" Cənubi-Koreya " sözünə uyğun nəticə tapıldı!

"Cənubi-Koreya" - (1858 )

Gürcüstanın Cənubi Qafqazda sabitlik çarçısı olmaq cəhdi nədən xəbər verir? – ANALİZ (EKSPERT)

2020/03/e2ab2-1583494271.jpg
Oxunub: 2789     15:29     06 Mart 2020    
Son illər Azərbaycan-Gürcüstan siyasi, iqtisadi, mədəni münasibətlərinin dinamik inkişafı bu iki respublikaının hərbi tərəfdaşlığında da ciddi rol oynayır. İstər Azərbaycanda, istərsə də Gürcüstanda keçirilən beynəlxalq hərbi tədbirlərdə, təhlükəsizlik məsələlərini əhatə edən toplantılarda iki tərəfin bir-birinə həmrəylik nümayiş etdirdiyi çox açıq şəkildə müşahidə olunur.

Bəzi dairələr hesab edir ki, bu tərəfdaşlığın əsas səbəbi Gürcüstan üzərindən keçən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilsi-Ərzrum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin mühafizəsi, müdafiəsi və bunlardan irəli gələn amillərə birgə yanaşmadır.

Təbii ki, bu baxış bucağı doğrudur, amma Azərbaycan-Gürcüstan münasibətlərinin tam mahiyyətini əks etdirmir. Bu yaxınlığın ən vacib amillərdən biri çətin geopolitik proseslərin episentri olan Cənubi Qafqaz bölgəsində dayanıqlı əməkdaşlığın qorunub saxlanmasıdır. Əks halda, çox mürəkkəb etnik strukturu olan bu regionda təhlükəsizlik və sabitliyin pozulmasına maraqlı olan qüvvələr öz istəklərinə çatmaq üçün yaxşı imkanlar əldə edə bilərlər.

İndiki vəziyyətdə Cənubi Osetiya və Abxaziya münaqişəsini həll edə bilməyən Gürcüstan, ərazisi Ermənistan tərfindən işğal olunmuş Azərbaycanın problemlərini yaxşı dərk edir, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əldə olunması üçün rəsmi Bakı ilə birgə səy göstərir.

Digər qonşusu olan Ermənistanla da münasibətlərini normal tərzdə qorumağa çalışan rəsmi Tbilisinin Bakı və İrəvan arasında vasitəçilik cəhdləri də məlumdur. Hətta xeyli sayda beynəlxalq humanitar tədbirə ev sahibliyi etmiş Gürcüstanda müxtəlif kateqoriyalardan olan azərbaycanlı və erməni rəsmi və qeyri-rəsmi nümayəndələrin görüşləri təşkil olunub.

Şimal qonşusu Rusiya ilə siyasi, iqtisadi, hərbi-diplomatik münasibətləri uçurum astanasında olan Gürcüstan Kremlin təzyiqləri altında olan Ermənistanla da bölgədə sabitliyin bərqərar edilməsi üçün əməkdaşlıq müstəvisində davranır. Amma yaxın keçmişə qədər ermənilərin bu ölkəyə qarşı ərazi iddiasında olması rəsmi Tbilisini mümkün qədər ehtiyatlı davranmağa vadar edir.

Bunun üçün də, gürcü siyasətçilər, diplomatlar Ermənistan və Azərbaycan arasındakı gərginliyin azaldılması, Qarabağ müharibəsinin sülh yolu ilə həlli istiqamətində töhvə verməyə hazır olduqlarını bildirməklə yanaşı və bu xarakterli danışıqlarda açıq və ya qapalı şəkildə fəaliyyətlərini davam etdirirlər.

Bütün diplomatik cəhdlərin fonunda rəsmi Tbilisi hərbi sahədə daha çox Azərbaycanla əməkdaşlıq edir, bu ölkədə keçirilən NATO təlimlərində və tədbirlərində əsas iştirakçılardan biri olur, eləcə də Azərbaycanla sıx bağlılığı olan Türkiyə ilə hərbi əlaqələrini möhkəmləndirir. Deməli, bir sözlə, Gürcüstan əsas mənbəyi Azərbaycan olan beynəlxalq iqtisadi layihələrdə həm tərəfdaş kimi rol oynayır, həm də Azərbaycan vasitəsilə regionun əsas güc mərkəzləri olan Rusiya, İran, Türkiyə ilə diplomatik münasibətlərini tənzimləyir, Orta Asiya respublikaları ilə iqtisadi-mədəni əlaqələrini inkişaf etdirir, həmçinin Çin, Orta Asiya, İran və Avropa ölkələrini əhatə edəcək “Böyük İpək Yolu” iqtisadi layihəsindən bəhrələnməyə çalışır...

Bir tərəfdən də öz ordusunu mütəmadi olaraq inkişaf etdirən, dünyanın ən güclüləri sırasına daşıyan Azərbaycanla tərəfdaş olmaq, hərbi təcrübə və məlumatları bölüşmək Gürcüstanın həmişə xeyrinə ola bilər.

Bütün bunlarla yanaşı, Azərbaycan, Gürcüstan və Ermənistanın əsas vəzifəsi bölgədə əmin-amanlığın təmin olunması istiqamətində çalışmaqdır. Mövcud vəziyyətdə bu çərçivədən kənarda qalan Ermənistan beynəlxalq standartları pozur, işğalçılıq siyasətindən yaxa qurtara bilmir. Bu da rəsmi İrəvanın vaxtilə öz təhlükəsizliyini qorumaq üçün razılaşıb qəbul etdiyi vassalıq öhdəliklərindən irəli gəlir.

Belə ki, bu gün Ermənistan NATO-ya doğru irəliləməkdə iddialıdır, amma qonşusu Gürcüstandan fərqli olaraq qarşısında ciddi manelələr mövcuddur, Azərbaycan kimi isə müstəqil siyasət yürütməkdə saysız-hesabsız çətinlikləri var. Digər tərəfdən də, rəsmi İrəvan Cənubi Qafqazda xüsusi çəkiyə malik olan iqtisadi layihələrdən tamamilə kənarda qalıb.

Bir sözlə, özünü bir çox iqtisadi və beynəlxalq layihədən təcrid edən Ermənistanın xilası həm də Cənubi Qafqaz bölgəsi üçün gələcək təhlükəsizlik məsələsində ciddi əhəmiyyətə malikdir. Söz yox ki, bu fakt Bakı və Tbilisiyə yaxşı məlumdur. Ona görə də, Gürcüstan tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınmasında müəyyən qədər rol oynaya bilər. Bir şərtlə ki, Ermənistan rəhbərliyi daxili və xarici təzyiqlərə dözümlü olub, erməni xalqının gələcəyi naminə konstruktiv addım atamağı bacarsın...

Son illər Azərbaycan-Gürcüstan münasibətlərində inkişaf, xüsusilə hərbi sahədə diqqət çəkən əməkdaşlıq, Gürcüstan müdafiə naziri postunu tutmuş şəxslərin Azərbaycana intensiv səfərləri, qarşılıqlı görüşlər, danışıqların format və məzmunları deməyə əsas verir ki, öz güc və qüdrətinin fonunda bölgədə sabitliyin təminatı olmağa qadir Azərbaycanla işğalçı Ermənistan arasında vasitəçilik etmək gürcü diplomatları üçün vacib amildir. Gürcü siyasət adamlarının bu cəhdləri, təkcə Gürcüstan və Azərbaycanın deyil, həmçinin Ermənistan da daxil olmaqla bütün Cənubi Qafqazın gələcək taleyində əvəzsiz rol oynaya bilər.

Gürcüstan bir tərəfdən də çox gözəl anlayır ki, bir müddət əvvələ qədər ermənilər tərəfdən ona qarşı ortaya atılan ərazi iddiası təsadüf deyil, bu hansısa güc mərkəzi tərəfindən idarə edilir, həm də aktual olaraq qalır. Deməli, Cənubi Qafqazda təhlükəsizliyə və sabitliyə Ermənistan tərəfindən dövlət səviyyəsində təminat verilməzsə, bəzi problemlər zaman-zaman yenidən milli münaqişəyə çevriləcək.

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Azərbaycan   MN