FT: Tramp və Netanyahu arasında İran məsələsində fikir ayrılığı yaranıb

2026/06/1780591631.jpg
Oxunub: 221     20:54     09 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında İranla bağlı məqsədlərin fərqlənməsi səbəbindən münasibətlərdə gərginlik yaranıb.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Məlumata görə, Tramp nəşrə müsahibəsində Netanyahu ilə fikir ayrılıqlarını açıq şəkildə dilə gətirib.

“Burada bütün qərarları mən verirəm. Bütün qərarları mən qəbul edirəm. Netanyahu burada heç nə müəyyən etmir”, - deyə ABŞ Prezidenti bildirib.

Jurnalistin Netanyahunun sonda İranla razılaşmaya getməyə məcbur olub-olmayacağı barədə sualına Tramp “Onun başqa seçimi olmayacaq” cavabını verib.

Nəşrin məlumatına görə, fikir ayrılıqları ABŞ və İsrailin uzunmüddətli maraqlarının fərqlənməyə başlaması fonunda yaranıb.

Bildirilir ki, Tramp Yaxın Şərqdəki münaqişəni mümkün qədər tez nizamlamaq və noyabr ayında keçiriləcək Konqres seçkiləri ərəfəsində yanacaq qiymətlərini nəzarətdə saxlamaq üçün daxili siyasi təzyiqlərlə üzləşir.

Məlumata görə, Netanyahu isə İsrail daxilində artan tənqidlərə məruz qalır. Müxalifət onu hərbi əməliyyatların əvvəlində elan etdiyi məqsədlərə nail ola bilməməkdə ittiham edir.

Ağ Evin nümayəndəsinin sözlərinə görə, Tramp və Netanyahu bazar ertəsi telefon danışığı aparıblar. Bundan sonra Yaxın Şərqdə hərbi əməliyyatların intensivliyi azalmağa başlayıb.

Məlumatda qeyd olunur ki, bu hadisə İsrail və İran arasında aprel ayında qüvvəyə minmiş kövrək atəşkəsdən sonra baş verən ən genişmiqyaslı raket mübadiləsindən sonra yaşanıb.

Eyni zamanda vurğulanır ki, Netanyahu yenidən Trampın mövqeyinə zidd addımlar atmağa hazır olduğunu nümayiş etdirib və ABŞ Prezidentini sosial şəbəkələrdə həm İsrailə, həm də İrana açıq şəkildə “dərhal atəşi dayandırmağa” çağırmağa məcbur edib.

ABŞ müdafiə qurumunun nümayəndəsi bildirib ki, son sutka ərzində İran ərazisinə endirilən İsrail zərbələrində ABŞ qüvvələri iştirak etməyib.

Bununla belə, ABŞ tərəfi İsraildə yerləşdirilmiş öz hərbi kontingentinin müdafiəsi məqsədilə raketdən müdafiə sistemlərini işə saldığını təsdiqləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Netanyahu   İran  


Bizi "telegram"da izləyin