"Shaldag" sözünə uyğun 4 nəticə tapıldı!

Ali Baş Komandandan "Hermes" və "Tufan"lara baxış – DSX durmadan irəliləyir

2018/05/9_13726569924.jpg
Oxunub: 8904     19:36     01 May 2018    
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin aprelin 30-da Bakının Türkan qəsəbəsində yerləşən Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmilərin tikintisi və təmiri Mərkəzinə növbəti səfəri zamanı, orada təşkil edilən Azərbaycan Dövlət Sərhəd Xidmətinin silahlanmasında olan silah və texnologiya sərgisi zamanı İsrailin "Hermes 900" pilotsuz uçuş aparatı ilk dəfə ictiamiyyətə təqdim edilib.

"Hermes 900" 36 saat ərzində 9100 metr yüksəklikdə uçuş həyata keçirə bilir. Bu pilotsuz uçuş aparatı (PUA) əsasən kəşfiyyat və nəzarət məqsədilə istifadə olunur. 1100 kq ağırlığı olan bu PUA- lar 350 kq faydalı yük götürmə qabiliyyətinə malikdir.

8.3 metr uzunluğa sahib PUA-nın qanad açıqlığı isə 15 metrə bərabərdir. Aparatı bir ədəd "Rotax 91" markalı mühərrik hərəkətə gətirərək maksimum 220 km/ saat sürətlə hərəkət etməyə imkan verir. Kreyser sürəti 112 km/saatdır.

"Hermes 900" PUA-ları faydalı yükünə elektro-optik (infraqırmızı) sensorlar, SAR radarı, radioelektron kəşfiyyat, həmçinin radioelektron mübarizə və hiperspektral sensorlar daxildir.


Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan Dövlət Sərhəd Xidmətinin silahlanmasında olan İsrailin Elbit Systems "Heron 900" uzaq mənzilli pilotsuz uçuş aparatı nümayiş etdirilir


Daha öncə məlumat verildiyi kimi, Azərbaycanın 2016-cı ildə Dövlət Sərhəd Xidmətini avadanlıqlarla təmin etmək məqsədilə İsraildən "Hermes 900" PUA- larını əldə edib. PUA-ların Azərbaycanda istifadəsi haqqında ilk dəfə məlumat 2017-ci ildə Xəzər dənizindəki təlimlərin PUA-nın optik elektron sistemlərindən istifadə edilərək çəkilən kadrların yayılması ilə ictimaiyyətə çatdırıldı. Bəzi məlumatlara görə, Azərbaycanda 15 ədəd "Hermes 900" PUA mövcuddur.

"Hermes 900" PUA-ları "Koxav" adı altında 2012-ci ildən İsrail Hərbi Hava Qüvvələrinin silahlanmasındadır. Hazırda Braziliya, Kolumbiya, Meksika, Çili və İsveçrə tərəfindən də istifadə olunur.


Prezident İlham Əliyevə Turkan sərgisində artıq hamıya yaxşı tanış olan İsrailin İAİ "Harop" pilotsuz gəzən sursatlarının özüyeriyən atıcı qurğusu da nümayiş etdirilib

Prezident İlham Əliyevin Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmilərin tikintisi və təmiri Mərkəzinə növbəti səfərinin əsas məqsədi İsrailin OPV 62 layihəli ikinci sinif S-205 (həmçinin "Saar 62" adı da istifadə edilir, Azərbaycanda adı "Tufan") sərhəd patrul gəmilərinin beşinci nümunəsi ilə tanışlıqdan ibarət olub. Tikintisi bitən gəmi, suya buraxılma xəttindədir və yaxın günlərdə suya buraxılacağı gözlənilir.

Xatırladaq ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmilərin tikintisi və təmiri Mərkəzi 2014-ci il iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılıb. Mərkəzin əsas məqsədi İsrailin SIBAT ixrac müdafiə agentliyi və "İsrail Shipyards" (Haifa) gəmi tərsanəsi ilə 2011-ci ildə bağlanan müqavilə əsasında 6 ədəd "Shaldag Mk V" layihəli surətli patrul qayıqlarının və OPV 62 layihəli altı ədəd kiçik patrul gəmilərinin (Azərbaycanda onlar ikinci dərəcəli sərhəd patrul gəmiləri kimi təyin olunur) inşasını həyata keçirməkdən ibarət olub.

Göründüyü kimi, Türkanda gəmi və qayığların yığılması "Israel Shipyards" tərəfindən çatdırılan silah, texnika, ehtiyat hissələr və avadanlıqlarla həyata keçirilir.

S-301-S-306 korpus nömrələri olan 6 ədəd "Shaldag Mk V" layihəli surətli patrul qayıqlarının yığılması Türkandakı Mərkəzdə 2014-cü ilin yayından 2015-ci ilin payızına qədər başa çatdırılıb.


Türkan qəsəbəsində yerləşən Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmilərin tikintisi və təmiri Mərkəzinə inşası başa çatan OPV 62 layihəli ("Tufan" tipli) beşinci S-205 patrul gəmisi


Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin OPV 62 layihəli ("Tufan" tipli) S-201 Baş patrul gəmisi 2015-ci il sentyabrın 9-da, ikinci S-202 gəmisi 2016- cı il iyunun 17-də, üçüncü S-203 gəmisi 2017-ci il yanvarın 13-də, dördüncü S- 204 gəmisi isə 2017-ci il avqustun 25-də suya buraxılıb. Bütün dörd gəmi artıq istismara verilıb. İndi beşinci S-205 gəmisi də hazırdır. Bu layihənin sonuncu, altıncı S-206 gəmisinin inşası bu ilin sonuna qədər başa çatacaq. Əvvəllər iki OPV 62 layihəlı gəmi Ekvatorial Qvineyaya, üç gəmi isə Yunanıstan Sahil Təhlükəsizliyi Xidməti üçün inşa edilib. Hazırda 4 gəmi Kipr Milli Qvardiyasının HDQ üçün inşa edilir.


Azərbaycan OPV 62 layihəli gəmilər ("Saar 62") kifayət qədər güclü silahlara malikdir. Bunun əsasını 25 km məsafədə hədəfləri "atdım unutdum" texnologiyası ilə məhv edə bilən, 8 raketli İsrailin Rafael şirkətinin "Spike-NLOS" (gəmi raketlərin ümumi ehtiyatı 20 ədəddir) idarəolunan tank əleyhinə raket kompleksi təşkil edir. Azərbaycan Respublikası "Spike-NLOS" raket kompleksinin ilk müştərisidir. Silah Azərbaycanda da uğurla sınaqlardan keçirilib. Bu gəmilərdə istifadə edilən digər silahlar arasında "Rafael Advanced Defence Systems Ltd" şirkətinin istehsalı olan, 23 mm 2A14 "Typhoon" (ZU-23-2 zenit qurğusunun toplarından istifadə olunur) avtomatik topu və iki ədəd 12-7 mm M2NV "Mini Typhoon" pulemyotu yer alır. Bu silahlar yan tərəflərdə quraşdırılaraq məsafədən idarə olunur. İki ədəd 12.7 mm və iki ədəd 7.62 mm pulemyotlar isə əllə idarə olunan turelə yerləşdirilib.

Azərbaycan layihəsində gəminin arxa hissəsində kiçik helikopter meydançası yer alır. IAI istehsalı "Elta SGRS EL/M-2228X" müasir atəşi idarəetmə və hədəf aşkaretmə sisteminin birləşdirən RLS ilə bərabər gəmilər yeni "Rafael Toplite" elektron optik avadanlıq ilə təchiz olunub.


Sahil Mühafizəsinin gəmilərin tikintisi və təmiri Mərkəzində inşası davam edən İsrailin OPV 62 layihəli ikinci sinif S-206 gəmisinin sonuncusunun korpusu


İsrailin dəstəyi ilə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin tələblərinin ödənilməsi üçün 62 metrlik "Saar 62" layihəli gəmilərdən iki ədədini 72 metrlik "Saar 72" layihəsi üzrə inşa edildiyi ehtimal olunur. Bu gəmilərdən birinin Baş gəmi təyin ediləcəyi şübhəsizdir. 10 metr uzadılan gəminin 470 t olan su tutumu təxminən iki dəfəyə yaxın, 800 tona qədər artırılmalıdır, bu isə əlavə helikopter anqarı ilə yanaşı digər silah sistemlərinin və avadanlıqların yerləşdirilməsinə imkan verir.

"Saar 72" layihəli gəmilərdə yerüstü və suüstü hədəflərə qarşı mübarizə aparacaq "Spike-NLOS" TƏİRK ilə bərabər 76 mm artilleriya qurğusu, zenit raket kompleksi, REM sistemi və passiv maneə kompleksi yerləşdirilib. İki ədəd vintə sahib olan iki ədəd MTU 16V 1163M94 dizel mühərrikləri 30 dəniz mili (55 km / s) sürət toplamağa imkan verir. 50 nəfərdən ibarət ekipaja sahib olan korvet 18 dəniz mili sürəti ilə 5500 km məsafədə 21 gün avtonom fəaliyyət göstərə bilir. Əlavə olaraq göyərtədə 20 nəfərdən ibarət xüsusi təyinatlı bölmə də yerləşdirilə bilər.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ali-Baş-Komandan   DSX   Saar-62   Hermes-900