" Atəşkəs " sözünə uyğun nəticə tapıldı!

"Atəşkəs" - (1455 )

“Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır”

2020/03/e0c5b-7920879065.jpg
Oxunub: 444     17:17     17 Mart 2020    
Bu günlərdə keçirilən genişmiqyaslı komanda-qərargah təlimləri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yaradılmasının ildönümü qeyd edilən cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birinin ön xətt bölmələrində olublar. Ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim ediblər. Qiymətli hədiyyələrlə mükafatlandırılan hərbi qulluqçuların fikirlərini oxucularımızla bölüşürük.

Leytenant Aslan Məzahirli:

- Müdafiə Nazirliyinin rəhbər heyətinin düşmənlə təmas xəttində yerləşən bölmələrimizə səfərləri biz Vətən müdafiəçilərinin döyüş, mənəvi-psixoloji hazırlığına müsbət təsir göstərir. Hələ xidmətimin astanasındayam. Qarşımda məsuliyyətli vəzifə dayanır. Bu şərəfli yolda mənim kimi, əsgərlərim də hər an döyüşə hazır olmalıdırlar. Bunun üçün ali hərbi təhsil ocağında mənimsədiklərimi onlarla bölüşürəm. Çalışıram ki, hərb sənətinin incəliklərini dərindən mənimsəsinlər. Asudə vaxtlarımızdan da səmərəli istifadə edirik. Şəxsi heyətə Vətəndən, torpaqdan, müharibədən, şəhidlikdən, qəhrəmanlarımızdan danışırıq. Vətənimizin keşiyində dayanan igidlərimizin düşüncələrində Vətənimizə məhəbbət, düşmənə nifrət hiss olunur. Əminliklə deyə bilərəm ki, Ali Baş Komandanımız döyüş əmri verərsə, əsgərlərimiz mərdliklə döyüşəcək, hər döyüşdən qələbəylə ayrılacaqlar. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt zəfəri bunun bariz nümunəsidir. Bu döyüşlərdə düşmən Azərbaycan əsgərinin gücünü, qüdrətini və peşəkarlığını gördü.

Cənab nazirimiz tərəfindən qiymətli hədiyyəyə layiq görülmək, göstərilən etimadı doğrultmaq mənim üçün böyük qürurdur. Bu hadisə illər keçsə də, yaddaşımdan silinməyəcək. Həm cənab nazirimizlə söhbətim, həm də bu şərəfli yolun başlanğıcında belə qiymətli hədiyyə ilə mükafatlandırılmağım çox sevindiricidir. Hesab edirəm ki, bu hədiyyə mənim bacarıqlı zabit kimi formalaşmağımda zəhməti keçən hər kəsə verilən qiymətdir. İstər orta məktəbdə, istərsə də hərbi məktəbdə müəllim heyətinin üzərimizdə əziyyəti böyük olub. Bu xəbəri eşidəndə mənim qədər onlar da sevinəcəklər. Bu gün aldığım mükafat müəllimlərimə olan minnətdarlığımın nişanəsidir. Çalışacağam ki, bundan sonra da onların əziyyətini yerə vurmayım. Biz son nəfəsində də qəlbi Vətən eşqi ilə döyünən şəhidlərimizin davamçılarıyıq, hər addımımızda onların adlarını zirvələrə qaldırmalıyıq. İnanıram ki, tezliklə Ali Baş Komandanımızın döyüş əmri ilə xalqımıza Qələbə sevincini yaşadacaq, üçrəngli bayrağımızı Şuşada, Kəlbəcərdə, Laçında dalğalandıracağıq.


Əsgər Elvin Məmmədov:

- Yuxarı komandanlığın diqqət və qayğısı sayəsində sosial-məişət şəraitimiz ən yüksək səviyyədədir. İçməli su və istiliklə, eyni zamanda, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunmuşuq. Heç bir problemimiz yoxdur. Problemimiz və yaxud narahatçılığımız yaranan kimi qayğıkeş komandirlərimiz yerindəcə həll edirlər. Bu da bizim xidmətimizi daha da asanlaşdırır. Belə sevgi və qayğının qarşılığında isə hər birimiz xidmətimizi düzgün təşkil edir, verilən əmr və tapşırıqları sözsüz və vaxtında yerinə yetiririk. Peşəkar və təcrübəli komandirlərimizin rəhbərliyi altında döyüş, fiziki, atəş və nizam-intizamımızdan savayı, vətənpərvərlik ruhumuz, əzmkarlığımız da yüksək səviyyədədir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bizimlə görüşü məndə xüsusi təəssürat yaratdı. Sosial-məişət şəraitimizlə yaxından tanış oldu. Hər birimizə qiymətli hədiyyələr təqdim etdi. Əlbəttə, bu görüş ruh yüksəkliyi yaratmaqla yanaşı, xidmətimizi daha da yaxşı təşkil etməyimiz üçün bizlərə stimul verdi. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və rəhbər heyətin bizimlə görüşə gəlməsi, xidmətimiz və şəraitimizlə maraqlanması bizim üçün ən böyük hədiyyədir. Yuxarı komandanlığın biz əsgərlərə göstərdiyi qayğını hərbi həyatımızda hər gün hiss edirik. Müasir şəraitimiz, yüksək təminatımız bunun bariz nümunəsidir. Belə yüksək qayğının qarşılığında layiqli xidmət etmək hər birimizin mənəvi borcudur. Biz təlim zamanı nümayiş etdirdik ki, döyüş qabiliyyətimiz yüksəkdir. İstənilən döyüş tapşırığını yerinə yetirməyə hər an hazır və qadirik. Ali Baş Komandanımızın əmri ilə istənilən an işğal altında olan torpaqlarımızı azad edəcəyik. Ən böyük arzumuz Böyük Qələbənin iştirakçısı kimi təltif olunmaq və xalqımıza qələbə sevincinin müjdəsini verməkdir.


Əsgər Elnur Sadıqov:

- Uşaq vaxtlarından ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilik haqqında ailəmizdə və orta məktəbdə eşitdiklərimizlə, sənədli filmləri izləməklə böyümüşük. İnsanlığa sığmayan hərəkətlərini görəndə düşmənə olan nifrətim gündən-günə artırdı. Böyüklərimizdən Vətənimizin müqəddəs olduğunu, onun uğrunda canımızdan keçməyə hazır olmağı öyrənmişik. Bu düşüncə ilə böyüyən Azərbaycan gəncinin yalnız bir amalı var - Ali Baş Komandanın döyüş əmri ilə işğalda olan torpaqlarımızı azad etmək.

Hərbi xidmətə çağırış vərəqəsini alanda çox həyəcanlı idim. Nəhayət, mən də Vətənin keşiyində dayanan qardaşlarımın sıralarına qatılacaqdım. Hərbi mundiri geyindiyim, Vətənə sədaqət andı içdiyim vaxtdan döyüş əmrini gözləyirəm. Böyük Qələbə naminə komandirlərimizin öyrətdikləri hərbi biliklərə dərindən yiyələnir, təhkim olunan silahların istismar xüsusiyyətlərini mükəmməl mənimsəyirik. Hərbi Nizamnamələrin tələblərinə uyğun xidmət edirik.

Keçirilən genişmiqyaslı təlimlər Azərbaycan əsgərinin illərin həsrətinə son qoymağa hazır olduğunu göstərir. Əsgəri xidmətimdə qatıldığım birinci təlim deyil. Ancaq bu təlim digərlərindən fərqlənir və mənim üçün ikiqat yaddaqalan olacaq. Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi xidmətdə fərqləndiyimə görə mənə də qol saatı hədiyyə etdi. Bu hədiyyənin qürurunu, sevincini illər boyu yaşayacam. Əsgər yoldaşlarım, valideynlərim də çox sevindilər. Bir daha əmin olduq ki, yaxşı xidmət həmişə qiymətləndirilib. Bundan sonra da çalışacağam ki, komandirlərimin etimadını doğruldum.


Əsgər Əli Rəhimov:

- Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdüyüm gün xatirəmdə silinməz iz buraxıb. Həmin gün ən yaddaqalan gün kimi yaddaşıma əbədi həkk olundu. Onun bizimlə görüşməsi, xidməti yerlərimizlə yaxından tanış olması, çay süfrəsi arxasında çox səmimi söhbət etməsi əsgər yoldaşlarım kimi, məni də qürurlandırdı. Bu amil ayıq-sayıq olmağımız, verilən əmr və tapşırıqları daha dəqiq və vaxtında yerinə yetirməyimiz üçün bir stimul yaratdı.

Müdafiə naziri hər birimizə Vətən qarşısında göstərdiyimiz xidmətə görə təşəkkürünü bildirdi, qiymətli hədiyyə təqdim etdi. Bu hədiyyənin böyük mənəvi dəyəri var. Bu saat təkcə vaxtı göstərmir, ona baxanda həmin an keçirdiyim sevinci, həyəcanı görürəm. Müdafiə nazirimiz tərəfindən qiymətləndirilmək, ondan "sağol" almaq hər kəs kimi mənim üçün də əvəzolunmaz hissdir. Onu sadəcə yaşamaq, hiss etmək lazımdır. Hədiyyə təqdim ediləndə sevincdən və həyəcandan ürəyim dağa dönmüşdü. Komandirlərimin qürurlu baxışlarını üzərimdə hiss edirdim. İstərdim ki, həmin an doğmalarım da məni görsün. Sizin sayənizdə onlar bizi görəcək və əminəm ki, Vətən qarşısında övladlıq borcumu layiqli yerinə yetirdiyim üçün mənimlə fəxr edəcəklər. Bu hadisə təkcə mənə yox, bütün şəxsi heyətə ruh yüksəkliyi aşılayır. Rəhbər heyətin sıx-sıx görüşə gəlməsi, şəraitimizlə maraqlanması bizə göstərilən yüksək etimaddır. Bunun qarşılığında hər birimiz Ali Baş Komandanımızın döyüş əmri ilə düşməndən qisas almağa, işğal altında olan torpaqlarımızı azad etməyə, soydaşlarımızı yenidən öz ata-baba ocaqlarına qaytarmağa hazırıq. Qələbə gününə çox az qalıb.


Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Nicat Mehdiyev:

- Hər zaman hərbçi olmaq arzusunda olmuşam. Uşaq vaxtlarımdan ailəmizdə hər kəs mərd Azərbaycan övladlarının keçdiyi döyüş yolundan söhbətlər edərdi. O zaman nizami ordumuz, silah-texnikamız yetərincə güclü səviyyədə deyildi. Buna baxmayaraq mərd oğul və qızlarımız düşmən üzərinə atılırdı. Torpaqlarımızın hər qarışı üçün cəsarətlə döyüşürdülər. Düşmənə layiqli cavab verirdilər. Belə söhbətləri dinlədikcə hərbçi olmaq arzum gündən-günə çoxalırdı. Nəhayət, hərbi xidmətə çağırıldım. Ön xətt bölmələrinin birində xidmət etdim. Xidmətim dövründə hərb peşəsinin müqəddəsliyini və vacibliyini daha yaxşı anladım. Komandirlərimin davranışları, səmimiyyəti, mənəvi-əxlaqi keyfiyyətləri, Vətənə bağlılıqları bu peşəyə olan sevgimi daha da artırdı. Tərxis olunduqdan sonra torpaqlarımıza, Vətənimizə olan sevgim ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməyimə səbəb oldu.


Xidmət etdiyim müddətdə çalışmışam ki, əsgərlərimizin qayğısına qalım. Onlara həm komandir, həm də dost olum. Keçirilən məşğələlərin sayəsində əsgərlərimiz gündən-günə döyüş, atəş və fiziki hazırlıqlarını artırırlar. Bunun nəticəsidir ki, şəxsi heyətimiz torpaqlarımızın keşiyində ayıq-sayıq dayanır, düşmən mövqelərini daim müşahidə edir. Erməni qəsbkarlarını bir an da olsun gözdən qoymur. Atəşkəs rejimini pozmağa cəhd edən işğalçıların qarşısını qətiyyətlə alır. Düşmən qısa müddət ərzində dəqiq atəş zərbələri ilə susdurulur. Onlar hər an ordumuzun gücünü, qüdrətini hiss edir. Aprel döyüşləri və Günnüt zəfəri bir daha təsdiqlədi ki, yenilməz ordumuz torpaqlarımızı tez bir zamanda işğaldan azad edəcək. Bunun üçün isə hər birimizə Ali Baş Komandanımızın döyüş əmri yetərlidir.

Bu gün mükafatlandırılanlar sırasında olmağım mənim üçün böyük fəxrdir. Çox sevinirəm ki, Müdafiə naziri bu mükafata məni də layiq görüb. Rəhbərliyin mənə göstərdiyi bu etimadı daima doğruldacağam. İnanıram ki, torpaqlarımızı işğaldan azad edənlərin sırasında mən də olacağam. Tezliklə Şuşada, Xankəndidə, Zəngilanda, Laçında, Azərbaycan bayrağı dalğalanacaq.

Orxan Hüseynli, Ruslan Həsənzadə, Oruc Mustafayev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dövlət   Azərbaycan-ordusu   Xidmət