Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, bəlkə də Paşinyan yolların açılması məsələsinin sülh sazişindən kənarda qaldığını bəyan etməklə, erməni xalqının başının altına yumşaq yastıq qoyduğunu düşünür.
“Əslində dəhliz mövzusu qızğındır. Absurd olan isə ondan ibarətdir ki, Ermənistana proseslər haqqında sadəcə olaraq yüngül şəkildə məlumat verirlər. Bu yaxınlarda Türkiyənin Ermənistanla əlaqələr üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın Rusiyada xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşdüyü məlum olub.
“Cənubi Qafqazda davamlı sülhə və sabitliyə nail olmaq yolları ilə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb. Hər iki ölkənin yanaşmalarının, o cümlədən “3+3” məsləhətçi regional proqramı çərçivəsində yaxından əlaqələndirilməsinə qarşılıqlı maraq ifadə olunub”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
Bunun ardınca Kılıçın Bakıya, Qaluzinin İrəvana səfəri olub. Azərbaycanda səfərdə olan Kılıç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Azərbaycan tərəfinin məlumatına görə, Ceyhun Bayramov və Kılıç Ermənistan-Azərbaycan sülh prosesini, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesini, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər”, - deyə nəşr bildirib.
Erməni politoloq Suren Surenyants nəşrə açıqlamasında deyib ki, əgər Ermənistan səlahiyyətliləri məsələni sülh sazişindən çıxarmaqla, onun gündəmdən çıxarılması illüziyası yarada biləcəklərini düşünüblərsə, böyük yanılırlar.
“Bu məsələ sadəcə olaraq müqavilədən çıxarılıb və heç kim deməyib ki, müqavilədən tez və ya gec müzakirə olunacaq. Üstəlik, geosiyasi mərkəzləri ancaq bu məsələ maraqlandırır, onu gündəmdən çıxarmaq olmaz, digər məsələlər, münasibətlərin tənzimlənməsi, 2 kəndin hansı ölkənin ərazisində olacağı və s. onları xüsusi maraqlandırmır”, - deyə Surenyants qeyd edib.
O bildirib ki, ABŞ-nin mövqeyi çoxdan məlumdur, onlar dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Braynın ağzı ilə Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək Orta Dəhlizdən danışıblar, Zəngəzur dəhlizi də Orta Dəhlizin tərkib hissəsidir.
Alpər Mövludoğlu
Ordu.az