NYT: Tramp İrandan Natanz və Fordo nüvə obyektlərinin sökülməsini tələb edir

2026/03/1774088982.jpg
Oxunub: 184     00:23     10 İyun 2026    
ABŞ Prezidenti Donald Trampın komandası İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlarda 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planında nəzərdə tutulan məhdudiyyətlərdən daha sərt şərtlər irəli sürür.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Məlumata görə, Vaşinqton İranın uranı zənginləşdirmə proqramının 15-20 il müddətinə dayandırılmasını, həmçinin Natanz, Fordo və İsfahanda yerləşən əsas nüvə obyektlərinin tamamilə sökülməsini tələb edir.

Bundan əlavə, ABŞ İranın əlində olan bütün zənginləşdirilmiş uran ehtiyatlarının beynəlxalq nəzarət altında seyrəldilməsini istəyir. ABŞ tərəfi eyni zamanda beynəlxalq müfəttişlərə İranın nüvə və hərbi obyektlərində qəfil yoxlamalar aparmaq səlahiyyətinin verilməsində israr edir.

Nəşrin yazdığına görə, Tehran müəyyən məsələlər üzrə kompromisə hazır olduğunu nümayiş etdirib. Xüsusilə İran iki əsas nüvə obyektinin fəaliyyətinin dayandırılması imkanını müzakirə etməyə razılıq verib.

Bununla belə, İran rəhbərliyi uranın zənginləşdirilməsi imkanlarının tamamilə ləğv edilməsinə hələ də qəti şəkildə qarşı çıxır.

“The New York Times” qeyd edir ki, danışıqların əsas mübahisə mövzusu da məhz İranın nüvə proqramının gələcək taleyi ilə bağlıdır və tərəflər arasında fikir ayrılıqları qalmaqda davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Natanz   Fordo  


Bizi "telegram"da izləyin