“Armsan”ın 20 illik yubileyinə həsr olunan tüfəng erqonomik quruluşu ilə seçilir

2026/06/Ekran-1781035156.jpg
Oxunub: 244     23:56     09 İyun 2026    
2006-cı ildə İstanbulda təsis edilən “Armsan Silah Sanayi ve Ticaret A.Ş.” yivsiz ov tüfəngləri sahəsində ixtisaslaşaraq Türkiyənin aparıcı atıcı silah istehsalçılarından birinə çevrilib.

Ordu.az xəbər verir ki, şirkət hazırda altı qitədə yerləşən təxminən 50 ölkədə distribütor şəbəkəsinə malikdir və hazırladığı məhsullarla beynəlxalq bazarlardakı fəaliyyətini davam etdirir.

“Armsan”ın Məhsulun İnkişafı Bölməsinin əməkdaşı İbrahim Türkoğlu “Defensehere”a açıqlamasında şirkətin fəaliyyətinin 20-ci ildönümünə həsr olunmuş məhdud sayda istehsal ediləcək yeni tüfəng modelini təqdim edib.

Onun sözlərinə görə, xüsusi seriya çərçivəsində hazırlanmış model həm texniki xüsusiyyətləri, həm də estetik görünüşü ilə diqqət çəkir.

12 çaplı olaraq layihələndirilən tüfəngdə yüksək ventilyasiyalı nişanalma zolağından istifadə olunub. Orta nişangahın tətbiqi isə atıcının hədəfə daha rahat fokuslanmasına və daha sabit atışlar həyata keçirməsinə imkan verir.

Modelin gövdəsində istifadə edilən ağ xrom örtük tüfəngə daha parlaq və diqqətçəkən görünüş qazandırır. Şirkət nümayəndəsinin sözlərinə görə, tüfəngin hazırlanmasında idman xarakterli xüsusiyyətlərə xüsusi önəm verilib.

Modeldə oyma naxışlar, sürgü qolunun dizaynı və erqonomik idarəetmə elementləri ön plana çıxır. Xüsusilə yenidən doldurma prosesini və mexanizmin istifadəsini asanlaşdıran böyüdülmüş idarəetmə düymələri istifadəçi rahatlığını artırmaq məqsədilə tətbiq edilib.

Şirkət bu xüsusi seriya vasitəsilə həm kolleksiyaçılara, həm də idman atıcılığı ilə məşğul olan istifadəçilərə müraciət etməyi hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Armsan   Türkiyə  


Bizi "telegram"da izləyin