BKS-də böhran: Həll olunmayan sızmalar astronavtların təxliyə hazırlığına səbəb olub

2026/06/1781000500.jpg
Oxunub: 233     14:27     09 İyun 2026    
Yer səthindən təxminən 400 kilometr yüksəklikdə saatda 28 min kilometr sürətlə orbitdə hərəkət edən Beynəlxalq Kosmik Stansiya (BKS) üçün ən böyük təhlükə meteorit və ya kosmik tullantılar deyil, onun öz gövdəsində yaranan mikroskopik çatlaqlardır.

Ordu.az xəbər verir ki, Rusiyaya məxsus “Zvezda” xidmət modulunda 2019-cu ilin sentyabrından etibarən fasilələrlə qeydə alınan hava sızmaları çoxsaylı müdaxilələrə baxmayaraq hələ də tam aradan qaldırılmayıb.

Ötən həftə NASA-nın astronavtlara təcili təxliyə hazırlığı göstərişi verməsindən sonra məsələ yenidən gündəmin əsas mövzularından birinə çevrilib. NASA cümə günü BKS-də xidmət edən beş astronavta təcili təxliyə prosedurlarını işə salmağı əmr edib. Göstəriş “Zvezda” modulundakı xroniki hava sızmalarının aradan qaldırılması məqsədilə aparılan növbəti təmir işlərindən sonra verilib.

NASA-nın tapşırığına əsasən astronavtlar stansiyaya birləşdirilmiş “SpaceX Crew Dragon” kosmik gəmisinə keçərək təcili ayrılmağa hazır vəziyyətə gətiriliblər. Lakin onlar stansiyanı faktiki olaraq tərk etməyiblər. “Roskosmos”un struktur təmiri işlərini dayandırmasından sonra NASA açıqlama yayaraq bu qərarı “qətiyyətlə dəstəklədiyini” bildirib. Bundan sonra astronavtlar təhlükəsiz sığınacaq rejimini dayandıraraq normal fəaliyyətə qayıdıblar.

İllərdir davam edən sızma problemi

“Zvezda” modulunda müşahidə olunan sızmalar 2019-cu ilin sentyabrından bəri davam edir. Mühəndislər problemin modulun konstruksiyasında yaranmış mikroskopik çatlarla bağlı olduğunu düşünürlər.

Rus kosmonavtları çatları dəfələrlə yoxlayaraq sızdırmazlıq işləri aparsalar da, qalıcı həll tapmaq mümkün olmayıb. Son müdaxilə zamanı “Roskosmos” sızdırmazlaşdırıcı maddə tətbiq edilmiş sahələri yenidən yoxlayıb, əlavə ölçmələr aparıb və məlumatların təhlilini həyata keçirib.

“Roskosmos” ekipajın təhlükəsizliyini və ya sistemlərin fəaliyyətini təhdid edən vəziyyətin olmadığını bildirsə də, astrofizik Conatan Makdauell “Scientific American” nəşrinə açıqlamasında risklərin davam etdiyini vurğulayıb. “Əsas narahatlıq odur ki, kiçik bir çat qəfil şəkildə fəlakətli ölçülərə çata bilər. Bu ehtimal aşağıdır, amma mümkünsüz deyil. Belə bir ssenari stansiyanın və ekipajın itirilməsi ilə nəticələnə bilər”, - deyə o bildirib.

Yer səthindən təxminən 400 kilometr yüksəklikdə və saatda 28 min kilometr sürətlə hərəkət edən orbital laboratoriyada yaranan istənilən struktur bütövlüyü problemi potensial təhlükə hesab olunur.

NASA ilə “Roskosmos” arasında fikir ayrılıqları

Son hadisələr NASA ilə “Roskosmos” arasındakı mürəkkəb əməkdaşlığı yenidən gündəmə gətirib. Kosmik yarış dövründə rəqib olan iki ölkənin kosmik agentlikləri onilliklərdir BKS-ni birlikdə idarə etsələr də, stansiyanın gələcəyi ilə bağlı qərarlarda zaman-zaman fikir ayrılıqları yaranır.

Hazırkı plana əsasən, BKS 2031-ci ildə orbitdən çıxarılacaq və Yer atmosferində yanaraq məhv ediləcək. Bununla da kosmos tarixinin 30 ildən artıq davam edən ən böyük beynəlxalq əməkdaşlıq layihələrindən biri başa çatacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BKS   Böhran   NASA  


Bizi "telegram"da izləyin