Pakistan J-35 qırıcılarının ilk xarici müştərisi olub

2026/06/1780995408.jpg
Oxunub: 292     13:00     09 İyun 2026    
Pakistan Çinin hazırladığı beşinci nəsil J-35 görünməz döyüş təyyarəsinin ilk xarici istifadəçisi olmağa hazırlaşır.

Ordu.az xəbər verir ki, iki ölkə arasında imzalanan ilkin əməkdaşlıq sazişi çərçivəsində Pakistan Hərbi Hava Qüvvələri 40 ədədədək J-35 döyüş təyyarəsi əldə edəcək.

Məlumata görə, razılaşma yalnız döyüş təyyarələrini deyil, həm də KJ-500 Havadan Erkən Xəbərdarlıq və İdarəetmə təyyarələri ilə HQ-19 hava hücumundan müdafiə sistemlərini əhatə edən genişmiqyaslı modernləşdirmə paketinin tərkib hissəsi hesab olunur.

Pakistan rəsmiləri proqramın ölkənin hava qüvvələri üçün yeni dövrün başlanğıcı olduğunu bildiriblər.

Onların sözlərinə görə, ilk pilotların hazırlığı artıq Çində başlayıb və ilk təyyarələrin yaxın dövrdə təhvil verilməsi planlaşdırılır.

J-35 tədarükü Pakistan Hərbi Hava Qüvvələrinin tarixində həyata keçirilən ən mühüm modernləşdirmə addımlarından biri hesab olunur. Pakistan hazırda Çinlə birgə hazırlanmış JF-17 “Thunder” və Çin istehsalı J-10CE döyüş təyyarələrindən istifadə edir.

J-35-lərin silahlanmaya qəbulundan sonra Pakistan ilk dəfə aşağı radara görünmə xüsusiyyətlərinə malik beşinci nəsil döyüş təyyarəsi imkanına sahib olacaq. Razılaşma reallaşacağı təqdirdə Pakistan eyni zamanda J-35 platformasının ilk beynəlxalq istifadəçisi kimi Çin aviasiya sənayesinin ixrac tarixində mühüm mərhələyə imza atacaq.

“Shenyang Aircraft Corporation” tərəfindən hazırlanan J-35, Çinin J-20-dən sonra istehsal etdiyi ikinci beşinci nəsil döyüş təyyarəsi hesab olunur. İki mühərrikli platforma aşağı radara görünməni təmin edən korpus quruluşu, daxili silah bölmələri, qabaqcıl sensor birləşdirmə sistemləri və şəbəkə mərkəzli döyüş imkanları ilə diqqət çəkir.

Təxminən 17,3 metr uzunluğa və 11,5 metr qanad açıqlığına malik olan J-35-in maksimal qalxma çəkisinin 28 ton olduğu bildirilir. Art yandırıcılı iki turbofan mühərriki ilə təchiz olunan təyyarənin maksimal sürətinin “Mach 1,8” səviyyəsinə çatdığı qeyd edilir.

Platforma “hava-hava” raketləri, yer hədəflərinə qarşı istifadə olunan sursatlar və anti-radar raketlərini daxili silah bölmələrində daşıya bilir. Bu xüsusiyyət ona güclü hava hücumundan müdafiə sistemləri ilə qorunan ərazilərdə belə aşağı görünürlüğünü qoruyaraq əməliyyat icra etməyə imkan verir.

J-35 proqramının əsası 2010-cu illərin əvvəlində hazırlanmış FC-31 “Gyrfalcon” prototipinə dayanır.

“Shenyang Aircraft Corporation” tərəfindən hazırlanmış FC-31 ilk uçuşunu 2012-ci ildə həyata keçirib. Əvvəlcə ixrac bazarına yönəlmiş layihə kimi təqdim olunan FC-31 sonradan Çin Hərbi Dəniz Qüvvələrinin yeni nəsil aviadaşıyıcıları üçün beşinci nəsil döyüş təyyarəsinə olan ehtiyacı səbəbindən yenidən işlənərək J-35 proqramına çevrilib.

Xüsusilə elektromaqnit katapult sistemi ilə təchiz edilən “Fujian” aviadaşıyıcısının inkişafı zamanı platforma ciddi şəkildə modernləşdirilib. Təyyarənin uçuş sınaqları və qiymətləndirmə prosesləri uzun müddətdir davam edir. Son illərdə yayımlanan görüntülər və rəsmi açıqlamalar onun seriyalı istehsala və xidmətə qəbul mərhələsinə yaxınlaşdığını göstərir.

Proqramın diqqətçəkən cəhətlərindən biri də J-35 təyyarələrinin digər qabaqcıl Çin sistemləri ilə birlikdə alınmasıdır. KJ-500 Havadan Erkən Xəbərdarlıq və İdarəetmə təyyarələri fazalı anten sistemləri sayəsində uzaq məsafədən hava müşahidəsi və hədəf aşkarlanması imkanları təqdim edir.

HQ-19 sistemi isə ballistik və qanadlı raketlərə qarşı yüksək hündürlükdə məhv etmə tapşırıqları üçün hazırlanıb. Pakistanın beşinci nəsil döyüş təyyarəsi əldə etməsi regiondakı əsas rəqibi olan Hindistan tərəfindən də diqqətlə izlənilir. Hindistan son illərdə “Rafale” döyüş təyyarələrini silahlanmaya qəbul edib və eyni zamanda AMCA proqramı çərçivəsində öz beşinci nəsil döyüş təyyarəsini hazırlamağa çalışır.

Bu səbəbdən Pakistanın J-35 əldə etməsi Cənubi Asiyada hava üstünlüyü uğrunda rəqabətdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   J-35  


Bizi "telegram"da izləyin