" Ölüm " sözünə uyğun nəticə tapıldı!

"Ölüm" - (706 )

Xocalı soyqırımdan sonra çəkilmiş məşhur kadrların müəllifi - AĞASI HUNLA MÜSAHİBƏ (EKSKLÜZİV)

2020/03/87815-1583412499.jpg
Oxunub: 4128     16:49     05 Mart 2020    
Təkcə Xocalıda deyil, Dağlıq Qarabağın bütün bölgələrində ermənilərin azərbaycanlılara qarşı atdıqları düşmənçilik addımları açıq şəkildə həyata keçirilirdi. Bu hadisələrin gedişatı təkcə ölkəmizdə deyil, qonşu ölkələrdə də maraqla izlənilirdi. Türkiyədən həm maddi, həm də mənəvi olaraq yardıma gələnlər olurdu. Bunlardan biri də Xocalı soyqırımını ilk dəfə kadrlara alaraq tarixləşdirən TRT-nin operatoru Ağası Hun olub.

Ordu.az Azərbaycan həqiqətlərini və bu həqiqətləri dünyaya çatdırmaq üçün çalışan hər kəsin zəhmətini işıqlandırmağa çalışır.

Qarabağ həqiqətlərini bu gün də dünyaya çatdırmaqda kifayət qədər iş görən Ağası Hundan “Skype” vasitəsilə aldığımız müsahibəni təqdim edirik.

Dəyərli oxucularımız üçün Ağası Hunun kimliyi barədə qısa məlumat:

Hazırda Ankarada yaşayan Ağası Hun təkcə Qarabağda deyil, Çeçenistan və Osetiya müharibələrini də foto və videoreportajlarla işıqlandıran peşəkar media işçisidir. Ağası Hun bir neçə il AZTV-də reportyor kimi çalışıb. Elə həmin illərdə də Türkiyənin TRT və TGRT kanalları ilə əməkdaşlıq edib. 2001-2008- ci illər arası TRT-nin Bakı bürosunda fəaliyyət göstərib.


- Salam, Ağası bəy, xoş gördük sizi, necəsiniz?

- Çox sağ olun, təşəkkür edirəm. Siz də var olun.

- Ağası bəy, sizinlə ilk telefon danışığımızda müsahibə üçün razı olmadınız. Bunun səbəbin bilmək olarmı?

- Daşqın bəy, biz ancaq hadisələri çəkib göstərib tamaşaçıya çatdırırıq. Yəni biz üzdə olmağa, görünməyə heç alışıq deyilik. Həm də Xocalı həqiqətlərilə bağlı bir tədbirimiz vardı, ora tələsirdim. Amma yenə də söz Xocalıdan gedirsə, sizə vaxt ayırmaya bilməzdim. Zatən bu gün bunun üçün çalışırıq hamımız.

- Ağası bəy, söz düşmüşkən, Xocalıda baş verənləri ilk olaraq siz görüntüləmisiniz. Qarabağa gəlişiniz və həmin günlə bağlı olan xatirələrinizi eşitmək istərdik.


- Bu, bizim Qarabağa ilk gəlişimiz deyildi. O hadisəyə qədər də dəfələrlə Qarabağa gəlmişdik. Biz o vaxtlar mütəmadi olaraq dostlarla Qarabağa tez-tez gedirdik. Kəlbəcər, Gədəbəy, Ağdərə, Ağdam kəndlərinə yardımlar aparırdıq. O vaxt mən dostum İrfan Sapmazla oturub söhbət elədik və bilirdik ki, Ağdam tərəfdə vəziyyət olduqca çətindir. Xocalıdan isə xəbər almaq ümumiyyətlə mümkün deyil. Çünki Xocalı tam olaraq mühasirə şəraitində idi. Qərara gəldik ki, Ağdama gedək. Biz Ağdama gəlib çatanda artıq gecə idi. Burada olan Xalq Cəbhəsinin qərərgahına getdik. O vaxt orda Təhmasib Orucov vardı, onunla görüşdük. Bizə qərərgahda qalmağa yer verildi. Gecə yarısı olardı, bir kişi qaça-qaça gəldi ki, Xocalıda insanları qırdılar. Təbii ki, biz də həmin vaxt köməyə gedənlərə qoşulduq. Yolun yarısını qaça-qaça getmişdik. Əslində heç orada hansısa bir şəkildə çəkiliş aparmaq yox, o anda yalnız kömək etmək, heç olmasa bir nəfərin qolundan tutub gətirməyi düşünürdük. Biz Qaraqayaya çatanda gördük ki, onlarla insan keçib əhalini qarşılamağa gedirlər. Bu o qədər təhlükəli olsa da, camaat öz ölümünü düşünmürdü. O vaxt məndə kiçik videokamera və fotoaparat vardı. İrfanda isə fotoapart var idi. Beləcə hadisəni yaxından gördükdən sonra çəkilişlərimizi başladıq. Bu çəkilişlər zamanı gördüyüm, şahidi olduğum hər an məni çox duyğulandırır və qürurlandırırdı.

- Qaraqaya əvvəl ermənilərdə olmuşdu. Oranın ermənilərdən alınması və təhlükəsiz olması xəbərini necə bildiniz?

- Haraya gedən böyük bir izdiham vardı. Hər kəs köməyə qaçırdı, əlindən gələni etməyə çalışırdı. Orada kimsə gizlənsin, hardasa geri çəklilsin kimi bir hal görmədim. Elə ki əhalinin qarşılanması üçün Qaraqaya tərəf gedən əhaliyə qoşulduq, orda bir mənzərənin şahidi oldum ki 12, 13, 15, 16 yaşlarında topa şəklində uşaqlar var, onlar da köməyə gedirdilər. Uşaq olduqları üçün onları geri qaytarmaq istəyənlərə deyirdilər ki, bizim 4-5 nəfərə bir tüfəngimiz var. Birimizi vursalar, tüfəngi o birimiz götürəcəyik. Biz də döyüşmək istəyirik.

- Siz həmin kadrları çəkərkən, eşitdiyimizə görə, hətta o anı çəkəndə belə sizə etiraz edənlər olub.


- Bilirsiniz, bu normal bir haldır. Müharibədir, müharibədə insanların əsəbləri tarıma çəkilir. Bəli, elə zamanlar olurdu ki, çəkilişimizə narazılıq edənlərdə olurdu. Elə olurdu ki, biri tüfəngi sənə tuşlayır ki, biz nə hayda, sən nə hayda biz burada ölüm-dirimdəyik, sən də çəkiliş aparırsan. Düzdür, hər adamı tək-tək başa salmaq olmur. Ona görə də yola verməli olursan. Mən orada bir şeyin də şahidi oldum ki, əhalinin hər tərəfdən şokda saxlamaq üçün, müxtəlif vasitələrdən istifadə edirlər. Hətta rus ordusunun helikopterləri əhalinin qaçış istiqamətində onların başı üzərindən uçuşlar həyata keçirirdilər. Bu da əhalini şokda saxlamaq üçün edilirdi. Yəni belə bir şok vəziyyətində əlbəttə ki, hər şey ola bilər. Biz o anları da çəkmişik.


Mən çəkdiyim kadrlardan birini deyim, o çox yayılıb. O uşağı ki, əsgər gətirir fotolarda da var. Ermənilərin bütün vəhşiliyini o epizodda görməmək mümkün deyil. O epizod mənim heç zaman yadımdan çıxmaz. O qısa müddət ərzində ermənilər insanlara o qədər işgəncə vermişdilər ki, uşaq o işgəncələrin o qədər şahidi olmuşdu ki, hətta əsgər onu götürəndə belə qışqırıb fəryad edirdi. O elə bilirdi ki, erməni əsgəridir. Mən o zaman düşündüm ki, bu qısa vaxt ərzində onlar bu qədər vəhşilik ediblərsə, gör orda 3 gün, 4 gün qalanların başına hansı müsibətlər gətiriblər. İndiki vaxtda isə o zaman aqressivlik göstərən insanlar görürlər ki, bu həqiqətləri üzə çıxarmaq və yaymaq üçün nə yaxşı ki, həmin hadisələrdə çəkilişlərimiz olub. Əlimizdə kifayət qədər əyani sübutlarımz var.

- Xocalıdan çıxanlara yardım etmək üçün gələn izdihamın olduğun dediniz. Ermənilər bunu yəqin ki, müşahidə edirdilər. Bəs camaatın xilas edilməsinə mane olmurdular?


- Siz nə danışırsınız? Əlbəttə olurdular, ən kiçik fürsəti belə qaçırmamağa çalışırdılar. Təkcə Xocalıdan çıxanları deyil, elə onlara köməyə gedənləri belə vururdular. Yaxşı yadımdadır, bir yük maşını vardı, yardıma getmişdi. Ordan gələn qocaları, qadın-qızları, uşaqları çıxarmaq üçün o maşını belə vurdular. Amma o vaxtkı silahlanmaya görə bizim əsgərlərdə ancaq beşatılan tüfəng, bir neçə avtomat vardı. Xocalıdan gələn camaatı ancaq onlar mühafizə edirdilər. Təbiidir ki, əldə olan silahla da erməni və rusların qüvvələrinə güclü təsir etmək mümkün deyildi. Əlində silah olanlar əhalini təqib edən erməniləri atəşə tutmaqla çox insanın sağ çıxmasına nail olublar.

Mühasirədən gələnlər orada bir faktı dedilər. Deməli, Xocalıdan çıxış yollarını tamamilə bağlayıblar. Həmin yollar üstündə pusqular qurublar. Hücum başlayandan bir neçə saat sonra həmin çıxış yollarıyla qaçmağa çalışan əhalini Azərbaycan dilində səsləyərək çıxmaları üçün koridor verdiklərini deyiblər. Buna aldanan camaat o istiqamətə gedərkən onları tamamilə qırıblar. Evlərin zirzəmilərində gizlənməyə çalışanlar olub ki, həmin evləri yandıraraq insanların diri-diri yanmalarını seyr ediblər. Bəzi zirzəmilərə qumbarlar atıblar. Partlayışdan yaralı halda olanları min bir işgəncələrlə öldürüblər. Sağ qalanları girov götürüblər. Ən dəhşətlisi odur ki, bütün bu vəhşiliklərdə Ermənistanın bir çox tanınan şəxslərinin əli olub.

- Ağası bəy, həmin vaxt rəsmi xəbərlərdə Xocalıda tam sabitliyin hökm sürdüyü deyilirdi. Amma sizin də anlatdığınız kimi bu cür bir dəhşətli faciə yaşayırdı dinc sakinlər. Bəs çəkdiklərinizi yayımlamaqda sizin üçün hansısa bir maneə vardımı? Yəni çəkdiyiniz kadrları necə yayımladınız?


- Bu faktlara görə bizi provakasiya yamaqda ittiham etdilər. Biz biləndə ki, Xocalı tam işğal edilib, əlimizdəki çəkilişlərlə Bakıya gəldik. Video 8 kiçik kasetə çəkilmişdi. Biz kaseti AZTV-yə gətirdik. Kamran bəy, bir də Ənvər Qafarlı orda idi. Ənvər Qafarlı onda mənə dedi ki, “sən provakatorsan. Biz dövlət xətti ilə bilirik ki, orda cəmi 2 adam təsadüfən ölüb. Siz burda təxribatla məşğulsunuz”. Düzü, bu cür bir təpki ilə qarşılaşacağımı gözləmirdim. Axı orda yüzlərlə insanın talehindən söhbət gedirdi. Belə olan halda mən kaseti aldım və televiziyadan çıxıb gəldim İrfan Sapmazın yanına, olanları olduğu kimi dedim. İrfan da bu məsələyə çox narahat oldu. Məsləhətimiz belə oldu ki, bu kaseti nə olursa-olsun yayımlamaq lazımdır. İrfan həmin gecə Türkiyəyə uçdu. Kaseti TRT-yə gətirdi. Elə ondan sonra TRT vasitəsilə 52 ölkəyə bu xəbər yayımlandı. Təsəvvür edirsiniz ki, 2 gündür artıq bütün dünya bu soyqırımdan danışır və bu alçaq hücum zamanı əhalinin soyqırıma məruz qaldığını deyirdi.

- Siz Qaraqayada çəkiliş aparan vaxt yerli çəkiliş qruplarından kimsə var idi?

- Yox, biz orada çəkiliş apardığmız zaman tək kamera bizdə idi. İlki olaraq da biz lentə almışıq. Ondan 2 gün sonra, yəni fevralın 28-də Çingiz Mustafayev gedib çəkib. Onun çəkdiyi kadrlarda da erməni vəhşiliyi bir daha görünürdü. Ermənilərin ölən şəxslərin meyiti üzərində təhqiredici əməlləri öz əksin tapırdı, meyitlərin başının soyulması, gözlərinin çıxarılması kimi faktlar var idi. Bu vəhşilik yalnız ermənilərə xas olan bir haldır. Bu vəhşiliyi yalnız erməni ideologiyası ilə böyüyənlər edə bilərlər.

- Bu soyqırımın canlı şahidi kimi bir çox tədbirlərdə iştirak edirsiniz. Az öncə də elə Xocalı soyqırımı qurbanlarının anım gününə həsr edilən tədbirə gedəcəyinizi dediniz. Bu soyqırımı xarici ölkə vətəndaşları necə görürlər? Biz onlara bu soyqırım faktı haqqında nələrisə deyə bilirikmi?


- Bu mənim ürəyimi ən çox ağrıdan məqamlardan biridir. Konkret deyirəm ki, yox. Biz bu barədə hələ çox iş görməliyik. Mən bir mötəbər tədbirlərdən birində idim. Bir Macar alim vardı, onunla çox söhbət etdik. O dedi ki, “Şuşa, İsa bulağında, Cıdır düzündə olub”. O bunu həm yanaraq dedi, həmdə bir ironiya hiss elədim. Siz təsəvvür edin, o necə yanırdı ki, gedin torpağınızı azad edin. Heç kimdən çəkinmək lazım deyil. Baxın mən düşünürəm ki, həmin Macar alim çox doğru deyir. Biz bu gün erməninin nazıyla oynamalı deyilik. Çünki donuz kış deməklə darıdan çıxmaz. Biz o zaman rahat olacağıq ki, biz torpağımızı azad edəcəyik. Biz bu faciəni, mənə elə gəlir ki, lazımı kimi təqdim edə bilmirik. Bu səbəbdən də hələki terrorçuların buna görə də heç biri, baxın, altın xətt çəkərək deyirəm, heç biri etiraf etsələr belə öz cəzalarını almayıblar. Halbuki onları bu gün hamı tanıyır, bütün dünya tanıyır. Kimdir bunlar? Sarkisyan, Köçəryan, Zori Balayan. Onlar ölmüş insanların meyitindən körpü düzəltdiklərini belə arsızca dilə gətiriblər. Bundan böyük etirafmı olar? Biz yetərincə təbliğat aparmalıyıq ki, onların öz dillərindən etdikləri etiraflarla ermənilərin əsl iç üzünü bütün millətlərə tanıda bilək.

- Ağası bəy, sizə çox sağ olun deyirik. Səmimi müsahibə üçün minnətdarıq.

- Buyurun, mən təşəkkür edirəm

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: