“SpaceX” mühərriklərinin yaradıcısı Tom Müller orbitdə çatdırılma xidməti qurur

2026/06/1780981529.jpg
Oxunub: 213     09:14     09 İyun 2026    
“SpaceX” raket mühərriklərinin əsas memarlarından biri olan Tom Müller tarixdə ilk “kosmik çatdırılma xidməti”ni yaratmağa çalışır.

Ordu.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

65 yaşlı mühəndis bildirib ki, bəşəriyyət mövcud inkişaf tempini qoruyarsa, bir gün bütün metal və enerji resursları tükənə bilər. Onun sözlərinə görə, xüsusilə süni zəka üçün nəzərdə tutulan məlumat mərkəzlərinin enerji tələbatı ciddi narahatlıq doğurur.

Müller hesab edir ki, təxminən 2045-ci ildə bəşəriyyətin istehsal etdiyi bütün enerji yalnız hesablama əməliyyatlarına sərf oluna bilər və eksponensial artım Yer kürəsinin resurslarına ağır təzyiq göstərəcək.

O qeyd edib ki, Ayda və Yerə yaxın asteroidlərdə milyardlarla ton metal, silisium, su və buz ehtiyatları mövcuddur və gələcəkdə bu resurslardan istifadə edilməlidir.

Mühəndisin 2021-ci ildə təsis etdiyi “Impulse Space” şirkəti məhz bu məqsədə xidmət edir. Şirkətin qərargahı ABŞ-nin Redondo-Biç şəhərində yerləşir.

Əgər bu gün “SpaceX” kosmik buraxılışlar bazarında dominant mövqedədirsə, “Impulse Space” raketlərin yükü orbitə çıxarmasından sonra baş verən mərhələyə, “kosmosdaxili mobillik” sahəsinə liderlik etməyi hədəfləyir.

Şirkət peyklərin, müxtəlif yüklərin və gələcəkdə insanların orbitlər arasında daşınmasını təmin etməyi planlaşdırır. Müllerə məxsus kosmik aparatların Yer səthindən buraxılması nəzərdə tutulmur. Onlar “SpaceX” kimi üçüncü tərəf raket daşıyıcıları ilə orbitə çıxarılacaq və ayrıldıqdan sonra yükü müxtəlif orbitlərə daşıyacaqlar.

Müller ümid edir ki, gələcəkdə bu kosmik “kuryerlər” Ay, Mars və daha uzaq istiqamətlərə də uçuşlar həyata keçirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SpaceX   Tom-Müller  


Bizi "telegram"da izləyin