“TR Mekatronik”in hazırladığı 6 lüləli top KAAN-ın atəş gücünü artıracaq - VİDEO

2026/06/Ekran-1781020675.jpg
Oxunub: 313     19:54     09 İyun 2026    
“TR Mekatronik” şirkəti milli döyüş təyyarəsi KAAN üçün hazırlanan və 95 faizdən çox yerli komponentlərdən ibarət olan 6 lüləli 20 mm çaplı top sistemi üzərində işləri və sınaqları davam etdirir.

Ordu.az xəbər verir ki, bu barədə “TR Mekatronik” şirkətinin baş direktoru Fatih Çevik “Defensehere” portalına açıqlamasında məlumat verib.

Bildirilib ki, şirkətin orta çaplı silah sistemləri sahəsindəki mühəndislik imkanlarını nümayiş etdirən yeni sistem daha əvvəl ATAK helikopteri üçün hazırlanmış 3 lüləli top sistemindən əldə olunan təcrübə əsasında yaradılıb.

Fatih Çevik qeyd edib ki, yeni sistem ATAK helikopterində istifadə edilən top bazasında hazırlanıb. Onun sözlərinə görə, əvvəlki sistemdə dəqiqədə 750 atəş açmaq mümkün olduğu halda, yeni sistemdə bu göstərici 2000 atəşə çatdırılıb.

Baş direktor vurğulayıb ki, sistem inteqrasiya ediləcəyi platformaların tələblərinə uyğun olaraq təkmilləşdirilə və ya fərqli göstəricilərə uyğunlaşdırıla bilər. O bildirib ki, həmin silah üzərində hava hücumundan müdafiə sistemləri üçün də iş aparılır və bu versiyada dəqiqədə 3000-dən çox atəş sürətinə nail olunması nəzərdə tutulur.

Çevik sistemin tamamilə orijinal konstruksiyaya malik olduğunu və yüksək yerlilik səviyyəsi ilə hazırlandığını qeyd edib.

Onun sözlərinə görə, xarici analoqlar mövcud olsa da, onların alınması və ixracı zamanı müxtəlif məhdudiyyətlərlə qarşılaşmaq mümkündür. Yerli istehsal isə bu məhdudiyyətləri aradan qaldırır.

Baş direktor KAAN-a inteqrasiya prosesi barədə danışarkən bildirib ki, sistem üzərində təxminən bir il yarımdır yerüstü sınaqlar aparılır və əsas məqsəd olan dəqiqədə 2000 atəş göstəricisinə artıq nail olunub.

O əlavə edib ki, top sisteminin geri təpmə təsirləri də ətraflı şəkildə təhlil olunub. KAAN-a ötürüləcək yüklərin azaldılması məqsədilə xüsusi geri təpmə mexanizmləri hazırlanıb və onların təsdiqləyici sınaqları uğurla həyata keçirilib.

“Sınaqlardan əldə edilən bütün məlumatlar mütəmadi olaraq TUSAŞ mütəxəssislərinə ötürülür və təyyarə üzərində müxtəlif konstruktiv analizlər aparılır. Birgə iş nəticəsində optimal nəticə əldə olunub.

Layihənin mühüm mərhələsi artıq geridə qalıb və növbəti mərhələdə diqqət təyyarə üzərində həyata keçiriləcək sınaqlara yönəldiləcək”, - deyə Fatih Çevik qeyd edib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TR-Mekatronik   KAAN  


Bizi "telegram"da izləyin