Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
“Bazar günü keçirilən seçkilərdən sonra ən faciəvi fakt, yəqin ki, “Çiçəklənən Ermənistan” Partiyasının parlamentə düşməməsidir. Bunun üçün partiyaya cəmi 60-a yaxın səs çatmayıb”, - deyə qəzet qeyd edib.
Nəşr xatırladır ki, 2021-ci il seçkilərində də partiyanın keçid həddini aşması üçün təxminən 1800 səs çatışmamışdı.
“Lakin bu dəfə “Çiçəklənən Ermənistan” Partiyasının parlamentə keçib-keçməməsi faktı “Vətəndaş Müqaviləsi” üçün daha mühüm əhəmiyyət daşıyır. Məsələ ondadır ki, səslərin 49 faizini toplamış “Vətəndaş Müqaviləsi” partiyası “Çiçəklənən Ermənistan” parlamentə keçmədiyi halda konstitusiya çoxluğu əldə edə bilər. Belə olan halda həmin partiyaya verilmiş səslər itəcək və “Vətəndaş Müqaviləsi”nin payına düşəcək. “Çiçəklənən Ermənistan”la bağlı yayılan ziddiyyətli nəticələrin sirri də məhz burada gizlənir”, - deyə məqalədə bildirilir.
Qəzet iddia edir ki, əldə etdiyi məlumatlara əsasən, əslində Qaqik Tsarukyanın rəhbərlik etdiyi siyasi qüvvə keçid həddini aşıb.
“Mənbələrimizdən öyrəndik ki, əslində Qaqik Tsarukyanın rəhbərlik etdiyi qüvvə keçid baryerini keçib. Lakin hakimiyyət dairələrindən ona belə bir razılaşma təklif olunub: parlamentə daxil olacaq, əvəzində isə Paşinyanın cib müxalifətinə çevriləcək və zərurət yarandıqda onun üçün 3/5 səs çoxluğunu təmin edəcək. Məsələn, konstitusion əhəmiyyətli qurumların rəhbərlərinin və üzvlərinin seçilməsi zamanı”, - deyə nəşr yazıb.
“Hraparak”ın iddiasına görə, “Vətəndaş Müqaviləsi” partiyası “Çiçəklənən Ermənistan”ın parlamentə keçəcəyi halda bu imkandan məhrum olur, çünki ona iki mandat çatışmır.
“Lakin Tsarukyan bu təklifi rədd edib. Bundan sonra Mərkəzi Seçki Komissiyası “Çiçəklənən Ermənistan”ın keçid baryerini aşmadığını elan edib”, - deyə qəzet vurğulayıb.
Nəşr əlavə edib ki, sonradan partiyanın mətbuat katibi İveta Tonoyan da “müxtəlif riyazi hoqqabazlıqlara” eyham vurub.
Alpər Mövludoğlu
Ordu.az