("Pantsir-S1" NATO təsnifatlandırmasında) İsrail HHQ-nin təyyarələrini məhv etmək məqsədilə raketlərdən atəş açdığı üçün məhv edilib. İsrail Ordusu bundan sonra da İsrail Dövlətinə və onun sakinlərinə ziyan vurmaq istəyənlərə qarşı fəaliyyətini davam etdirəcək".


Rusiyalı ekspert Vladislav Şurıqinin "Pantsir S-1"ə məhz "SkyStriker" tərəfindən zərbə endirilməsinə dair iddia irəli sürməsinin əsas səbəbi, "Pantsir-S1" zenit-raket kompleksinin gecə saatlarında məhv edilməsi ehtimalıdır. Çünki məhdud görmə şəraitində hədəfə dəqiq zərbə endirə biləcək İsrailin PUA-ları seriya sırası araşdırılması mümkün olmayacaq qədər geniş deyil. İkinci tərəfdən isə İsrail Rusiya ilə müdafiə sənayesinin bütün istiqamətlərində, xüsusilə HHM, ZRK, TƏİRK, PUA sahəsində ciddi rəqabət aparır. Təbii ki, İsrail texnoloji cəhətdən daha üstündür. Bir silah sisteminin digər sistemdən üstün olmasını sübut etmək üçün əks cəbhələrdə dayanmaqla real hərbi əməliyyatlara ehtiyac yaranır. İsrail bir zərbə ilə həm Rusiyanın silah bazarında sıxışdırır, həm Suriyanı susmağa vadar edir, həm İranın və "Hizbullah"ın fəaliyyətlərini məhdudlaşdırır, həm region ölkələrini onunla hesablaşmağa məcbur edir, həm də yeni silahlarını döyüşdə sınaqlardan keçirir. Bu məqsədlə İsrail hər dəfə yeni bir silah sistemi ilə Rusiyanın ən müasir, günün istənilən saatında, ilin bütün fəsillərində istənilən hava hücumunu dəf etmək imkanına malik olduğu iddia edilən ZRK-larını məhv edir.

Həmişə olduğu kimi, bu dəfə də qalib raketin və PUA-nın modelini təyin etmək uğrunda ekspertlər arasında mübarizə başladı. Bir neçə versiya səslənirdi, bunlar arasında "SkyStriker" ilə bərabər "Spike NLOS" raketləri, IAI "Harpy" PUA-sı və hətta "Delilah" qanadlı raketi də mövcud idi. Lakin videogörüntülərə əsasən ehtimal edilirdi ki, bu sursat məhz HHM vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub. Zərbəyə qədər bütün görüntülər operatorun efirinə göndərilib. İndi isə mümkün versiyalara keçək:


1."Delilah" qanadlı raketi versiyası az inandırıcıdır. "Israel Military Industries" (IMI) konserni yüksək dəqiqlikli zərbələr tətbiq etmək üçün təklif etdiyi "Delilah" uzaq mənzilli qanadlı raketlərinin zərbəsinin dağıdıcı gücü daha yüksək olur. İkincisi isə 200 kq-lıq turboreaktiv raket ətalət və GPS məlumatlarını bir arada istifadə edən "Delilah" qanadlı raketi əvvəlcədən planlaşdırılan marşrut üzrə hədəfə müstəqil olaraq istiqamətlənir və adətən 1 metrə qədər hədəfdən yayınma nümayiş etdirir. Burada isə biz 0 yayınma və idarəolunan təmas müşahidə edirik.


2. "Spike NLOS" TƏİRK versiyasına gəlincə, İsrail tərəfi bu raketlərdən keçən ilin mayın 10-da istifadə edərək Suriya ərazisində başqa bir "Pantsir S-1" ZRK-sını məhv edib. Lakin bu dəfə zərbə endirilən hədəf ilə Colan təpələrindəki start mövqeyi arasında olan məsafə bu kompleksin daşınan versiyasının istifadəsini istisna edir. Lakin bu komplekslərin helikopterlərə quraşdırılan versiyaları mövcuddur və onlardan istifadə mümkün idi. Qeyd edim ki, konkret bu vəziyyətdə "Spike NLOS"la təchiz edilən helikopterin gecə əməliyyatlarında tətbiqi əsaslandırılmayan risklərə gətirib çıxarardı, bu səbəbdən NLOS-un tətbiqi versiyası da istisnalıq təşkil edir. İsrail dünyanın əsas "ağıllı silah" ixracatçılarındandır, niyə görə əlində 2-3 il əvvəl hazırladığı, lakin döyüşlərdə tətbiq etmədiyi yeni sistem olduğu halda, artıq tətbiq etdiyi uğuru təkrarlasın? Bu da inandırıcı görünmür.


3. IAI istehsalı olan "Harpy" PUA-sına gəldikdə isə əvvəlcə qeyd etmək vacibdir ki, bu aparat "Harop"la çox ciddi bir fərqə malik deyil, eyni zavodun eyni sinifdən olan məhsullarıdır. Kobud dillə desək, daşınan yükün azaldılması hesabına uçuş məsafəsi artırılıb. Bəzən "Harop" pilotsuz aparatlarını "Harpy-2" də adlandırırlar. Bu aparatların əsas prinsipial fərqi yalnız ondadır ki, birinci 23 kq sursatla 1000 km, ikinci isə 32 kq sursatla 500 km radiusda fəaliyyət göstərir. Hər ikisi porşenli mühərriklərlə təchiz edildiyi üçün bu aparatlar hədəfə yaxınlaşarkən əlavə akustik siqnallar yaradır. Səssiz gecədə kifayət qədər HHM vasitəsi ilə qorunan Dəməşqin diqqətini cəlb etmək İsrailə lazım ola bilərdimi? Düşünmürəm. İsrail niyə görə əlində səssiz və yeni "SkyStriker" PUA-sı olduğu halda, artıq döyüş tətbiqinə görə bəlli bir reytinqi olan "Harpy" PUA-sını təkrar sınaqdan keçirsin? Bütün yuxarıda yazılanlar, son dəfə gecə saatlarında məhv edilən "Pantsir-S1" zenit-raket kompleksinin məhz "SkyStriker" tərəfindən məhv edilməsi ehtimalını maksimuma çatdırır.

Suriyanın HHM sistemində olan boşluqları sübut etməyə ciddi ehtiyac yoxdur. Məsələ Rusiya HHM vasitələrinin zəifliyində deyil, bu kompleksləri idarə edən heyətlərin bacarığındadır. İsrail tərəfi isə əlində mövcud olan geniş çeşidli raket və PUA-larla bu boşluqlardan istifadə edərək rəqibini cəzalandırmaqda davam edir. May ayında ilk dəfə Rusiyanın "Pantsir-S1" ZRK-sının məhv edilməsindən sonra Rusiya Suriyaya əlavə ZRK-lar tədarük etdi. Sonra isə İsrail qırıcısını məhv etməyə cəhd edən Suriya HHM qoşunlarının ZRK-sı səhlənkarlıq nəticəsində 14 nəfər heyət daşıyan Rusiyanın İl-20 təyyarəsini məhv etdi. Rusiya bu dəfə 3 ədəd S-300 ZRK divizionunu Suriyaya göndərdi. Artıq Suriyada davamlı olaraq müasir zenit raket kompleksləri İsrail tərəfindən məhv edilir. Maraqlıdır ki, hər dəfə fərqli silah sistemləri tətbiq edilir. Bütün bunlar isə Suriyanın HHM rəhbərliyinin əli ilə Rusiya müdafiə sənayesinin nüfuzuna ciddi xələl gətirir.


Hələ may ayında birinci "Pantsir-S1" ZRK-nın məhv edilməsindən sonra, İsrail-Suriya-İran arasındakı münasibətlərin kifayət qədər gərgin olduğunu və Dəməşqin silahlanmasında 40-a yaxın belə komplekslərin movcudluğunu nəzərə alaraq gələcəkdə təkrarən "Pantsir S-1" komplekslərinin döyüşdə tətbiqinin acı nəticələri ilə qarşılaşa biləcəyimizi ehtimal etmişdim.

Suriyanın HHM sistemi tək bu "Pantsir S-1" kompleksindən ibarət deyil. Komplekslər müstəqil halda hava hücumundan müdafiəni təşkil edə bilməz. Təbii ki, bütün ZRK-lar bölmələrin, hissələrin və qruplaşmaların tərkibində fəaliyyət göstərirlər. Qarşılıqlı əlaqə tədbirlərini üst qərargahlar həyata keçirməlidir. HHM sisteminə belə bir soyuq münasibət olduqda isə Sizə heç bir "Pantsir", "Triumf", "Tor" və s. müasir kompleks kömək edə bilməz. Bəzən istehsalçıların vəd etdikləri texniki xüsusiyyətlərə baxaraq istənilən düşməni istənilən vaxtda, istənilən şəraitdə darmadağın edəcəyini düşünənlər yanılırlar. Bu o zaman mümkün ola bilər ki, ekipajın hazırlığı və intizamı yüksək səviyyədə olmaqla yanaşı HHM sistemi düzgün təşkil edilsin, əlaqələndirilsin və eşalonlaşdırılsın.

Nəhayət, dünyada "məhv edilməyən" zenit raket kompleksi hələ ki, yoxdur. Hər birinin də üstünlükləri və mənfi cəhətləri mövcuddur. Əslində bir ZRK itirmək Suriyanın digər itirdikləri qarşısında ciddi bir vasitə heab edilmir. Əsas məsələ bu tip komplekslərin nüfuzunun itirilməsindən ibarətdir. Yeni komplekslər almaq üçün qapıda xeyli gözləyən müştəri var. İstənilən halda yaxşı silaha sahib olmaq azdır, onu işlədəcək heyət də vacibdir.

Rusiyanın müasir silah komplekslərindən bir hesab edilən "Pantsir-S1" ZRK-nın, həm keçən ilin may ayında Azərbaycan silahlanmasında mövcud olan "Spike NLOS" TƏİRK tərəfindən, həm də yanvarın 21-də DSX tərəfindən nümayiş etdirilən "SkyStriker" pilotsuz uçuş aparatı vasitəsilə məhdud görmə şəraitində məhv edilməsi təbii ki, uzun müddət Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın siyasi-hərbi rəhbərliyində ciddi narahatlıqlara səbəb olmaya bilməz.


Xatırladım ki, Azərbaycanın son partiyada ən azı 10 ədəd "SkyStriker" pilotsuz uçuş aparatı əldə etdiyi məlumdur. Təkrar istifadə imkanına malik aparatların qoşun sınaqları məqsədilə təlimlərdə, bəlkə də real döyüş vəziyyətində sınaqdan keçiriləcəyi gözlənilir. "Harop" zərbə PUA-larının ikinci dəfə Ali Baş Komandana nümayiş etdirilməsi də bu aparatların yenidən alınması təklifinin səslənməsinə işarə edir. Bundan sonra isə hər iki PUA-lardan daha çox sayda qəbul ediləcəyi gözlənilir. Artıq Silahlı Qüvvələrimizin birləşmələri daha çox sayda zərbə tipli pilotsuz uçuş aparatları sinifindən olan vasitələri silahlanmaya qəbul etməyə hazırlaşır. Bu tip aparatların Silahlı Qüvvələrin motoatıcı tabor səviyyəsinə qədər təchiz edilməsi məqsədəuyğun hesab olunur. Yolsuzluq və dağlıq şəraitdə yüksək imkanlara malik zirehli ərazi avtomobillərinə quraşdırılan zərbə PUA-ları əməliyyat planlaşdırılan ərazilərə operativ şəkildə çatdırılaraq, gözlənilmədən meydana gələn təcili tapşırıqları yerinə yetirməyə və yeni peyda olan arzuolunmaz düşmən hədəflərini məhv etməyə imkan verəcək.

Azərbaycanla İsrail arasında müdafiə sənayesi sahəsində mövcud olan ikitərəfli əməkdaşlıq səviyyəsi adətən bu komplekslərin ölkəmizdə istehsal prosesinin yaranmasına münbit şərait yaradır.

Azərbaycan Respublikasının "Azərsilah" Açıq Səhmdar Cəmiyyətinin müəssisələri digər hərbi təyinatlı məhsulların istehsalı ilə bərabər, yüksək taktiki-texniki parametrlərə malik müxtəlif sinifli pilotsuz uçuş aparatlarının yaradılması, istehsalı, həmçinin texniki qulluq göstərilməsi istiqamətində ardıcıl planlı fəaliyyətlər həyata keçirir. "Şərq" İstehsalat Birliyinin "AZAD Systems" müəssisəsi 2015-ci ildən bir çox sərgilərdə istehsal etdiyi müxtəlif tipli PUA-larla təmsil edilir. Şirkətin bir çox xarici şirkətlərlə ortaq layihələri bu gün də davam edir. Bütün reallıqları diqqətlə nəzərdən keçirdikdən sonra yeni PUA-ların ölkəmizdə ortaq istehsal perspektivlərini yüksək dəyərləndiririk.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pantsir-S1   SkyStriker   Azərbaycan