"Əfqanıstan" sözünə uyğun 1621 nəticə tapıldı!

Azərbaycan və Ermənistan ordularında döyüş hazırlığının müqayisəli təhlili – HƏRBİ EKSPERT (I YAZI)

2019/12/15443-1576671052.jpg
Oxunub: 2741     10:56     19 Dekabr 2019    
Bu yazıda Azərbaycan və Ermənistan ordularında döyüş hazırlığını müqayisəli təhlil nəzərdən keçiriləcək. Məsələyə ilk növbədə hər iki tərəfin hazırlığının vəziyyətinə paralel olaraq, baş vermiş tarixi hadisələr və ordu quruculuğu fonunda baxmağa çalışaq.


Bu nöqteyi-nəzərdən, hər iki tərəfin ordularının döyüş hazırlığının inkişaf tarixini şərti olaraq aşağıdakı dövrlərə bölmək olar:

Fevral 1988 – may 1992-ci il;
İyun 1992 – may 1994-cü il;
İyun 1994 – hazırkı vaxta qədər.


Haşiyə: Döyüş hazırlığı – hərbi qulluqçuların, bölmələrin, birləşmələrin (hissələrin), birliklərin və onların idarəetmə orqanlarının təyinatlarına uyğun döyüş (xüsusi) fəaliyyətlərini (tapşırıqlarını) müvəffəqiyyətlə icra edə bilmələri məqsədi ilə proqramlaşdırılmış (sistemləşdirilmiş) qaydada öyrədilməsidir.

Döyüş hazırlığının əsas fəaliyyət sahələri:

- komandir heyətinin hazırlığı;
- qərargahların hazırlığı;
- döyüş hazırlığına rəhbərlik;
- təlim maddi-texniki bazanın yaradılması və təkmilləşdirilməsi.


Döyüş hazırlığı aşağıdakılardan ibarətdir:

- şəxsi heyətin fərdi hazırlığı;
- heyət, bölmə, hərbi hissə, birləşmələrin uzlaşması;
- idarəetmə orqanlarının (qərargahların) bölmələrin, hərbi hissələrin və birləşmələrin fəaliyyətini idarə etməyə hazırlığı.


Döyüş hazırlığının məqsədi - qoşunların təyinatına uyğun olaraq qarşıda duran döyüş və digər tapşırıqların yerinə yetirilməsi üçün tələb olunan səviyyəyə çatdırılması, saxlanılması və təkmilləşdirilməsidir.


Döyüş hazırlığının qarşısında duran əsas tapşırıqlar:

- döyüş tapşırıqlarının təyinat üzrə yerinə yetirilməsi üçün daim döyüşə hazırolmanın yüksək səviyyədə saxlanılması;
- komandir heyətinin və idarəetmə orqanlarının peşəkar hazırlığı;
- hərbi qulluqçuların fərdi hazırlığı, silah, texnika və texniki vasitələrin döyüş təyinatına uyğun tətbiqinə hazırlıq;
- heyət, bölmə, hissə və birləşmələrin uzlaşması;
- silah, texnika və texniki vasitələrin tətbiqi, texniki qulluğun göstərilməsi və döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılması üzrə şəxsi heyətin öyrədilməsi;
- qoşunların döyüşdən sonrakı fəaliyyətlərə hazırlığı;
- döyüş hazırlığının gedişində təlimatların və digər rəhbəredici sənədlərin müddəalarının yoxlanılması və yenilənməsi üçün təkliflərin hazırlanması;
- idarəetmə orqanlarının uzlaşması;
- qanunların və nizamnamələrin tələblərinin yerinə yetirilməsinin öyrədilməsi;
- yüksək döyüş ruhu, məsuliyyət, sayıqlıq, intizam, çalışqanlıq və yoldaşlığın tərbiyə edilməsi;
- yüksək psixoloji və fiziki dözümlük, mərdlik və cəsurluq, qətiyyətlik və cəldlik, döyüşün çətinliklərini dəf etmə bacarığının formalaşması;
- beynəlxalq humanitar hüquq normaları və davranış qaydalarına əməl edilməsini öyrətmək;
- bütün növ ehtiyatların hazırlığını və istifadəsini öyrətmək;
- qoşunun hazırlığı metodlarının təkmilləşdirilməsi;
- vəziyyətdə, taktikada və silahlandırmada baş verən dəyişikliklərə uyğun olaraq, döyüş fəaliyyətlərinin aparılma üsullarının təkmilləşdirilməsi.


Döyüş hazırlığının qarşısında qoyulan əsas tələblər:

- tələb olunan nəticələrə nail olunması;
- hazırlığın məqsədi, tapşırıqları, məzmunu, keçirilmə yeri və vaxtına görə uzlaşdırılması;
- təlim maddi-texniki bazanın, döyüş hazırlığı obyektlərinin düzgün bölüşdürülməsi, müvafiq qurumlar və ya bölmələr tərəfindən qulluq edilməsi və təkmilləşdirilməsi;
- döyüş hazırlığı prosesində qabaqcıl, elmi cəhətdən əsaslandırılmış, effektiv üsulların, metodların və tədris vasitələrinin tətbiqi, döyüş hazırlığı metodikasının daim təkmilləşdirilməsi.


Döyüş hazırlığının prinsipləri:

- öyrətmənin Hərbi doktrinaya uyğunluğu;
- daim döyüşə hazırolmalarının təmin edilməsi;
- müharibədə zəruri olanların öyrədilməsi;
- hər bir komandirin öz tabeliyində olanları öyrətməsi;
- öyrətmənin real döyüş vəziyyətinə maksimum uyğunlaşdırılması;
- sistemlilik və ardıcıllıq (“sadədən-mürəkkəbə” üsulu);
- öyrətmənin elmi əsaslandırılması;
- öyrətməyə fərdi və kollektiv yanaşma;
- öyrənənlərin düşüncəli, aktiv və müstəqil olmaları;
- tədrisin və tərbiyənin vəhdəti.


Bundan başqa şəxsi heyətə növbə və heyət tərkibində döyüş növbətçiliyini (xidmətini) yerinə yetirmə, texnika və texniki vasitələrlə müstəqil işləyə bilmə bacarığı da öyrədilməlidir.

Fevral 1988 – may 1992-ci il


Bu dövrdə Azərbaycan-Ermənistan münasibətləri getdikcə kəskinləşdi.

Hər iki tərəfdən zabit və gizirlərin əksəriyyəti Sovet ordusunda xidmət etmişdi və münaqişədən əvvəl hərbi təcrübəyə sahib idi, o cümlədən bir çoxları SSRİ-nin Əfqanıstanda apardığı müharibədə xidmətdə olmuşdular.

Hər iki tərəfin şəxsi heyətinin Sovet sistemi çərçivəsində xidmətə cəlb olunaraq, yalnız həmin sistemin malik olduğu taktika, silah, texnika və texniki vasitələr barədə anlayışı var idi.

Ermənistanın təşkilatlanması və işğalın başlanması

1987-ci ildə İrəvanda “Qarabağ” komitəsi fəaliyyətə başladı, Ermənistanda “Mərkəz” adlı gizli hərbiləşdirilmiş təşkilat yaradıldı.

Nəticədə, 1987-ci ilin sonu və 1988-ci ilin əvvəlindən Azərbaycana və azərbaycanlılara qarşı erməni silahlı təcavüzləri artmağa başladı.

1988-ci ilin sentyabr ayında erməni silahlıları Kərkicahan kəndinə, sonra isə Xocalıya hücum etdilər.

1988-ci ilin sonunda Ermənistanda demək olar ki, artıq heç bir azərbaycanlı qalmamışdı.

1988-ci ildən erməni millətçilərinin silahlandırılması kütləvi xarakter aldı.


Təqdim olunan dövrdə hələ nizami silahlı qüvvələr yox idi, 1988-ci ilin sonlarından etibarən ayrı-ayrı erməni silahlı dəstələrinin (hər biri 80 nəfərə qədər) formalaşdırılmasına başlandı. Təxribatçı qruplar Ermənistan ərazisində yerləşən hərbi müəsisələrdən, məktəblərin hərbi hazırlıq siniflərindən, Sovet qoşunlarının hərbi hissələrindən, bulud dağıdan artilleriya nöqtələrindən silah əldə edirdilər. Bir qismi ov silahları ilə silahlanmışdılar. Bu qruplar, mülki insanlara hücum edir, partizan xarakterli fəaliyyətlərlə məşğul olurdular.

Bu silahlı qrupların döyüş hazırlığı – vəzifə bölgüsü, silahların təhkim olunması, “döyüş tapşırığı” yerinə yetirərkən isə tapşırıqların bölüşdürülməsindən ibarət idi.

Silahlı seperatçı qrupların fəaliyyətləri koordinasiya edilirdi. Komandirlər tərəfindən silahlı qruplarda qısa təlimatlar keçirilir, pərakəndə şəkildə silahlardan atış qaydalarını öyrənmək və ya təkmilləşdirmək halları da icra edilirdi.

1988-ci ilin sonlarında Ermənistanda baş verən zəlzələdən sonra xarici yardım yükləri ilə birlikdə bu ölkəyə silah daşınması da geniş xarakter aldı. Bu silahlar imkan verdi ki, yeni formalaşdırılmaqda olan seperatçı dəstələr daha effektiv silahlarla təchiz edilsin. Həmin silahlar daha çox Livandan gətirilirdi və onların gətirilməsi Livan və Suriya erməniləri tərəfindən həyata keçirilirdi.

1989-cu ilin ilk aylarından etibarən Qarabağın dağlıq bölgəsinin erməni kəndlərinə artıq böyük miqdarda silah toplanmışdı.

1989-cu ilin ortalarında Qarabağın dağlıq hissəsində 80-dən çox erməni terrorçu dəstələri mövcud idi. Bu terrorçu dəstələrin üzvlərinin əksəriyyəti Ermənistandan gələnlərdən ibarət idi.

1989-cu ilin avqust-dekabr ayları ərzində, yəni Sovet İttifaqının hələ kifayət qədər möhkəm olduğu bir vaxtda Ermənistan ərazisindən Azərbaycanın yaşayış məntəqələri üzərinə çox sayda silahlı basqınlar həyata keçirildi.

1990-cı il yanvar ayının 18-də Naxçıvanın Kərki kəndi erməni silahlıları tərəfindən işğal edildi.


1990-cı il avqust ayının 20-də erməni silahlı dəstələri Qazax rayonunun Bağanıs-Ayrım kəndinə hücum etdilər. Helikopterlər vasitəsilə ermənilərə əlavə qüvvələr gətirildi. Erməni silahlılarında toplar, minaatanlar, qumbaraatanlar, avtomat və snayper tüfəngləri var idi. Azərbaycanla Ermənistan sərhədinə yerləşdirilmiş olan SSRİ Daxili Qoşun bölmələri kəndi müdafiə etməyə çalışsa da, onların qarşısını ala bilmədilər. Kənd, ermənilər tərəfindən tutularaq bütünlüklə yandırıldı.

1990-cı ildə artıq Azərbaycanın Kərki, Bağanis-Ayrım kəndlərinin işğalından başqa, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Aşağı Əskipara, Şınıx, Xeyrimli və Quşçu Ayrım kəndləri də mühasirəyə alındı, çox sayda azərbaycanlı əhali qətlə yetirildi və yaralandı.

Buna oxşar fəaliyyətlər Qarabağın dağlıq hissəsində də şiddətləndi.

1990-cı ilin sentyabrında İrəvanda 1 alay, Ararat, Gorus, Vardenis, İcevan və Meğridə isə 5 bölük yaradıldı.

Ermənistan 1991-ci ilin sentyabrında qondarma qurumun yaradıldığını elan etdi.

Erməni silahlı dəstələri silahlı təcavüzü daha da genişləndirdilər və Qarabağın dağlıq hissəsində yaşayan azərbaycanlıları sıxışdırıb çıxarmağa başladılar, qırğınlar törədərək Azərbaycan kəndlərini dağıtdılar.

1991-ci ilin sentyabr ayında Ağdərənin İmarət-Qərvənd kəndi işğal edildi. Bu kəndin ələ keçirilməsi Kəlbəcər istiqamətindən Ermənistanla birbaşa əlaqələrin yaradılmasını asanlaşdırdı.

Oktyabr ayının sonlarında Xocavənd rayonunun Tuğ və Salakətin kəndləri də erməni silahlıları tərəfindən işğal edildi.


1991-ci ilin noyabr ayında Qarabağın dağlıq ərazisində işğal altına düşən Azərbaycan kəndlərinin sayı artdı.

1991-ci ilin sonları və 1992-ci ilin əvvəlindən, yəni SSRİ-nin dağılmasından sonra Ermənistan Azərbaycana qarşı açıq və geniş miqyaslı müharibəyə başladı.

Silahlı dəstələr əsasən xidmət keçmiş könüllülərdən ibarət olduğuna görə planlaşdırılmış, sistemli, məqsədyönlü döyüş hazırlığından danışmaq hələ tez idi. Buna nə vaxt, nə imkan, nə də o qədər ehtiyac var idi.

Azərbaycanın təşkilatlanması

Azərbaycanda isə heç bir silahlı qruplaşma yox idi, hətta ov silahları və məktəblərdə hərbi hazırlıq siniflərindəki silahlar belə hüquq-mühafizə orqanları tərəfindən yığılmışdı.

Bu mərhələdə Azərbaycan ordusunun yaradılması üzrə başlanğıc işlər görülürdü.


Azərbaycanın silah, texnika və texniki vasitələrlə təchizatı, Ermənistan tərəflə müqayisədə həmişə 1-2 addım geri qalırdı. Ermənilərdə ov tüfəngləri, tapançalar olanda Azərbaycanda yalnız kənd təsərrüfatı alətləri var idi. Onlarda avtomat olanda bizdə ov tüfəngi, pulemyot olanda avtomat, top olada isə pulemyot peyda olurdu. Eyni qaydada döyüş texnikası, artilleriya, rabitə, kəşfiyyat, təcrübəli kadrlar üzrə də onların təminatı bizimkindən həmişə daha tez və üstün olurdu. Bu da döyüşlərin gedişinə öz təsirini göstərirdi.

1991-ci ilin sonları və 1992-ci ilin əvvəlində Ermənistanın hərbi qüvvələri, Qarabağın dağlıq hissəsində təşkilatlandırılmış dəstələrlə birlikdə Qarabağın əsas hissəsini, habelə bu bölgə ilə həmsərhəd olan rayonları işğal etdi.

1991-ci il oktyabrın 9-da Azərbaycanda Milli Ordu yaradıldı.


Sovet İttifaqı dağılandan sonra, Azərbaycanın Milli Ordusu – özünümüdafiə taborları, OMON dəstələri, Xalq Cəbhəsinin könüllüləri və “Bozqurd” dəstələrindən ibarət idi.

Sovet İttifaqında xidmət etmiş əsgər-çavuş heyətinin az bir hissəsi döyüş bölmələrində xidmət etmişdi, ona görə də könüllülər döyüşlərə zəif hazırlıqlı və ya hazırlıqsız idi. Əsas da texnika və kollektiv silahlardan istifadə edə bilən əsgərlər çox az idi. Bu səbəbdən də yaradılmış hissə və bölmələrin döyüşlərə cəlb olunmasından əvvəl şəxsi heyətin fərdi hazırlığı, bölmələrin uzlaşdırılması və qərargahların hazırlığına ehtiyac var idi. Amma bu hazırlıq üçün yetərincə zaman, peşəkar kadr, maddi-texniki təminat yox idi.

İyun 1992 – May 1994-cü il


Beləliklə, Qarabağda aktiv döyüşlər başladı. Döyüşlərlə paralel olaraq hər iki tərəfdə hərbi hissələr və bölmələr yaradılırdı ki, cəbhəyə göndərilənə qədər onlar adətən müəyyən hazırlıq keçirdilər. Hər iki tərəfdən silahlı milis bölmələri döyüşlərə cəlb olunmuşdu.

19 may 1994-cü ildə atəşkəs haqqında razılaşma imzalandı.

Ermənistan tərəfi

Ermənistanın daxili qoşunlar alayı, xüsusi təyinatlı alay, mülki müdafiə alayı, hərbi komissarlıqlar da döyüşlərə cəlb olundu. Həmin alaylar döyüş hazırlığı ilə məşğul olmuşdu və onların əvvəldən müəyyən hazırlığı var idi.

Qarabağ ermənilərinin əksər hissəsi Sovet ordusunda xidmət etmişdi.

1992-ci ilin may ayında ordu sıralarına çağırış başladı.


Sovet qoşunlarının hərbi hissələrindən silah, sursat, texnika və əmlak Ermənistana ötürülməyə başladı, bir çox hallarda isə bunlar silahlı basqın, oğurlama, pulla alma vasitəsilə əldə edildi.

Sovet qoşunlarının bir hissəsindən isə Ermənistan ərazisindəki hərbi bazanın təməli qoyuldu.

Sovet ordusundan erməni əsilli zabitlər artıq Ermənistan ordusuna gəlməyə başlamışdı. Digər ölkə vətandaşlarından muzdlular da az deyildi.

1992-ci ildə Baş Qərargah, arxa cəbhə xidmətləri, qoşun növləri, hərbi hissələr, sərhəd qoşunları (sonra motoatıcı hərbi hissələrə çevrildi) yaradıldı, qoşunlarda döyüş hazırlığı başladı. Bütün bunlarla yanaşı müharibənin miqyası böyüdü.

1992-ci ildə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv oldu. Bununla da Ermənistan ordusu üçün kadr hazırlığı, təchizat, qarşılıqlı fəaliyyət, texniki dəstək, kəşfiyyat dəstəyi, siyasi dəstək, birgə fəaliyyət və başqa imkanlar artdı və leqallaşdı.


Bu mərhələdə Ermənistan ordusu, Qarabağdakı separtçı qruplaşmalarla birgə və Sovet ordusunun burada qalan hissələrinin iştirakı və dəstəyi ilə Dağlıq Qarabağ və ətraf rayonlarını işğal etdi.

Atəşkəsdən əvvəl Ermənistan tərəfin şəxsi heyətlə komlektləşdirilməsi, texnika, silah, texniki vasitələr, sursat və digər maddi təminat növləri ilə təminatı çox zəifləmiş, döyüş hazırlığı, döyüş imkanları və bir çox digər göstəricilər sıfıra yaxınlaşmışdı.

Azərbaycan tərəfi

Bu mərhələdə Sovet qoşunlarının hərbi hissələrindən silah, sursat, texnika və əmlak Azərbaycana ötürülməyə başladı. Amma ötürülən texnika və silahların çox hissəsi istifadə olunmuş və ya köhnə model idi. İriçaplı kollektiv silahlar və silahlandırmaya daxil olunmuş nisbətən daha yeni silah və texnika növləri Azərbaycan ordusuna, demək olar ki, verilmədi.


Azərbaycanın hərbi təhsil müəsisələri – Cəmşid Naxçıvanski adına hərbi lisey, Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərindən ibarət idi. Azərbaycanda zabit kadrların yetişdirilməsi əsasən bu məktəblərdə təşkil olunurdu, az bir hissəsi isə SSRİ-nin digər hərbi məktəblərində təhsilini davam etdirirdi. Onların əksər hissəsi isə təhsilini yarımçıq qoyaraq Azərbaycan hərbi təhsil müəsisələrinə göndərildi.

Təhsil zamanı kursantların döyüşlərə cəlb olunması, vaxtından əvvəl rütbə verilərək cəbhəyə göndərilməsi də bu dövrdə baş verdi. Eyni zamanda 3 aylıq qısaldılmış zabit kursları yaradıldı, təhsil alanlar kursun sonunda kiçik-leytenant rütbəsi verilərək qoşunlara göndərilirdi. Nəticə etibarı ilə, bu dövrdə hazırlanmış zabitlərin praktiki vərdişləri yetərincə olsa da, nəzəri hazırlığı əsasən zəif idi. Bu da ümumi olaraq qoşunların hazırlığına və idarə olunmasına təsir göstərməyə bilməzdi.

1992-ci ildə Dağlıq Qarabağ ərazisində torpaqlar itirilməyə başladı, Şuşa, Xankəndi, Laçın işğal olundu.

Torpaq itkisindən sonra Azərbaycan tərəfi əks-hücum əməliyyatlarına başladı, Ağcakənd və Ağdərə azad edildi. Bu qələbələr düşmən qoşunlarında döyüş və psixoloji ruh düşkünlüyü yaratdı.

Lakin 1993-cü ildə Kəlbəcər, Ağdərə, Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları itirildi. Dekabr ayında Azərbaycan tərəfi irimiqyaslı əks-hücumlara başladı. Bəzi istiqamətlərdə irəliləmələr olsa da, bu hücumlar böyük nəticələr vermədi.


Aktiv əməliyatların getdiyi dövr olduğuna görə əksər hallarda döyüş hazırlığı qısa müddətdə keçirilirdi. Döyüş bölgələrinə göndərilmək üçün formalaşdırılmış hissə və bölmələrin hazırlığı əsasən Sovet Ordusunda xidmət keçmiş zabitlər, Türkiyə və digər ölkələrdən gəlmiş mütəxəssislər tərəfindən həyata keçirilirdi. Ayrılıqda hər birinin müsbət tərəfləri olsa da, onların eyni vaxtda olması bəzi təşkilati və idarəetmə çətinlikləri yaradırdı.

Hərbi hissələrin yaradılması, ləğv edilməsi, birləşdirilməsi və ştat dəyişiklikləri tez-tez baş verir, bəzən izahı çətin olan proseslər olurdu. Döyüşdən çıxmış, komandanlığı zəifləmiş, çox sayda itkilər vermiş hərbi hissələr bərpa olunub, hazırlanıb, döyüş bölgəsinə göndərilə bilərdi. Amma ləğv edilir, şəxsi heyət və silahlarının çox hissəsi itirilirdi.

Vaxt azlığı, cəbhədəki uğursuzluqlar, zabit heyətinin çatışmazlığı, rəhbərlərin səriştəsizliyi və digər səbəblərdən heç bir hazırlıq keçmədən də döyüşə cəlb olunan şəxsi heyət az deyildi, bu da itkilərin və fərariliyin artması, döyüş tapşırıqlarının yerinə yetirilməməsi ilə nəticələnirdi.


Atəşkəs elan olunana qədər döyüş hazırlığı demək olar ki, yalnız təlim mərkəzlərində hazırlıq keçən ehtiyat hissə və bölmələrdə təşkil edilirdi, döyüş bölgəsində yerləşən qoşunlarda isə yox səviyyəsində idi.

Qeyd: Azərbaycan və Ermənistan ordularının göstərilən dövrdə döyüş hazırlığını tam şəkildə müqayisəli təhlil etmək üçün hər iki tərəfin hazırlığının vəziyyətinin hər tədris ili üçün təhlili paralel olaraq, bütün qoşun növü və xidmətlər üzrə mütəxəssislər tərəfindən araşdırılmalıdır. Odur ki, hazırkı təhlil – bu mövzuda gələcək araşdırmalar üçün dayaq nöqtəsi və iş istiqamətini göstərən ideya rolunu oynaya, tədris və elmi müəsisələrdə elmi iş mövzusu kimi seçilib, araşdırıla bilər.

(Ardı var...)
Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ-müharibəsi   Döyüş-hazırlığı