Ordu.az xəbər verir ki, Türkiyənin idarə etdiyi “MV Aya” ticarət gəmisi Qara dənizdə gəmi əleyhinə supersəs raketi ilə vurulub.
Bildirilir ki, sözügedən gəmi Rusiyanın “Tu-22M3 Backfire” bombardmançı təyyarəsindən atılan “Kh-22” raketi ilə vurulub.
Bundan əlavə, “MV Aya” ticarət gəmisinin Misirə 26 min 550 ton taxıl daşıdığı bildirilir. İlkin məlumatlara görə, hadisə nəticəsində ölən olmayıb.
Ukrayna prezidenti Vladimir Zelenskinin rəsmi “Telegram” hesabında yer alan paylaşımda gəminin Ukrayna ərazi sularını tərk etdikdən dərhal sonra vurulduğu bildirilib.
Bundan əlavə, şahidlərin sözlərinə görə, hadisə sentyabrın 11-də saat 23:05 radələrində, İlan adasından 75 km (46 mil) cənubda baş verib. Beləliklə, gəminin Rumıniyanın Xüsusi İqtisadi Zonasında olduğu zaman hücuma məruz qaldığı anlaşılır.
“Naval News”un xəbərinə görə, “MV Aya” adlı ticarət gəmisi zədələndikdən sonra Konstansa limanına istiqamətini dəyişib və hazırda Rumıniya ərazi sularındadır.
Rusiya sistemli şəkildə Ukraynanın taxıl ixracı infrastrukturuna hücum edib. Bununla belə, Rusiya Qara Dəniz Taxıl Təşəbbüsü başa çatdıqdan sonra kommersiya gəmilərinə hücum etməkdən çəkinib. Eyni zamanda, mülki gəmilər BMT-nin Dəniz Hüququ Konvensiyası (UNCLOS) çərçivəsində də qorunur.
Sevinc Əliyeva
Ordu.az