Ordu.az xəbər verir ki, bu barədə yerli müşahidələrə əsaslanan görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, Rusiyanın planerləşdirilmiş aviasiya bombasının aşırdığı ağacın içərisində aşkarlanan kiçik quş yuvasının Pilotsuz Uçuş Aparatı (PUA) əməliyyatlarında istifadə olunan fiber-optik kabellərlə hörüldüyü müəyyən olunub.
Görüntülər ukraynalı vətəndaş cəmiyyəti nümayəndəsi və korrupsiyaya qarşı fəal Olena Trequb tərəfindən “X” sosial şəbəkəsində paylaşılıb. O bildirib ki, fotolar fotoqraf Oleq Malçenko tərəfindən çəkilib və onları “postapokaliptik quş yuvası” adlandırıb.

Mütəxəssislərin fikrincə, Rusiya-Ukrayna müharibəsinin ətraf mühitə təsirinin ən diqqətçəkən nümunələrindən biri geniş ərazilərə səpələnmiş fiber-optik kabel qalıqlarıdır. Hər iki tərəf radioelektron mübarizə sistemlərindən təsirlənməyən və operatorla əlaqəni fiziki fiber-optik xətt vasitəsilə saxlayan PUA-lardan geniş istifadə edir.
Bu sistemlərdə operator və PUA arasında məlumat ötürülməsi nazik fiber-optik kabellər vasitəsilə həyata keçirilir. Əməliyyatlar zamanı kilometrlərlə uzunluqda olan bu kabellər əraziyə səpələnir və zaman keçdikcə tarlalarda, meşəlik sahələrdə və döyüş bölgələrində toplanır.
Görünür, müharibənin yaratdığı bu texnoloji tullantılar bəzi quş növləri tərəfindən yeni yuva materialı kimi istifadə olunmağa başlanıb.
Mütəxəssislər hələlik belə yuvaların nə dərəcədə geniş yayıldığı ilə bağlı araşdırma dərc etməyiblər. Bununla belə, quşların ətraf mühitdə tapdıqları materiallardan yaradıcı şəkildə istifadə etmələri uzun müddətdir müşahidə olunan davranış hesab edilir.
Sevinc Əliyeva
Ordu.az