Ordu.az xəbər verir ki, bu barədə TMSF tərəfindən yayımlanan satış elanında bildirilib.
Məlumata görə, “ASSAN Group” Ticarət və İqtisadi Bütövlüyünə şirkətin müdafiə sənayesi fəaliyyətlərinə ayrılmış daşınmaz əmlakları, maşın və avadanlıqları, inventarları, lizinq çərçivəsindəki aktivləri, ticarət nişanları, domen adları və tərəf olduğu müqavilələr daxildir.
Elana əsasən, sözügedən bütövlük üçün müəyyən edilən ilkin satış qiyməti 416 milyon 500 min ABŞ dolları təşkil edir. Hərracda iştirak etmək istəyən investorların isə 41 milyon 650 min ABŞ dolları məbləğində təminat təqdim etmələri tələb olunur.
Hərrac qapalı zərf və açıq artırma üsullarının birlikdə tətbiqi ilə keçiriləcək. Təkliflərin təqdim olunması üçün son tarix 2026-cı il iyulun 7-si saat 16:00 olaraq müəyyən edilib. Hərrac isə 2026-cı il iyulun 8-də TMSF-nin İstanbulun Esentepe rayonunda yerləşən baş qərargahında keçiriləcək.
Qeyd edək ki, “ASSAN Group” müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərdən biridir. Şirkət sursatlar, raketlər və energetik sistemlər başda olmaqla müxtəlif hərbi məhsulların hazırlanması və istehsalı ilə Türkiyənin müdafiə sənayesi ekosistemində yer alır.
Xatırladaq ki, daha əvvəl İstanbul Baş Prokurorluğu tərəfindən FETÖ ilə əlaqədə olmaq və hərbi casusluq fəaliyyəti göstərməkdə ittiham edilən “ASSAN Group”un sahibi Emin Öner, şirkətin baş direktoru Gürcan Okumuş və daha üç nəfər saxlanılaraq həbs edilmişdi.
Şirkətlərlə bağlı aparılan istintaq çərçivəsində dördü həbsdə olmaqla beş şübhəli şəxs barəsində 10 ildən 36 ilədək azadlıqdan məhrumetmə tələbi ilə ittiham aktı hazırlanmışdı. İttiham aktında Türkiyə Milli Müdafiə Nazirliyi, MKE, TÜBİTAK və TMSF “zərərçəkmiş tərəf” kimi göstərilmiş, 13 şirkətin isə “maddi məsul tərəf” olduğu qeyd edilmişdi.
Sənəddə Emin Önerin adına qeydiyyatda olan telefon nömrələrinin araşdırılması zamanı FETÖ-nün yüksək vəzifəli şəxslərindən olan Cemil Koca və Hüseyn Saruhanla əlaqələrinin müəyyən edildiyi bildirilmişdi. Bundan əlavə, telefon xəttləri üzərindən təşkilatın məxfi xidmətlərində istifadə edilən əməliyyat nömrələri ilə ardıcıl əlaqələrin aşkarlandığı qeyd olunmuşdu.
İttiham aktında Önerin mobil telefonunun HTS analizində eyni cinayət işi çərçivəsində adı keçən 113 nəfər və 22 ByLock istifadəçisi ilə 2025-ci ilə qədər davam edən əlaqələrinin müəyyən edildiyi də göstərilmişdi. Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) hesabatlarında isə Öner və ona bağlı şirkətlərin FETÖ üzvlüyü ilə bağlı qeydiyyatda olan şəxslərlə intensiv maliyyə əməliyyatları həyata keçirdiyi bildirilmişdi.
İttiham aktında həmçinin qeyd olunmuşdu ki, Emin Öner “ASSAN Group”a bağlı şirkətlərin ortağı və rəhbəri kimi dövlət təhlükəsizliyi ilə bağlı sənədlərin əldə olunmasında əsas şübhəli şəxs hesab edilir.
Sənədə görə, onun rəhbərlik etdiyi təşkilat vasitəsilə MKE, TÜBİTAK və Milli Müdafiə Nazirliyi kimi qurumlarda ölkə təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyan layihələrdə çalışan dövlət qulluqçuları “ASSAN Group”da işə götürülüb və sonradan onların malik olduğu məlumatlardan istifadə edilib.
Bu səbəbdən Emin Öner üçün “silahlı terror təşkilatına üzv olmaq” və “dövlət təhlükəsizliyinə aid sənədləri qəsdən məhv etmək, təyinatından kənar istifadə etmək, dələduzluq yolu ilə əldə etmək və oğurlamaq” maddələri üzrə 17 il 6 aydan 36 ilədək həbs cəzası istənilmişdi.
Digər şübhəlilər Ali Avcı, Gürcan Okumuş, İsmet Sayhan və Mesut Ateş barəsində isə eyni ittihamlar üzrə 10 ildən 21 ilədək həbs cəzası tələb olunmuşdu.
Sevinc Əliyeva
Ordu.az