Ordu.az xəbər verir ki, bunu Rusiyalı siyasi analitik Sergey Markedono Rusiyanın “Kommersant” qəzetində dərc olunan “Üfüqdən kənarda” adlı məqaləsində yazıb.
Markedonov qeyd edib ki, seçkilər ərəfəsində əsas suallar Nikol Paşinyanın hakimiyyətdə qalacağı, Ermənistanın Avropa və ya Avrasiya istiqamətini seçəcəyi, həmçinin Azərbaycanla sülh və Türkiyə ilə münasibətlərin normallaşmasının sürətlənib-sürətlənməyəcəyi ilə bağlı idi.
Onun sözlərinə görə, seçkilərdən sonra bu suallara tam cavab almaq mümkün olmayıb.
Analitik hesab edir ki, ilk baxışdan “Vətəndaş Müqaviləsi” partiyasının və şəxsən Nikol Paşinyanın qələbəsi şübhə doğurmur.
Markedonov yazır ki, postsovet Ermənistanında görünməmiş inzibati resurslardan istifadə və müxalifətə təzyiqlər bir kənara qoyulsa belə, Paşinyanın xüsusilə kəndlərdə və kiçik şəhərlərdə müəyyən dəstək bazası qalmaqdadır.
“Vətəndaş Müqaviləsi” partiyası 2021-ci ildə olduğu kimi hökuməti təkbaşına formalaşdıra biləcək. Lakin partiya əvvəlki seçkilərlə müqayisədə on mandat az qazanacaq və bu, konstitusion çoxluğun itirilməsi deməkdir.
Bu vəziyyət gələcəkdə konstitusiya dəyişiklikləri ilə bağlı problemlər yarada bilər. Bununla yanaşı, hakimiyyət həm daxili siyasətdə, həm də Moskva, Ankara və Bakı ilə münasibətlərdə daha geniş manevr imkanları əldə edir”, - deyə o qeyd edib.
Rusiyalı ekspert müxalifət düşərgəsində də vəziyyətin birmənalı olmadığını bildirib.
Onun sözlərinə görə, Paşinyan son səkkiz il ərzində öz siyasi legitimliyini “keçmişlər” adlandırdığı qüvvələrə qarşı mübarizə üzərində qurub.
Markedonov hesab edir ki, “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyan faktiki olaraq cəmiyyətdə mövcud olan “üçüncü qüvvə” tələbatını reallaşdırıb.
“Karapetyan Ermənistan müxalifətinin yenidən formalaşdırılması prosesini həyata keçirərək Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” blokunun yerini tutmağa başlayıb.
“Üçüncü qüvvə”nin gələcəkdə də eyni təsiri saxlayacağına zəmanət yoxdur, lakin bu rol uğrunda artıq çox ciddi iddia ortaya qoyulub”, - deyə Markedonov vurğulayıb.
Onun fikrincə, seçkilər Ermənistanın milli-dövlət konsepsiyası ilə bağlı əsas problemləri aradan qaldırmayıb, əksinə onları daha da qabardıb.
Markedonov yazır ki, “Miatsum” ideyası artıq əvvəlki təsir gücünə malik deyil, Paşinyanın irəli sürdüyü “Real Ermənistan” konsepsiyası isə cəmiyyəti birləşdirmək əvəzinə daha çox qütbləşdirir.
Analitik hesab edir ki, erməni cəmiyyəti və siyasi sinfi parçalanmış vəziyyətdə qalır, müxtəlif qrupların ölkənin gələcəyi və onun dünyadakı yeri barədə təsəvvürləri bir-birindən ciddi şəkildə fərqlənir.
“Seçkilər başa çatıb, lakin hər kəsin öz Ermənistanı uğrunda mübarizəsi davam edir”, - deyə Markedonov məqaləsini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az