Ordu.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
Yeni paket çərçivəsində 170 fiziki və hüquqi şəxsin qara siyahıya salınması təklif olunur. Onların arasında 90 bank da yer alır. Bu, sanksiya siyahısına daxil edilən Rusiya banklarının sayında indiyədək ən böyük birdəfəlik genişlənmə hesab olunur.
Təklif qəbul edilərsə, sanksiyalara məruz qalan Rusiya banklarının ümumi sayı 100-dən çox olacaq. Beləliklə, beynəlxalq müxbir əlaqələrə malik 213 Rusiya kredit təşkilatının yarıdan çoxu məhdudiyyətlər altına düşəcək.
Maliyyə qurumlarına qarşı aktivlərin dondurulması, rəhbər şəxslərin səfərlərinə qadağa qoyulması və maliyyə əməliyyatlarının həyata keçirilməsinin məhdudlaşdırılması da daxil olmaqla geniş spektrli tədbirlər tətbiq ediləcək.
Sanksiyalar paketi rəsmi müzakirələrə başlanılması üçün çərşənbə günü Aİ üzv ölkələrinin səfirlərinə təqdim olunacaq. Qərarın qüvvəyə minməsi üçün isə ittifaqa üzv bütün dövlətlərin yekdil razılığı tələb olunur.
“Rusiyanın maliyyə sektoruna güclü zərbə vurmaq niyyətindəyik. Təxminən 90 bankın aktivlərini dondurmağı və Rusiya ilə üçüncü ölkələrdə fəaliyyət göstərən 30-dan çox bank üçün əlavə əməliyyat qadağaları tətbiq etməyi planlaşdırırıq”, - deyə Kaya Kallas “X” sosial şəbəkəsində bildirib.
Aİ diplomatik mənbələri qeyd edir ki, paketin əsas məqsədi Rusiyanın maliyyə sistemini zəiflətmək və Moskvanı Ukrayna ilə sülh danışıqlarına başlamağa sövq etməkdir.
Kriptovalyuta əməliyyatlarına qarşı yeni tədbirlər
Yeni paketdə 35 banka, o cümlədən Rusiyadan kənarda yerləşən dörd maliyyə qurumuna qarşı əməliyyat qadağalarının tətbiqi nəzərdə tutulur. Bundan əlavə, Rusiyanın Qərb sanksiyalarını aşmasına yardım etdiyi bildirilən 11 kriptovalyuta platforması da məhdudiyyətlərə məruz qalacaq.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, bu paket gələcəkdə üzv dövlətlərin milli səviyyədə kriptovalyuta sektoruna qarşı daha sərt addımlar atması üçün hüquqi baza yaradır.
Qırğızıstan artıq Avropanın sanksiyalardan yayınmaya qarşı mexanizminin təsiri altına düşən ilk üçüncü ölkə olub. Bu, ölkənin Rusiya ilə əlaqəli kriptovalyuta əməliyyatlarında roluna görə baş verib.
Neft qiymətləri üzrə məhdudiyyətlər qüvvədə saxlanılır
Avropa Komissiyası Rusiya neftinə tətbiq olunan maksimal qiymət həddinin daha altı ay müddətinə qüvvədə saxlanılmasını təklif edib. Hazırda bu limit bir barel üçün 44,10 dollar səviyyəsində müəyyən edilib ki, bu da “Brent” markalı neftin 90 dollardan yuxarı olan cari bazar qiymətindən xeyli aşağıdır.
Bundan əlavə, yeni sanksiyalar çərçivəsində üçüncü ölkədə yerləşən bir neft emalı zavodu və bir sıra beynəlxalq neft treyderləri də qara siyahıya daxil ediləcək.
Avropa Komissiyası eyni zamanda Rusiyanın mayeləşdirilmiş təbii qaz ixracına qarşı məhdudiyyətləri genişləndirməyi planlaşdırır. Təkliflər arasında gəmidən-gəmiyə yük ötürülməsi əməliyyatlarının qadağan edilməsi, Rusiyanın “kölgə donanması”na aid daha 30 gəminin sanksiya siyahısına salınması və həmin gəmilərə xidmət göstərən şirkətlərə qarşı tədbirlərin sərtləşdirilməsi də yer alır.
Yeni paket ilk dəfə olaraq Rusiya balıq məhsullarının idxalına məhdudiyyətlər tətbiq edilməsini, həmçinin müdafiə və aerokosmik sənaye üçün strateji əhəmiyyət daşıyan yüksək texnologiyalı metal ərintilərinin ixrac və idxalına qadağaların qoyulmasını da nəzərdə tutur.
Sevinc Əliyeva
Ordu.az