“TORİ Savunma” MIM texnologiyası ilə istehsal müddətlərini günlərə endirir - VİDEO
Oxunub: 268
23:59
09 İyun 2026
2021-ci ildən fəaliyyət göstərən “TORİ Savunma ve Havacılık” müdafiə sənayesi üçün qabaqcıl istehsal texnologiyalarının tətbiqi istiqamətində fəaliyyətini davam etdirir.
Ordu.az xəbər verir ki, şirkət xüsusilə Metal Enjeksiyon Kalıplama (MIM) texnologiyası ilə istehsal etdiyi yüksək dəqiqlikli hissələr vasitəsilə sektordakı mövqeyini gücləndirməyi qarşısına məqsəd qoyub.
Şirkət adından “Defensehere.com”a açıqlama verən Yavuz Altıparmak bildirib ki, “TORİ Savunma” müəssisələrində MIM texnologiyası aktiv şəkildə tətbiq olunur və bu imkanlardan həm şirkətin daxili ehtiyaclarının qarşılanması, həm də digər müdafiə sənayesi müəssisələrinə xidmət göstərilməsi üçün istifadə edilir.
Altıparmakın sözlərinə görə, MIM texnologiyası metal tozlarının xüsusi birləşdirici materiallarla qarışdırılaraq enjeksiyon üsulu ilə formalaşdırılmasına əsaslanır.
Ənənəvi yonma üsullu istehsaldan fərqli olaraq bu texnologiya material itkisini minimuma endirir və mürəkkəb quruluşa malik hissələrin yüksək dəqiqliklə, həmçinin seriyalı şəkildə istehsalına imkan yaradır.
Şirkət nümayəndəsi qeyd edib ki, MIM texnologiyası ilə istehsal olunan hissələr zəruri örtük və istilik emalı proseslərindən keçdikdən sonra birbaşa istifadə sahələrinə inteqrasiya edilə bilir.
Hazırda şirkətin istehsal portfelinə tapança və tüfəng hissələri ilə yanaşı müxtəlif maşın və mexanizm komponentləri də daxildir.
Altıparmak vurğulayıb ki, bu texnologiyanın ən mühüm üstünlüklərindən biri istehsal sürətidir. Onun sözlərinə görə, ənənəvi üsullarla həftələr, bəzən isə aylarla davam edən istehsal prosesləri MIM texnologiyası vasitəsilə cəmi bir neçə gün ərzində tamamlanır.
“TORİ Savunma” yerli istehsal imkanlarının inkişaf etdirilməsi çərçivəsində MIM texnologiyasının tətbiq sahələrini daha da genişləndirməyi və müdafiə sənayesinin kritik hissələrə olan tələbatına daha sürətli həllər təqdim etməyi planlaşdırır.