Erməni siyasi texnoloq: “Müxalifət mandat götürməklə yanaşı küçə fəaliyyətini də aktivləşdirə bilər”

2026/06/1781034699.jpg
Oxunub: 180     23:49     09 İyun 2026    
“Mandat götürmək və ya götürməmək məsələsi müxalifətin seçəcəyi siyasi taktika ilə bağlıdır”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi texnoloq Vigen Hakopyan deyib.

O, həm seçkiqabağı kampaniyanı, həm də seçkilərin keçirilmə prosesini şərh edərək bildirib ki, seçkilər görünməmiş səviyyədə inzibati resurslardan istifadə, hüquq-mühafizə orqanlarının təzyiqləri və müxalifət nümayəndələrinə qarşı repressiyalar fonunda baş tutub.

“Seçki kampaniyası dövründə hakimiyyət nümayəndələri və ölkə rəhbərliyi tərəfindən müxalifətə qarşı açıq təhdidlər səsləndirilib. Deputatlığa namizədlər, siyasi fəallar və digər mühüm fiqurlar saxlanılıb, bəziləri həbs olunub”, - deyə Hakopyan qeyd edib.

Erməni siyasi texnoloq səsvermə günü də çoxsaylı seçki pozuntularının baş verdiyini iddia edib.

Onun sözlərinə görə, “karusel” texnologiyasından istifadə olunub, hərbçilərin gecə saatlarına qədər səs verməsi müşahidə edilib və səslərin cəmi 10 faizinin hesablanmasından sonra Baş nazir Nikol Paşinyan qələbəsini elan edib.

Hakopyan bildirib ki, daha sonra İrəvan üzrə səslərin hesablanmasının canlı yayımı dayandırılıb və yenidən sayım məsələsi qaldırıldıqda Mərkəzi Seçki Komissiyasının bəzi protokol məlumatlarında uyğunsuzluqlar üzə çıxıb.

Onun fikrincə, seçkilərin nəticələrinin etibarlılığı və legitimliyi ciddi suallar doğurur.

“Artıq bir sıra siyasi qüvvələr seçkiləri legitim hesab etmədiklərini açıqlayıblar və bu proses davam edə bilər”, - deyə Hakopyan qeyd edib.

Müxalifətin mandatları qəbul edib-etməməsi məsələsinə toxunan erməni siyasi texnoloq bildirib ki, bu qərar onların qısamüddətli və ortamüddətli strategiyasından asılıdır.

“Əgər parlamentə daxil olursansa, bunun səbəbini izah etməlisən. Əgər daxil olmursansa, bunun da aydın planı olmalıdır”, - deyə o vurğulayıb.

Hakopyan hesab edir ki, “Çiçəklənən Ermənistan” Partiyasının parlamentə düşüb-düşməməsi vəziyyəti ciddi şəkildə dəyişə bilər.

Onun sözlərinə görə, əgər “Çiçəklənən Ermənistan” Partiyası parlamentə daxil olsa, hakim “Vətəndaş Müqaviləsi” partiyası cəmi 61 mandat əldə edəcək və bu da ona nə konstitusion çoxluq, nə də parlamentdə beşdə üç səs üstünlüyü qazandıracaq.

Erməni siyasi texnoloq bildirib ki, mandatlardan imtina etmək siyasi böhran yarada bilər, lakin parlamentə daxil olub eyni zamanda küçə fəaliyyətini gücləndirmək də hakimiyyət üçün ciddi problemlər doğura bilər.

“Mandat götürməklə yanaşı küçədə aktiv siyasi fəaliyyət aparmaq mümkündür”, - deyə Hakopyan qeyd edib.

O, texniki baxımdan bütün müxalif namizədlərin mandatdan imtina etməsini real hesab etmir.

Hakopyanın sözlərinə görə, üç müxalif qüvvənin siyahılarında ümumilikdə 600-650 nəfər namizəd var və hakimiyyət müxtəlif təzyiq vasitələri ilə həmin siyahılardan bəzi şəxsləri əməkdaşlığa cəlb edə bilər.

O əlavə edib ki, hətta ən tanınmış və ən sadiq siyasətçilər mandatdan imtina etsələr belə, siyahılarda deputat olmağa razılaşacaq şəxslərin tapılması ehtimalı qalır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakopyan   Ermənistan  


Bizi "telegram"da izləyin