"Aprel-döyüşləri" sözünə uyğun 816 nəticə tapıldı!

"Şuşalı olub Şuşanı görməyən əsgərin qəhərini təsəvvür edirəm" - REPORTAJ

2019/10/d16d6-1570011897.jpg
Oxunub: 515     15:22     02 Oktyabr 2019    
Müharibə başlayandan bəri torpaqlarımıza düşən səngərlərdə qışda soyuğu-sazağı, yayda istini-bürkünü mən də hiss etməmişəm. Bu, səngərlərin yerinə yetirdiyi funksiyanın, səngərdəki əsgərlərin Hərbi anda sədaqətinin, Hərbi andın da rişələndiyi məfkurənin qüdrətidi. Bu qüdrətə görə Vətən səngərdən sərhəd bütövlüyüylə görünür.

Dan yerinin sökülməsi aydınlıqların başlanğıcıdı. Müharibə başlayalı açılan səhəri bir niyyətlə, bir arzuyla, bir muradla bu başlanğıcdan salamlayırıq. Həmişə kirpiklərimizə yük olan alatoranda bizə elə gəlib ki, zaman ləng ötüşür - gecənin köynəyi gec sökülür. İndi də elədi. Özümə də bəlli olmayan bir niyyətlə şər qarışandan bəri könlüm məni səngərlərə çəkməkdədi...

Çəkingənliklə əsən meh payız səhərini gücü çatdığı qədər sərinləşdirməkdədi.

Diqqətimi göy üzündə vurnuxan bulud topası çəkir; dağlara sarı meyillənən bulud topası ürəyimi də arxasıyca çəkib aparmaqdadı. Əzəmət, vüqar, qürur ifadələri dağ kəlməsiylə qoşa işlədiləndə düşüncələri coşdurur, duyğuları kükrədir. Dağ əzəmətli, dağ vüqarlı, dağ qürurlu söz birləşmələri kimə ünvanlanırsa, onu kamil vətəndaş bilirik. Bu payız səhəri dağ vüqarlıları, dağ qürurluları görməyə, onlarla səmimiliklə kəlmələşməyə tələsirəm. Bu gediş, bu görüş mənə könül xoşluğu yaşadacaq. Yaşayacağım könül xoşluğunun yozumu ürəyimi telləndirəcək, əsgərlərlə birlikdə "Böyük Qələbəyə az qalıb, Vətən!", - deyəcəyik...


Səngərdə, əsgərlərin əhatəsində bu ünsiyyət sədaqətə görədi, bu sədaqət məhəbbətə görədi, bu məhəbbət Vətənə görədi. Səngərdə Azərbaycan əsgərinin istəyini - hərbi xidmət amalının nə olduğunu yenə eşidirəm. Bu istəyi inam bilirəm. Əsgərlərə "Mənim inamımın əzəli istinadgahı sizin inamınızdı. Bu inam Lələtəpə, Bayraqtəpə, Günnüt inamıdı. Bu inam Ali Baş Komandanın sizin döyüş və mənəvi-psixoloji hazırlığınıza inamından rişələnən inamdı", - deyirəm.

- Yayda istinin-bürkünün, payızda sazağın, qışda soyuğun, şaxtanın hiss edilməməsi səngərin yerinə yetirdiyi amalın qüdrətidi. Müharibə səbəbindən torpağın səngərləşən hissəsi çox həssas olduğu üçün Vətən buradan sərhəd bütövlüyüylə görünür, Azərbaycan əsgəri. Siz Ali Baş Komandanın döyüş əmriylə yaxın vaxtlarda bu hissəni dövlət sərhədinə köçürəcəksiniz, - deyirəm, yəni, ictimaiyyət sizə inanır, güvənir ki, siz bunu edəcəksiniz.

Əsgərlərin baxışlarında şükranlıq sezilir. Zabit Aqil Hüseynov 2016-cı ilin Aprel döyüşlərini - Lələtəpə, Bayraqtəpə qələbələrini, 2018-ci ilin may döyüşlərini - Günnüt zəfərini xatırladaraq deyir ki, bu əsgərlər həmin zəfərləri qazananların davamçısı olacaqlar, ruhumuzun fəsli deyəcəyimiz fəsildə. Ruhumuzun ayı adlandıracağımız ayda Böyük Qələbəylə bütün səngərlər birdəfəlik dövlət sərhədlərimizə köçürüləcək. Zabitin bu inamı bayaqkı inamın eynidi.

2016-cı ilin Aprel döyüşləri, qazanılan qələbə səngərlərdə də, səngərlərdən uzaqlarda da həmişə məhz bu inamın təntənəsi kimi, ruhumuzun qələbəsi kimi, Böyük Qələbənin başlanğıcı kimi xatırlanır. Səngərdə döyüşlər getdiyi vaxtlarda Birinci Qarabağ müharibəsi iştirakçılarının, tələbələrin, məktəblilərin, ümumən ictimaiyyətin döyüşlərdə iştirak etmə istəyini də yada salırıq. Söz düşəndə ictimaiyyəti təmsil edənlərin Azərbaycan əsgərinə xitabını xatırlayıram: "Qələbəyə görə çox sağ olun!", Azərbaycan əsgərinin ictimaiyyətə xitabən dediklərini eşidirəm: "Bu inama, etibara, ehtirama görə çox sağ olun!"...

Aqil Hüseynov zabit qüruruyla ötən ilin yayında Azadlıq meydanında Azərbaycan Ordusunun 100 illik yubileyinə həsr olunan paradı xatırladır, mən həmin paradda bir ağsaqqaldan eşitdiklərimi:

- Ermənilərə qarşı yerli müdafiə batalyonunun tərkibində mən də döyüşmüşəm. Ermənilər ilk vaxtlar çəkinə-çəkinə həmlə, hücum edirdi. Sonra bir az fəallaşsalar da, biz onlara ciddi müqavimət göstərirdik. "Ya zəlzələdən, ya vəlvələdən" - torpaqlarımızı sonacan qoruya bilmədik. Bizdən sonra Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan da işğal olundu. Bu ağrı təkcə qaçqınların deyil, hamımızın ağrısıdı. Paradda göstərilən texnikaları, qurğuları dost da gördü, düşmən də. Gördülər, istər-istəməz inandılar ki, belə döyüş texnikaları, silahı olan ordu, əlbəttə ki, torpaqlarını işğaldan azad etməyə qadirdir. Tanrıdan yurduma dönənəcən ömür istəyirəm. Əlim evimin daşına-divarına dəysin, həmin an son nəfəsim olsa da, bəsimdi..

Parad günü şuşalı ağsaqqaldan eşitdiklərim, "torpaqlarımızı sonacan qoruya bilmədik" etirafı əsgərləri duyğulandırır. Hər birinin baxışlarında bayaq səngərlərə yaxınlaşanda göy üzündə vurnuxan gördüyüm bulud topasının eynini görürəm. Əsgərlərin yumruqları düyünlənib. Heç birindən heç nə soruşmuram. Gizir İbrahim Məmmədov belə deyir:

- Bir əsgərimiz vardı. Şuşalıydı. Həmişə deyirdi ki, ata-anamın Şuşa həsrəti məndən 8 yaş böyükdü. Paradda sizin şuşalı ağsaqqaldan eşitdiklərinizi həmin əsgər atasından da, əmisindən də, dayısından da çox eşitmişdi. Onlar da yurd həsrəti çəkirmiş, onlar da deyirmiş ki, ordumuzun torpaqlarımızı işğaldan azad edəcəyinə inanırıq. Bu inam indi bizim döyüş əzmimizdi, qələbə ruhumuzdu: Biz mütləq qalib əsgər olacağıq!

Şuşalı olub Şuşanı görməyən əsgərin qəhərini təsəvvür edirəm. Bu qəhər təkcə həmin əsgərin atasının, əmisinin, dayısının illərlə yaşadığı ağrı-acılara, can üzən, ruh sarsıdan həsrətə görə deyil, bu qəhər azərbaycançılıq heysiyyətinin qəhəridi. Bu qəhər ürəyi yurduna sarı boylananların qəhəridi, müqəddəsliyin yaratdığı qəhərdi. Ata-anası Şuşadan olan əsgərin ürəyini üzən qəhəri əsgərlərin hamısı öz qəhəri bilir, - düşünürəm...

Bayaqdan bəri göy üzündə vurnuxan bulud topası seyrəlməkdədi. Bunu söhbətimizin mahiyyətinə, mahiyyətin sonluğuna rəmz bilirəm. Bu ovqatı, eynilə 2016-cı ilin martın sonlarında Cocuq Mərcanlıdan Lələtəpəyə aparan yolda da yaşamışdım. On gün sonra bu ovqatın davamı Lələtəpədə də boy göstərmişdi...

Zabit Nəsimi Həsənli İbrahim Məmmədovun son kəlmələrinə söykək kimi deyir ki, məmləkətin əsgərlərə inamı yaxın vaxtlarda gerçəkləşəcək. “Son illərdə həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər, beynəlxalq miqyaslı təlimlər, ordunun ən müasir hərbi texnikalarla, qurğularla təchizi şəxsi heyətin həm döyüş, həm də mənəvi-psixoloji hazırlığının səviyyəsini yüksəldib. Ordumuz güclüdür, nəinki Cənubi Qafqazda, həm də dünyada ən güclü ordular sırasındadır”.

Əsgər tərxis olunur. Yeniyetmələrə, yaxınlarına hərbi xidmətdən, aylarla nəfəs-nəfəsə döyüş növbətçiliyi apardığı əsgər yoldaşlarından danışır, hər dəfə sonu Böyük Qələbəylə tamamlanan səngərli söhbətləri xatırlayır. Düşüncələri səngərdən iraq düşməyənlər hər günün təəssüratlarını ömrünə hopdurduğu hərbi xidmətə qayıtmağa qərar verirlər.

Zamanında yaxşı əsgər olan İbrahim Məmmədov gizirdi. Bir az əvvəl sözarası, vaxtaşırı hal-əhval tutduğu əsgərlik dostlarından söz açmışdı, "Hərbi xidmət mənə Vətəni daha dərindən, daha dönməzliklə sevməyi öyrətdi, məsuliyyətlilik, dürüstlük aşıladı, bir də ömrümə yazılan dostlar verdi", - demişdi. Söhbətimizi bu kəlmələrin araçılığıyla davam etdiririk.

İbrahimə deyirəm ki, şuşalı əsgərin dediklərini xatırlatdın, hamımız eşitdik, söhbət sənin özünü də duyğulandırdı.

- Xidmətdən sonrakı söhbətlərin başlıca mövzusu döyüş əzmidi, qələbə ruhudu. Səngər söhbətləri torpaqların işğaldan azad edilməsiylə başlayır, qələbəyə inamla tamamlanır. Səmimiyyətimə inanın, məni yenidən hərbi xidmətə gətirən bu söhbətlər oldu, - İbrahim qətiyyətlə belə deyir...

Son vaxtlarda müxtəlif qoşun növlərinin, qism, birlik və birləşmələrin iştirakı ilə keçirilən genişmiqyaslı təlimlər göstərdi ki, ordumuzda olan texnikalar, hava hücumu vasitələri, helikopterlər, təyyarələr qələbələrlə nəticələnəcək döyüşlər aparmağa qadirdir. Əsgərlərin əhatəsində belə bir qürur yaşamaq nə qədər xoşdur!

Zabit Aqil Hüseynov deyir ki, müəyyən hərbi xidmət keçmiş zabit Silahlı Qüvvələrin Hərbi Akademiyasının dinləyicisi kimi təhsil alır. “Öyrəndikləri hərbi hissədə digər zabitlər üçün, müəyyən mənada tədris materialı olur. Nəticə etibarilə bu biliklərin zəruri hissəsi əsgərlərə də çatdırılır.

Zabitin kifayət qədər yığcam şərh-izahını təxminlərimin təsdiqi bilirəm və 100 illiyin paradında nümayiş etdirilən ən müasir texnikaları, qurğuları xatırlayıram, xatırladıram. O texnikaların, qurğuların istismarını mükəmməl öyrənənlər Ali Baş Komandanın əmriylə başlayacaq döyüşdə həm yüksək döyüş, həm də mənəvi-psixoloji hazırlığa malik olan əsgərlərimiz gözlədiyimiz Böyük Qələbəni qazanacaqlar...

...Payızın ilk ayı sərin keçir, soyuq biçimli sərinlikdi. Arada hava bir qədər qaralır da. Yağışdan ehtiyatlanırıq. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Vüqar Əliyev səmimiyyətlə deyir ki, yağmayacaq, təbiətin şıltaqlığıdı...

Səngərdə soyuq hiss etmirik. Bu, təkcə Vətənlə, qələbəylə bağlı söhbətlərə görə deyil, bu, səngərin yerinə yetirdiyi amalın qüdrətidi. O qüdrət Vətəndən gəlir, Hərbi anda sədaqətdən, Hərbi andın rişələndiyi məfkurədən gəlir, Azərbaycan əsgərinin qüdrətindən gəlir. Bu qüdrətə görədir ki, Vətən səngərdən sərhəd bütövlüyüylə görünür!..

Rəşid Hüseynov, əməkdar jurnalist
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: