"BMP-1" sözünə uyğun 128 nəticə tapıldı!

Ermənistanda dəfələrlə əməliyyat keçirən tovuzlu: “Berd rayonunda Çaxır zavodu və tütün anbarını partlatdım”

2019/02/52527-1551258779.jpg
Oxunub: 9549     14:10     27 Fevral 2019    
Dəyərli oxucularımız, düşmənə divan tutan daha bir qəhrəmanımızı sizinlə tanış edəcəyik. Budəfəki qəhrəmanımız sadə vətəndaş, 1945-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olan Əliyev Sadiq Abıl oğludur. O, 1988-ci ildə Sumqayıt hadisələrindən sonra Tovuz istiqamətində hücuma başlayan erməni hərbi birləşmələrinə meydan oxuyub. Dəfələrlə düşmən arxasında sarsıdıcı zərbə vurmaq məqsədi ilə partlayışlar törədib, üzbəüz döyüşlər zamanı 70-dən çox düşmən hərbçisini məhv edib. 74 yaşlı Sadiq kişi bütün uğurlu əməliyyatlarını silahdaşları və özünün düzəltdiyi silahlarla reallaşdırıb. Həmin vaxt evinin arxasında post qurub və həmin posta da onun adı verilib.

Ordu.az hazırda qisas eşqi ilə yaşayan qəhrəmanımızla maraqlı müsahibəni təqdim edir:

- Salam, Sadiq baba!

- Salam,oğul! Əlibəyliyə xoş gəlmiziniz.


- Sadiq baba, əvvəlcə deyin görək necə oldu ki, mübarizəyə atıldınız?

- 1988-ci ildə Sumqayıtda ermənilər aranı qatdı, sonra da 1989-cu ilin əvvəlindən bizimlə qonşuluqda olan kəndlərdən təxribat xarakterli hücumlara başladılar. Mən də sıradan bir qaynaqçı, bundan da əvvəl bir kişiyəm. Onda bir ov tüfəngim var idi, onu alıb əlimə, beş-on yoldaşla kəndə keşik çəkməyə başladıq. Gecələri kənddə gəzib, müdafiəni təmin edirdik. Elə olurdu ki, ermənilər aramızdakı səmimi münasibətdən istifadə edib, əksər evlərdən oğurluq edir, qoyun-quzu, mal-qara aparırdılar. Biz də bunların qarşısını alırdıq, ehtiyatlı davranırdıq. Sonra 1990-cı ilin 20 Yanvar hadisəsindən sonra sözün əsl mənasında işğal məqsədli hücumlar başladı. Həəə, bax onda Sadiq baban dinc dayanmadı. Dəstəmizi biraz da böyütdük.


- Düşmən daha çox hansı istiqamətdən hücum edirdi?

- Üzü Qazaxdan tutmuş Gədəbəyə kimi hara gəldi girməyə çalışırdı, amma biz də rayonlardakı kişilərlə zəncirvari iş görürdük. Yoxsa nə bilərdik ki harada, nə baş verir. Bax burda, Ermənistanın Berd rayonu var, əvvəlcə Şəmşəddil adlanırdı. O rayonun Muses, Çinarkənd, Tovuzkənd, Tabaqsuru kəndlərindən daha çox həmlə edirdilər. Həmin vaxt da biz əsaslı müdafiəni təşkil etmişdik, amma yenə də silahlarımız zəif idi. Biz o tüfənglərlə Paravakar yolunu ələ keçirib, nəzarətdə saxladıq. Orada Ağstafanın mərd oğulları da bizə dəstək verirdi. Allah rəhmət eləsin, 7 nəfər onlardan şəhid oldu, yenə də əzmlə o yolu saxladıq.

Sonradan düşmən hücumlarını intensivləşdirdi. Bu zaman bizdə könüllü batalyon yarandı, Etibargil yanıma gəldilər, oturduq məsləhətləşdik. Mən də kustar üsulla hazırlanan silahlar düzəltdim. Bax bu dəmir hissəcikləri, zibillikdəncə yığıb düzəldirdim. Düşmənin təpəsinə od ələyirdik, onlar da təəccüb hissi keçirirdilər. Bax, oğul, axşam xəbərlərdə deyirdilər ki, Tovuzdan atılan mərmilərin nə olduğu bilinmir. Heç qalıqları da qalmırdı çünki, mən onu dəmir borulardan, bolt-qaykalardan yığırdım, partlayış da olanda yerdə heç nə qalmırdı.


Bir dəfə də boru ilə “iki stvollu” Alazan düzəldib, ZİL-in belinə qoydum. Akkumuliyatordan da düzəltdiyim mərmiləri Çinarlıdakı düşmən mövqelərinə atdıq, bir də baxdıq ki, mövqeləri alov bürüyüb. Bax onda təşvişə düşən ermənilər öz kəndlərini tərk etməyə başladı. 13 erməni döyüşçüsü də orada məhv edildi, aralarında rus da var idi. Mənim səhvim orada oldu ki, bu gün üçün onların sənədlərini götürmədim. Beləcə Tabaqsuru da, Tovuzkəndi də təmiz boşaldıb oralarda möhkəmləndik. Sonradan üstümüzə son dərəcə ağır texnika ilə gəldilər. Biz də yola partlayıcı yerləşdirib, öz mövqelərimizə gəldik.

- Necə oldu ki, Sadiq kişinin “Sadiq postu” yarandı?

- Hə, postu da düz evimin arxasında qurdum. Sağa-sola 100 metr səngər qazdıq, birini də evin zirzəmisinə. Evimi də döyüşçülərim üçün qərargah eləmişdim. O postun sayəsində mən, bax, bu ətrafı qorudum, uşaqları əmin etmişdim ki, buradan bircə erməni belə keçsə, bilin ki, artıq mən yoxam. Yalnız meyitimin üstündən keçə bilərlər. Buradan mən düşmən texnikasının hərəkətini görüb, batalyona xəbər edirdim. Uşaqlar da rus polkundan götürdükləri tanklarla Çənlibeldən başlarına od ələyirdilər. Burada yeyib-içib, dincəlib, posta çıxırdıq. Düşmənlərdən götürdüyümüz silahlarla, yəni avtomatla BMP, BRDM, BTR, tanklara qarşılıq verirdik. İndi siz bir qəribə ad deyirsiniz, başım çıxmır.


O vaxt mən şüşələrə benzin töküb, başında da kapron qaba barıt qoyub, balaca bomba düzəldirdim. Uşaqlarla yandırıb düşmən texnikasının üstünə atırdıq. 130 nəfərlə biz düşmənə qan uddururduq. Xocalının intiqamını alanda bir nəfərimiz şəhid oldu. Sarıqaya ətrafında döyüşdə, Dündüldən ağır silahlardan atıb, kəndə girdik. Onda rus hərbçiləri ilə qarşılaşdıq. Feruz var idi, rəhmətlik, Tabaqsurda o, rus kapitanından tank əleyhinə minanı aldı. Aparırdı ki, qənimət kimi tankımıza qoysun, əlində açıldı, partladı. Sonra biz onları da qırıb, geri qayıtdıq. Feruzun da nəşini tankla dörd nəfərə çıxardıq. Bax bu Kamal Həsənov da orada həmin döyüşdə idi. Mən də gedib onların çaxır zavodunu, tütün anbarını yandırdım, əsas çənləri və aparatlarını partlatdım.

- Kamal bəy, siz həmin döyüşü necə xatırlayırsınız?

- Sadiq babam düz deyir. Biz, rus-erməni qarışıq onları mühasirəyə alıb, tərki-silah etdik. Gözləmirdilər ki, biz gələk. Onda kapitan “zapal”ı (fitili) çəkib, ona vermişdi. O da sanki ürəyinə damıbmış kimi iti addımlarla 150 metr bizdən uzaqlaşdı. O, partlayan kimi biz də bunları qırdıq, 15 nəfər olardılar. Çünki silaha əl atmaq istədilər. Qayıdanda da bizi tələyə saldılar, iki nəfər, Ceyhun və Hamlet də orada şəhid oldu. Allah hamısına rəhmət eləsin, sonra onların qisasını aldıq.


Qazaxın Məzəm kəndindən gürcü serialı maşınla keçdik, bir qara VAZ 2103-də iki erməni zabitini əsir aldıq. Onu gətirib, həmin Feruz şəhid olan yerdə də güllələdik. Ermənilər bundan sonra bizdən daha çox çəkindilər. Sonra onlar Hacallı kəndindən heyvan otaran bir gəncimizi əsir aldılar, biz də getdik Goranboyun Şəfəq kəndindən bir ailəni əsir götürüb o uşaqla dəyişdik.

- Sadiq baba, yenidən o silahları düzəldib, döyüşə atılmaq sizin üçün çətin olmaz ki?

- Ay oğul, sən bizə gələndə gördün ki, mən ağacın başında budaq kəsirdim. Qorxusu olan o snayperin, DŞK-nın, avtomatın qabağına çıxarmı? Bax oğul, bu əlimdəki top mərmisini onlar atmışdı, açılmadı. Mən buna baxıb o mərmiləri düzəldirdim. İndi də, maşallah, silahlarımız, texnikalarımız, raketlərimiz var. Hansı ki, onlar Paşinyan oturan qərargahı vuracaq silahlardır. Amma mən hələ də qisas hissi ilə yaşayıram. Allah o günü görməmiş mənə ölümü nəsib etməz, İnşallah. Bax bu pəncərədən ermənilər “tənək” postundan evimi atəşə tutdular. Güllə həyat yoldaşım Əliyeva Gülnaz Xanoğlan qızının boğazından girdi, qızım Əliyeva Razifənin qarın boşluğunu ağır yaraladı, bax divarın da bu hissəsinə girdi. Mən ömür-gün yolşadımın ruhuna söz verdim, qızıma söz verdim ki, sizin qisasınızı alacam.


- Sadiq baba, Allah həyat yoldaşınıza rəhmət eləsin. Qızınıza da can sağlığı arzu edirik.

- Sağ ol, oğul! Cəmi şəhidlərimizə, ölənlərimizə allah rəhmət eləsin! Sağ olun ki, gəldiniz, ziyarət etdiniz. Bu qoca baba, bu gün də əldə silah vətənin müdafiəsinə və torpaqlarımızın işğaldan azad edilməsinə hazırdır. Baxmayın ki, 74 yaşım var, əlimdə silah olanda özümü 17 yaşında gənc kimi hiss edirəm.











Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tovuz   Ermənistan   Müharibə