CNN: Paşinyanın kövrək qələbəsi Ermənistandakı geosiyasi çağırışlara aydın cavab vermədi

2026/06/1781028998.jpg
Oxunub: 254     22:17     09 İyun 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də keçirilən parlament seçkilərində qəti qələbə qazanmağı hədəfləsə də, seçkilərin nəticələri ölkənin geosiyasi gələcəyi ilə bağlı suallara birmənalı cavab verməyib.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalının yayımladığı təhlildə qeyd olunub.

Məqalədə bildirilir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının iyunun 8-də açıqladığı nəticələrə əsasən, hakim “Vətəndaş Müqaviləsi” partiyası səslərin 49,81 faizini toplayıb.

“Bu nəticə Paşinyana əsas rəqibi olan “Güclü Ermənistan” partiyası üzərində inamlı üstünlük qazandırsa da, onun Rusiyadan tam uzaqlaşmaq və Azərbaycanla sülh danışıqlarını istədiyi şəkildə davam etdirmək üçün ehtiyac duyduğu sarsıdıcı siyasi mandatı əldə edib-etmədiyi sual altında qalır.

Paşinyan ilkin nəticələrdən dərhal sonra qələbəsini elan etsə də, parlamentdə yerlərin yekun bölgüsü hələ tam dəqiqləşməyib.

Kiçik partiyaların parlamentə düşməsi üçün 4 faizlik baryeri keçməsi tələb olunur və mövcud vəziyyətdə Paşinyanın ən iddialı planlarını həyata keçirmək üçün zəruri olan üçdəiki konstitusion çoxluğu əldə etməsi ehtimalı zəif görünür”, - deyə CNN bildirib.

Nəşr yazır ki, Ermənistanda keçirilən seçkilər geniş şəkildə ölkənin xarici siyasət kursu ilə bağlı referendum kimi qiymətləndirilirdi. Paşinyan seçki kampaniyasında Azərbaycanla sülhə nail olmaq, Türkiyə ilə münasibətləri normallaşdırmaq və Avropa İttifaqı ilə əlaqələri daha da gücləndirmək vədləri ilə çıxış edib.

CNN xatırladır ki, ABŞ Prezidenti Donald Tramp da seçki ərəfəsində Paşinyana açıq dəstək nümayiş etdirib.

“Tramp “Truth Social” platformasında paylaşdığı mesajda Nikol Paşinyanın yenidən seçilməsi üçün ona “tam və qeyd-şərtsiz dəstək” verdiyini bildirib. ABŞ Prezidenti yazıb ki, Paşinyanın köməyi ilə ABŞ, Ermənistan, Cənubi Qafqaz və Mərkəzi Asiya yeni inkişaf mərhələsinə qədəm qoya bilər.

Tramp həmçinin Ermənistan və Azərbaycanı danışıqlar masasına gətirmək istiqamətində səylər göstərdiyini vurğulayıb. Tərəflər arasında mümkün razılaşmanın elementlərindən biri Ermənistan ərazisindən keçəcək və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) (Zəngəzur dəhlizi-red.) adlandırılan nəqliyyat dəhlizi ilə bağlı ABŞ-yə xüsusi hüquqların verilməsini nəzərdə tutur”, - deyə müəllif bildirib.

Nəşr yazır ki, Ermənistanın Qərbə doğru yönəlməsi Kremlin narazılığına səbəb olub. Seçkilər ərəfəsində Rusiya Ermənistan məhsullarına, o cümlədən təzə meyvə, çiçək və spirtli içkilərin idxalına müxtəlif məhdudiyyətlər tətbiq edib.

CNN bunu Moskvanın İrəvana göndərdiyi açıq siyasi siqnal kimi qiymətləndirir. Məqalədə Rusiya Prezidenti Vladimir Putinin seçkilərdən əvvəl Ermənistanın Avropa ilə yaxınlaşmasına dair xəbərdarlıqları da xatırladılır.

“Putin çıxışlarının birində erməni xalqı ilə xüsusi münasibətlərdən danışarkən Ukraynanın Avropa İttifaqına inteqrasiya cəhdlərini nümunə göstərərək bunun nəticələrinə diqqət çəkib.

Son illərdə Ermənistan tədricən Rusiyanın təsir dairəsindən uzaqlaşmağa çalışır. Paşinyan hökuməti Avropa İttifaqına inteqrasiya istiqamətində islahatlar həyata keçirir və ötən ay ilk Ermənistan-Avropa İttifaqı sammiti keçirilib. Bundan başqa, Ermənistanın Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul etməsi də Moskvanın narazılığına səbəb olan addımlardan biri kimi göstərilir”, - deyə məqalədə qeyd edilib.

CNN yazır ki, Paşinyan bununla yanaşı Rusiya ilə münasibətləri tam qoparmamağa da çalışır.

Məqalədə xatırladılır ki, Ermənistanın Baş naziri aprel ayında Moskvaya səfər edib, Vladimir Putinlə görüşüb və iyunun 1-də, doğum günündə Rusiya Prezidenti ilə telefon danışığı aparıb.

Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə baş analitiki Coşua Kuçera CNN-ə bildirib ki, Paşinyan çoxvektorlu siyasət aparmağa çalışır.

Onun sözlərinə görə, Ermənistan rəsmiləri Rusiyadan təhlükəsizlik asılılığını azaltmağa çalışsalar da, Moskva ilə yaxşı münasibətləri qorumaq niyyətində olduqlarını bəyan edirlər.

Kuçera hesab edir ki, seçkilərdən sonra Rusiyanın Ermənistana qarşı sərt mövqeyi müəyyən qədər yumşala bilər.

Erməni tarixçi Vahram Ter-Matevosyan isə CNN-ə açıqlamasında bildirib ki, Avropa ilə daha dərin inteqrasiya Ermənistan üçün asan proses olmayacaq.

Onun sözlərinə görə, Kremlin mesajı ondan ibarətdir ki, Rusiyanın maraqları nəzərə alınmadan seçilən Avropa yolunun müəyyən qiyməti var. Eyni zamanda erməni ekspert qeyd edib ki, Ermənistan hökuməti Avropa ilə əməkdaşlığı genişləndirsə də, bunun praktiki nəticələri hələ tam hiss olunmur.

“Qarabağda baş verən hadisələrdən sonra erməni cəmiyyətində Avropaya münasibət də əvvəlki qədər birmənalı deyil”, - deyə o bildirib.

CNN məqaləsinin sonunda qeyd edir ki, Paşinyanın bundan sonra öz siyasi gündəliyini necə həyata keçirəcəyi, xüsusilə də Azərbaycanın tələb etdiyi konstitusiya dəyişikliklərini necə irəli aparacağı hələlik qeyri-müəyyəndir.

Nəşr vurğulayır ki, eyni zamanda rusiyameyilli müxalifət qüvvələri seçkilərdə pozuntuların baş verdiyini iddia edir və hazırda Ermənistan üçün əsas suallardan biri müxalifətin nəticələrə etiraz edib-etməyəcəyidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin