WP: Trampın Respublikaçılar Partiyasına nəzarəti Netanyahuya manevr imkanları buraxmır

2026/06/1781018940.jpg
Oxunub: 200     23:53     09 İyun 2026    
ABŞ Prezidenti Donald Trampın Respublikaçılar Partiyası üzərində qurduğu tam nəzarət İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtondakı siyasi manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşrində dərc olunan geniş məqalədə qeyd olunub.

Nəşr yazır ki, əvvəlki dövrlərdə ABŞ prezidentləri Netanyahunun fəaliyyətini məhdudlaşdırmağa çalışdıqda, israilli lider Vaşinqtondakı siyasi parçalanmalardan istifadə edərək özünə daha əlverişli müttəfiqlər tapa bilirdi.

“Lakin indi Netanyahu anlayır ki, Donald Trampla qarşıdurmada müraciət edə biləcəyi daha yüksək instansiya mövcud deyil. Tramp öz partiyasını sərt nəzarət altında saxlayır və bu, demokratların israilli liderə demək olar ki, heç bir simpatiya bəsləmədiyi bir dövrdə baş verir”, - nəşr vurğulayır.

“Washington Post”un yazdığına görə, son günlər Tramp İsrail üzərində elə bir nəzarət nümayiş etdirib ki, son onilliklər ərzində heç bir ABŞ prezidenti buna cəhd göstərməyib.

Nəşr qeyd edir ki, Tramp bazar ertəsi açıq şəkildə bəyan edib ki, Netanyahuya İran əleyhinə artıq başlanmış hücumu dayandırmağı məhz o əmr edib.

Məqalədə bildirilir ki, Tramp İsrail liderini fakt qarşısında qoyub və ona açıq şəkildə başa salıb ki, əks halda İsrail Tehranla qarşıdurmada tək qalacaq.

“Bunun nəticəsi əvvəllər güclü ittifaq qurmuş iki lider arasında nadir görünən açıq fikir ayrılığı oldu. Hər iki siyasətçi uzun müddət beynəlxalq təzyiqlər və tənqidlər qarşısında bir-birinə arxalanırdı. Lakin indi onların daxili siyasi maraqları tamamilə fərqli istiqamətlərə yönəlib. Tramp üçün əsas məqsəd İranla müharibəni mümkün qədər tez başa çatdırmaqdır. Netanyahu isə ölkə daxilində ciddi təzyiq altındadır və Tehrana qarşı tam qələbə əldə etmədən geri çəkilmək istəmir”, - nəşr yazır.

“Washington Post” hesab edir ki, Trampın İsraili dəstəkdən məhrum edə biləcəyi barədə xəbərdarlığı ABŞ-nin onilliklər ərzində formalaşmış Yaxın Şərq siyasətindən ciddi şəkildə fərqlənir.

Nəşr xatırladır ki, məhz Netanyahu fevral ayında Trampın İran əleyhinə ilk hərbi əməliyyatlara qoşulmasına təsir göstərən əsas fiqurlardan biri olub.

Məqalədə vurğulanır ki, iki lider arasındakı münasibətlərin gələcək taleyi bütövlükdə Yaxın Şərqin gələcək onilliklərdəki siyasi mənzərəsini müəyyən edə bilər.

“Tramp İranla qarşıdurmanı dayandırmağa, Hörmüz boğazının açıq qalmasına və İranın nüvə proqramının ciddi şəkildə məhdudlaşdırılmasına çalışır. Netanyahu isə İranın son hücumlarını cavabsız qoymağın mümkün olmadığını düşünür. Bundan əlavə, İsrail daxilində onu getdikcə daha çox ABŞ-nin iradəsinə tabe olmaqda ittiham edirlər”, - nəşr qeyd edir.

“Washington Post” Trampın son bəyanatlarına xüsusi yer ayırır.

Məqalədə qeyd olunur ki, ABŞ Prezidenti “Truth Social” platformasında paylaşım edərək yaxın vaxtlarda razılaşma əldə olunacağına inandığını bildirib.

“Əgər kiminsə cahilliyi və ya axmaqlığı buna mane olmasa, həm İsrail, həm də İran müharibənin başa çatmasını istəyir”, - deyə Tramp yazıb.

Nəşrin məlumatına görə, Tramp İsrailin 12-ci kanalına müsahibəsində Netanyahuya şəxsən göstəriş verdiyini də etiraf edib.

“Regionun beş ölkəsinin lideri mənə müraciət edərək Netanyahuya təsir göstərməyimi xahiş etdi. Mən Bibiyə dedim ki, addımlarında daha ehtiyatlı olmalıdır, çünki İranla təkbaşına üz-üzə qala bilər”, - ABŞ Prezidenti bildirib.

“Washington Post” yazır ki, fikir ayrılıqları xüsusilə ötən həftə Trampın Netanyahu ilə telefon danışığı zamanı daha qabarıq şəkildə üzə çıxıb. Nəşrin yazdığına görə, ABŞ Prezidenti İranla əldə olunmuş kövrək atəşkəsi təhlükəyə atan addımlara görə İsrail liderini sərt şəkildə tənqid edib.

Məqalədə “Financial Times”a verdiyi müsahibədən də geniş sitat gətirilir. “Onun sadəcə başqa seçimi yoxdur. Burada qərarları mən verirəm. Bütün qərarları mən qəbul edirəm. O yox. Əgər İranla razılaşma olacaqsa, bu qərarı mən verəcəyəm və Netanyahu bununla hesablaşmalı olacaq”, - deyə Tramp bildirib.

“Washington Post” qeyd edir ki, bu cür ton ABŞ-İsrail münasibətlərinin tarixində demək olar ki, görünməmiş hadisədir.

Nəşr “Karnegi” Beynəlxalq Sülh Fondunun keçmiş diplomatı və ABŞ-İsrail münasibətləri üzrə ekspert Aaron Devid Millerin fikirlərinə də yer verib.

“Amerika prezidentləri tarix boyu İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqlik nümayiş etdirməyə çalışıblar və İsrail baş nazirləri ilə açıq qarşıdurmadan yayınmağa üstünlük veriblər. Tramp isə Netanyahu ilə tamamilə fərqli danışır. ABŞ prezidentlərindən heç biri İsrail baş naziri ilə onun danışdığı tərzdə danışmayıb”, - Miller bildirib.

Ekspert əlavə edib ki, Trampın siyasi təsir imkanları da misilsizdir.

“Trampın Netanyahu üzərində siyasi təzyiq imkanları ABŞ-İsrail münasibətlərinin bütün tarixində görünməmiş səviyyədədir. Bunun əsas səbəbi Respublikaçılar Partiyasının bu gün faktiki olaraq tam şəkildə onun nəzarətində olmasıdır”, - Miller vurğulayıb.

Nəşr yazır ki, Trampın özü də daxildə ciddi siyasi təzyiqlə üzləşir.

“İranla müharibənin uzanması ABŞ-də yanacaq qiymətlərinin artmasına səbəb ola bilər və bu da noyabrda keçiriləcək aralıq Konqres seçkiləri ərəfəsində Respublikaçılar Partiyasının mövqelərini zəiflədə bilər. Netanyahu üçün vəziyyət getdikcə siyasi tələyə çevrilir.

İsrail lideri aylardır İranla istənilən razılaşmaya qarşı çıxır, Tehranda hakimiyyət dəyişikliyinə çağırışlar edir və Livanda “Hizbullah”a qarşı əməliyyatların davam etdirilməsini müdafiə edir. Eyni zamanda o, ABŞ Prezidenti ilə açıq qarşıdurmadan da yayınmağa çalışır.

İsraildə Tramp son dərəcə populyardır və Netanyahu üçün onunla münasibətlərdə problem yaşadığını açıq şəkildə etiraf etmək böyük siyasi risk daşıyır. Bu həm Trampın qəzəbinə səbəb ola bilər, həm də Netanyahunun Vaşinqtonla münasibətləri ustalıqla idarə edən siyasətçi imicinə ciddi zərbə vura bilər”, - nəşr vurğulayır.

Məqalədə qeyd olunur ki, Trampın Beyrutla bağlı xəbərdarlıqlarından sonra Netanyahunun rəqibləri dərhal hücuma keçiblər.

Keçmiş Baş nazir Naftali Bennet İsrail liderinin “ölkənin suverenliyi üzərində nəzarəti itirdiyini” bəyan edib.

Müxalifət lideri Yair Lapid isə daha sərt çıxış edərək bildirib ki, Netanyahunun hakimiyyəti dövründə İsrail ABŞ-nin “tam vassalına” çevrilib.

“Washington Post” sonda qeyd edir ki, bütün bu təzyiqlərə baxmayaraq, Netanyahu son çıxışlarında Livanda fəaliyyət azadlığını qoruduğunu nümayiş etdirməyə çalışır və hələlik geri çəkilmək niyyətində deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Netanyahu  


Bizi "telegram"da izləyin