ABŞ və İran arasında yaxın günlərdə razılaşma əldə olunması ehtimalı aşağı qiymətləndirilir

2026/05/1779948718.jpg
Oxunub: 169     23:34     09 İyun 2026    
ABŞ və İran arasında müharibənin dayandırılması ilə bağlı razılaşmanın yaxın bir neçə gün ərzində əldə olunması mövcud mürəkkəb vəziyyət səbəbindən az ehtimal olunur.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi Pakistan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, əsas səbəb İsrailin Livanın cənubunda atəşkəs rejimini davamlı şəkildə pozmasıdır.

Açıqlama ABŞ Prezidenti Donald Trampın İranla razılaşmanın əldə olunmasının və Yaxın Şərqdəki uzunmüddətli münaqişənin başa çatmasının cəmi “iki-üç gün” çəkə biləcəyi barədə bəyanatına cavab olaraq səsləndirilib.

Tramp jurnalistlərə açıqlamasında bildirib ki, tərəflər çox yaxşı, sabit və güclü razılaşmaya çox yaxındırlar.

Onun sözlərinə görə, proses həftələrlə deyil, cəmi iki-üç gün ərzində yekunlaşa bilər.

Lakin danışıqlar prosesinə yaxın mənbə fərqli mövqe ortaya qoyub.

“Vəziyyət mürəkkəbdir və həssas mərhələyə daxil olub. İsrailin atəşkəs rejimini davamlı şəkildə pozması fonunda razılaşmanın dərhal imzalanması çox az ehtimal olunur”, - deyə mənbə bildirib.

Qeyd olunub ki, hazırda İslamabad üçün əsas prioritet atəşkəs pozuntularının dayandırılması və tərəflərin yenidən danışıqlar masasına qaytarılmasıdır.

Mənbənin sözlərinə görə, əgər İsrail Livanın cənubundakı hərbi əməliyyatlarını dərhal dayandırsa və ABŞ ilə İran birbaşa təmasları bərpa etsələr, razılaşmanın əldə olunması ehtimalı yüksək ola bilər.

Bildirilib ki, mübahisəli məsələlərin böyük hissəsi artıq həll olunub, lakin buna baxmayaraq prosesin iki-üç gün ərzində yekunlaşması real görünmür. Qeyd olunur ki, ötən ayın sonunda tərəflər müvəqqəti sülh sazişinin imzalanmasına çox yaxın olublar.

Lakin İsrailin Livanın cənubuna genişmiqyaslı müdaxiləsi və yeni əraziləri nəzarətə götürməsi bu prosesi pozub. Buna baxmayaraq, Pakistan Livanın cənubunda İsrail əməliyyatlarının yaxın günlərdə dayandırılması istiqamətində diplomatik səylərdən müəyyən nəticə gözləyir.

İslamabad region ölkələri, o cümlədən Qətərlə birlikdə Donald Trampı İsrailə maksimum təzyiq göstərməyə inandırmağa çalışır. Mənbələr bildiriblər ki, Ağ Evdən bu istiqamətdə müəyyən müsbət siqnallar alınıb. Lakin hələlik Livanın cənubuna endirilən İsrail zərbələrinin dayandırılacağına dair konkret əlamətlər müşahidə olunmur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin